Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor
Son günlər YAP-ın VIII Qurultayında Prezidentimizin səsləndirdiyi fikirlərin sərhədlərimizdən kənarda müxtəlif müzakirələrə, yozumlara, hətta müəyyən narahatlıqlara səbəb olduğunu görürük. Dostlarımızın, qardaşlarımızın, qonşularımızın və dünyanın müxtəlif yerlərindən bizi izləyən insanların fərqli düşünməsi təbiidir. Fərqli düşünmək münasibətlərin sonu deyil. Yetər ki, bu fərqlilik qarşılıqlı hörmətin sərhədini keçməsin. Mənim üçün isə dəyişməyən bir həqiqət var. Aid olduğum bütün dəyərlərə, genetik və sosial yaddaşımın dünəninə, bu gününə və gələcəyinə qürur və şərəf qazandıran dövlətimin Ali Baş Komandanının sözlərinə hörmət gözləmək. Bu hörmət heç kimdən mənimlə eyni düşünməyi tələb etmir. Sadəcə bizim də öz tariximizə öz yaddaşımızdan baxmaq, yaşadıqlarımızı öz həqiqətlərimizlə dəyərləndirmək haqqımıza hörmət etməyi tələb edir.
Çünki xalqlar yalnız sərhədlərlə deyil, yaddaşla yaşayırlar. Bizim yaddaşımızda Zəfər yalnız siyasi və ya hərbi nəticə deyil. O, şəhidlərimizin əmanəti, illərin həsrətinin sonu, dövlət iradəsinin təntənəsi və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətdir.
Dostluq və qardaşlıq hər məsələdə eyni düşünmək demək deyil. Əsl dostluq məhz fərqli düşündüyümüz anda bir-birimizin milli yaddaşına, həssasiyyətlərinə və ləyaqətinə hörmət edə bilməkdir.
Biz başqasının tarixini kiçiltməklə öz tariximizi böyütmürük. Başqasının qürurunu alçaltmaqla öz qürurumuzu ucaltmağa da ehtiyacımız yoxdur. Eyni münasibəti özümüz üçün gözləmək isə ən təbii haqqımızdır. Bizi anlayanlara da, fərqli düşünənlərə də sözüm birdir: bizi keçdiyimiz yolla, yaşadığımız tarixlə və daşıdığımız yaddaşla anlamağa çalışın.
Bu, əvvəlcə bir xahişdir. Anlamağa və qarşılıqlı hörmətə çağırışdır. Lazım gəldikdə isə bir tələbdir:
"Ən əsası isə Dövlətimin tarixinə, Zəfərinə, qüruruna və Rəhbərinə hörmət edin."
