Dövlət başçısının keçirdiyi müşavirədə nəqliyyat marşrutlarının ölkə üçün böyük əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu gün Özbəkistan Şərqlə Qərbi birləşdirən əsas quru nəqliyyat mərkəzinə çevrilmək üçün geniş potensiala malikdir. Ölkədən 4000 kilometrlik beynəlxalq tranzit dəhlizləri keçir və 4700 kilometrlik dəmir yolu şəbəkəsi mövcuddur. Daşkənd, Nəvai və Namanqanda müasir nəqliyyat və logistika mərkəzləri, quru yük limanları inkişaf etdirilir. Nəvai Hava Limanı Avrasiya hava yollarında mühüm yük mərkəzi kimi xidmət edir.
Bundan əlavə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi və Trans-Əfqanıstan Dəmir Yolu layihəsinin sürətləndirilmiş şəkildə həyata keçirilməsi ölkənin regional və beynəlxalq nəqliyyat sistemindəki mövqeyini daha da gücləndirəcək.
Bu böyük layihələrin nəticəsi olaraq Özbəkistan Sakit okeandan Avropaya ən qısa quru yolunda əsas qovşağa çevriləcək. Yeni dəhlizlər yüklərin çatdırılma müddətini səkkiz günə endirəcək ki, bu da ənənəvi marşrutların tələb etdiyi vaxtın üçdəbir hissəsidir. Bundan əlavə, Pakistanın Karaçi və Qvadar limanları Hind okeanına çıxışı açacaq və təxminən 2 milyard insanın yaşadığı Cənubi Asiya bazarlarına ən sürətli yolu təmin edəcək.
Təqdimatda qeyd edilib ki, ölkənin bu sahədə mövcud potensialından hələ tam istifadə olunmayıb.
Müşavirədə bildirilib ki, Çin və Avropa arasında illik ticarət dövriyyəsi 800 milyard dollar, yükdaşımalarının həcmi isə 120-150 milyon tona çatır. Əgər Özbəkistan ildə əlavə 15-20 milyon ton beynəlxalq tranzit yükü daşıya bilsə, 400-600 milyon dollar çox gəlir əldə edəcək, logistika mərkəzlərinin və terminallarının tikintisinə 3 milyard dollar xarici investisiya cəlb edəcək və 50 min davamlı iş yeri yaradacaq. Bu, iqtisadi artımı 1,5-2 faiz bəndi sürətləndirə bilər. Lakin Özbəkistanın bu tranzit dövriyyəsindəki payı hazırda 1-2 faizi keçmir. 2025-ci ildə tranzit yüklərin həcmi 2021-ci illə müqayisədə 54 faiz artımla 15,3 milyon ton təşkil etsə də, mövcud potensial daha yüksək nəticələr əldə etməyə imkan verir.
Diqqətə çatdırılıb ki, sərhəd keçid məntəqələrinin çoxluğuna baxmayaraq, onların əksəriyyəti beynəlxalq yükləri dərhal qəbul və emal etmək üçün kifayət qədər tutuma malik deyil. Ölkədə beynəlxalq standartlara cavab verən 27 logistika mərkəzi var və onların ümumi tutumu 27,2 milyon tondur. Lakin onlardan yalnız biri “A” kateqoriyalı logistika mərkəzi kimi təsnif edilir. “A” kateqoriyalı avtomatlaşdırılmış anbar kompleksləri mövcud tələbatın yalnız 10-15 faizini ödəyir. Müasir soyuducu və gömrük anbarlarının çatışmazlığı da mövcuddur.
Prezident Mirziyoyev qeyd edib ki, Xanabad şəhəri Çin marşrutunda qapı rolunu oynayaraq Çin-Orta Asiya-Xəzər dənizi-Qafqaz-Avropa, Çin-Orta Asiya-Trans-Əfqan marşrutu və Çin-Orta Asiya-İran tranzit dəhlizlərinə xidmət göstərəcək. Ələt rayonu isə Orta Dəhlizin qapısı olacaq və Çin-Orta Asiya-Xəzər dənizi-Qafqaz-Avropa və Çin-Orta Asiya-İran marşrutlarında ixtisaslaşacaq.
