"Atributinfo.az" xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, elm və ictimaiyyət nümayəndələri, ziyalılar, tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli iştirakçıları salamlayaraq bildirib ki, 2026-cı ilin ilk yarısı həm ölkəmiz, həm də Qərbi Azərbaycan İcması üçün uğurlu fəaliyyət dövrü olub. O qeyd edib ki, bu müddət ərzində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təbliği məqsədilə ölkə daxilində və xaricdə çoxsaylı elmi, mədəni və ictimai tədbirlər, beynəlxalq konfranslar və festivallar keçirilib. Əziz Ələkbərli vurğulayıb ki, Dilqəm Əhməd Qərbi Azərbaycan İcması yaranmamışdan əvvəl də Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən tədqiqatçılardandır. Onun sözlərinə görə, müəllifin Türkiyə dövlət arxivləri, ailə arxivləri və mühacirlərin xatirələri əsasında hazırladığı bu kitab Qərbi Azərbaycandan köçlər tarixinin öyrənilməsi, tarixi yaddaşın qorunması və Qayıdış ideyasının elmi əsaslarla təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Ardınca çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib ki, Qərbi Azərbaycan mövzusu milli yaddaşımızın ayrılmaz hissəsidir və bu istiqamətdə yazılan hər bir fundamental əsər tarixi həqiqətlərin qorunmasına xidmət edir. O vurğulayıb ki, Dilqəm Əhmədin yeni kitabı yalnız tarixi faktların toplusu deyil, həm də deportasiya olunmuş soydaşlarımızın ailə yaddaşını, mənəvi irsini və vətən həsrətini yaşadan dəyərli elmi mənbədir.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, professor, tarixçi Ələkbər Cabbarov, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa nəşrin elmi və tarixi əhəmiyyətindən danışaraq bildiriblər ki, kitab Türkiyə dövlət arxivlərindən əldə edilmiş zəngin sənəd bazası, ailə arxivləri və canlı xatirələr əsasında hazırlanmış fundamental tədqiqat əsəridir. Qeyd olunub ki, nəşr Qərbi Azərbaycandan məcburi köçlər tarixinin araşdırılması, mühacir irsinin öyrənilməsi, tarixi yaddaşın qorunması və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının elmi əsaslarla təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxış edənlər müəllifin uzun illər apardığı araşdırmaların yüksək elmi dəyərə malik olduğunu vurğulayaraq kitabın tarixçilər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün etibarlı mənbələrdən biri olacağını bildiriblər.
Sonda çıxış edən kitabın müəllifi, tarixçi-tədqiqatçı Dilqəm Əhməd bildirib ki, kitab uzun illər Türkiyə dövlət arxivlərində apardığı araşdırmaların, eləcə də İstanbul, Qars və İğdır şəhərlərində yaşayan Qərbi Azərbaycan əsilli ailələrin şəxsi arxivləri və xatirələrinin toplanmasının nəticəsində ərsəyə gəlib. O qeyd edib ki, əsərin əsas məqsədi Qərbi Azərbaycandan məcburi köçlərin tarixini sənədlər əsasında araşdırmaq, mühacir ailələrinin yaddaşını qorumaq və bu tarixi irsi gələcək nəsillərə çatdırmaqdır.
Müəllif kitabın hazırlanmasına dəstək göstərən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, tədqiqat prosesində kömək edən alimlərə, arxiv əməkdaşlarına və şəxsi ailə arxivlərini təqdim edən soydaşlara minnətdarlığını bildirib, bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini və gələcəkdə yeni nəşrlərin hazırlanacağını diqqətə çatdırıb. Tədbir iştirakçıları müəllifi yeni nəşrin işıq üzü görməsi münasibətilə təbrik edib, kitabın Qərbi Azərbaycandan köçlər tarixinin öyrənilməsinə və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verəcəyini vurğulayıblar.
Təqdimat xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
