Bu barədə “Ember” tədqiqat təşkilatının məlumatında deyilir.
Bildirilir ki, hesabat ayında Çində Günəş enerjisi, batareyalar və elektrikli nəqliyyat vasitələrinin ixracı illik müqayisədə 70 faiz artıb. Çin martda 68 giqavat Günəş enerjisi texnologiyası ixrac edib, bu da ötən ilin avqust ayında qeydə alınan əvvəlki rekordu 50 faiz üstələyib. Ümumilikdə 50 ölkə Çindən Günəş enerjisi texnologiyası idxalında yeni rekordlar qırıb. Ən böyük artımlar isə enerji böhranından ən çox təsirlənən Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində qeydə alınıb.
Ekspertlərin fikrincə, fevralın sonlarında Yaxın Şərqdə başlayan münaqişə səbəbindən qlobal neft-qaz axınlarının beşdəbirinin keçdiyi Hörmüz boğazının faktiki olaraq bağlı qalması fonunda yaşanan tarixi neft təchizatı şoku ölkələrin təmiz enerjiyə doğru keçidini sürətləndirib. Günəş enerjisi artıq qlobal iqtisadiyyatın mühərrikinə çevrilib və ənənəvi enerji mənbələrindəki mövcud qiymət şokları onu növbəti səviyyəyə qaldırır. Günəş enerjisi texnologiyası, batareyalar və elektriklə işləyən nəqliyyat vasitələri sektorları Çində “yeni üçlük” adlandırılır və əvvəllər artıma səbəb olan tekstil, məişət texnikası və mebel ixracını əvəz edərək ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verir.
