Bu ölkənin Ədliyyə Nazirliyinin açıqladığı statistikaya əsasən, iyunun 1-nə olan məlumata görə, Fransada 88 min 829 məhbus qeydə alınıb. Bu da ötən illə müqayisədə təxminən 4400 nəfər və ya 5,2 faiz çoxdur.
Eyni dövrdə cəzaçəkmə müəssisələrinin tutumu isə cəmi 1,1 faiz artırılaraq 63 min 237 yerə çatdırılıb. Yer çatışmazlığı səbəbindən 7 608 məhbus döşəməyə sərilmiş döşəklərdə gecələməyə məcbur qalıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz artıb.
Ölkə üzrə həbsxanaların orta doluluq səviyyəsi 140,5 faiz təşkil edib. Qısamüddətli cəza alanların və məhkəməni gözləyən şəxslərin saxlanıldıqları istintaq təcridxanalarında isə doluluq 173,2 faizə çatıb.
Penitensiar xidmət rəsmiləri vəziyyətin müəssisələrin təhlükəsizliyinə və saxlanma şəraitinə ciddi mənfi təsir göstərdiyini bildirirlər. Azadlıqdan məhrumetmə yerlərinə nəzarət üzrə baş müvəkkil Dominik Simonno bu vəziyyəti “penitensiar fəlakət” adlandırıb. Avropa Şurası və BMT də Fransadakı həbsxanalarda həddindən artıq sıxlığın məhbusların fundamental hüquqlarını pozduğunu və qeyri-insani rəftar riski yaratdığını vurğulayıb.
Ədliyyə naziri Jerald Darmanən yeni məhbusların qəbulunun məhdudlaşdırılması mexanizminə qarşı çıxsa da, hökumət 2027-ci ildən etibarən istifadəyə verilməsi nəzərdə tutulan modul tipli cəzaçəkmə müəssisələrində əlavə 3 min yer yaratmağı planlaşdırır. Bu layihə 2018-ci ildə elan olunan 15 min yeni həbsxana yerinin yaradılması proqramının tərkib hissəsidir.
