![]()
Şuşanın Cıdır düzü kimi tarixi əhəmiyyət daşıyan məkanlarında qayaların üzərinə müxtəlif adların və yazıların həkk olunması Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin qazisi Asim Əliyevi də narahat edir.
Döyüşlərin iştirakçısı olan qazi hesab edir ki, Vətən uğrunda ağır sınaqlardan keçərək azad edilən torpaqların hər qarışı qorunmalı, onların təbii və tarixi görkəminə hörmətlə yanaşılmalıdır.
“Bir hərbçi kimi torpağın qiymətini sözlə ifadə etmək çətindir. Bizim üçün torpaq sadəcə üzərində gəzdiyimiz ərazi deyil. O torpağın hər qarışının arxasında tarix, şəhid qanı, qazilərin fədakarlığı, illərlə çəkilən həsrət dayanır. Aprel döyüşlərində də, 2020-ci ildə Vətən müharibəsində də bizim əsas məqsədimiz torpaqlarımızın işğaldan azad olunması idi.
Bu gün Şuşada, Cıdır düzündə dayananda insan tamamilə başqa hisslər keçirir. Bir vaxtlar yalnız xəritədə görə bildiyimiz, haqqında danışdığımız Şuşada bu gün gəzirik. Bu, böyük Zəfərin nəticəsidir. Ona görə də burada gördüyümüz hər bir daş, hər bir qaya bizə əziz olmalıdır.
Cıdır düzündə qayaların üzərinə insanların öz adlarını yazması isə məncə düzgün deyil. Ola bilər, bunu edən adam həmin an bunun sadəcə bir xatirə olduğunu düşünsün. Amma həmin qaya onun şəxsi əmlakı deyil. Bu, Şuşanın təbiətinin bir hissəsidir. Bizim ümumi sərvətimizdir.Biz döyüş zamanı bir qarış torpağı belə qorumaq üçün həyatımızı riskə atmışıq. Bu gün isə həmin torpaqlar azaddır. İndi bizim üzərimizə düşən başqa bir vəzifə var – azad etdiyimiz əraziləri qorumaq. Buraya yalnız torpağın özünü qorumaq deyil, onun təbiətini, tarixini, abidələrini və mənəvi dəyərini qorumaq da daxildir. İnsan öz adını qayaya yazmaqla qəhrəman olmur. Əksinə, həmin qayanı qorumaq, ona toxunmamaq, gələcək nəsillərin də onu olduğu kimi görməsinə imkan yaratmaq daha böyük məsuliyyətdir.
Mən hərbi xidmət zamanı çoxlu döyüş yoldaşımı itirmişəm. Şəhid olan silahdaşlarımızın hər biri bu torpaqların azadlığı üçün canından keçib. İndi düşünəndə adamın ürəyindən keçir ki, onların uğrunda mübarizə apardığı bu torpaqlara biz necə münasibət göstərməliyik? Əlbəttə ki, sevgi və hörmətlə.
Şuşaya gələn hər kəs bilməlidir ki, bura adi turistik məkan deyil. Bura Azərbaycan tarixinin, mədəniyyətinin və Zəfərinin simvollarından biridir. Cıdır düzü də bu tarixin mühüm hissəsidir. Buradan öz adını qayaya yazaraq getməkdənsə, buranın gözəlliyini qoruyaraq getmək daha doğrudur.
Mən istərdim ki, insanlar Şuşadan çıxanda burada özlərindən hansısa yazı qoyduqları ilə deyil, Şuşaya hörmət etdikləri ilə yadda qalsınlar. Biz bu torpaqları qorumaq üçün döyüşmüşük. İndi isə onları gələcək nəsillərə sağlam, gözəl və olduğu kimi çatdırmaq bizim borcumuzdur. Şəhidlərimizin ən böyük arzusu Vətənin azad olması idi. Bu gün həmin arzu gerçəkləşib. Bizim borcumuz isə əldə etdiyimiz Zəfərin dəyərini bilmək və azad torpaqlarımızı qorumaqdır. Şuşanın qayalarına ad yazmağa ehtiyac yoxdur. Şuşanın özü bizim tariximizdə adımızı yazıb. Mənim üçün bir döyüşçünün çata biləcəyi ən ali məqam Vətənə xidmətdir. Ən ali rütbə şəhidlikdirsə, ən ali vəzifə Vətənə xidmətdir. Vətənimizə xidməti xalqımız ən yüksək səviyyədə göstərməlidir", - deyə qazi Asim Əliyev bildirib.
