Sizin reklam burada
Sizin reklam burada
  • Sazın və silahın vəhdəti: Müasir qəhrəmanlıq eposu

    Azərbaycan şifahi xalq ədəbiyyatında qəhrəmanlıq dastanları xalqın azadlıq mübarizəsini, vətənpərvərlik ruhunu və tarixi kimliyini əks etdirən ən mühüm janrlardan biridir. Folklorumuzun zirvəsi sayılan "Kitabi-Dədə Qorqud", orta əsrlər xalq hərəkatını əks etdirən "Koroğlu", həmçinin "Qaçaq Nəbi", "Qaçaq Kərəm" və "Səttarxan" kimi dastanlar bu janrın ən mükəmməl nümunələridir. Sələfləri "Kitabi-Dədə Qorqud" və "Koroğlu" olan bu qədim ənənə, Birinci Qarabağ müharibəsi illərində də davam edərək müasir dastan yaradıcılığına zəmin yaratmışdır. Dastan 1990-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi dövründə Gədəbəyin Ermənistanla həmsərhəd olan Şınıx bölgəsində gedən qanlı döyüşlərdən bəhs edir. Şınıx mahalı coğrafi baxımdan anklav və çətin mövqedə yerləşdiyi üçün düşmənin intensiv hücumlarına məruz qalırdı. Əsər bu çətin günlərdə yerli əhalinin və könüllü müdafiəçilərin göstərdiyi misilsiz rəşadəti canlandırır. Çağdaş dastan yaradıcılığının ən parlaq nümunəsi isə tanınmış ustad sənətkar, filologiya üzrə fəlsəfə doktoru Aşıq Altay Məmmədovun real tarixi hadisələr əsasında qələmə aldığı "Şınıx dastanı"dır.

    1992-ci ilin yayında Azərbaycanın Gədəbəy rayonunun Ermənistanla həmsərhəd olan Şınıx bölgəsi tam mühasirə şəraitində yaşayırdı. Bölgənin yeganə nəfəsliyi və gediş-gəliş yolu Tovuz rayonunun Böyük Qışlaq ərazisindən keçirdi. Belə bir ağır və gərgin dönəmdə xalq-ordu birliyinin ən böyük rəmzlərindən biri olaraq, milli təəssübkeşliklə formalaşan "Bozqurd" batalyonu Tovuzlu Etibar və Kərbəlayi Zöhrabın rəhbərliyi ilə Şınıx camaatının köməyinə yetişir. Dastanı digər nümunələrdən fərqləndirən ən mühüm cəhət müəllifin – Aşıq Altayın hadisələrin birbaşa içində olmasıdır. Döyüşdən cəmi bir gün əvvəl məşhur Çənlibel yaylağında əsgərlər qarşısında konsert verib onları döyüşə ruhlandıran sənətkar, ertəsi gün Şınıxa gələn xilaskar dəstəni ilk qarşılayanlardan olur.
    Dastanın Struktur və Süjet Xətti"Şınıx dastanı" klassik dastan strukturuna uyğun olaraq nəsr (təhkiyə) və nəzm (qoşmalar) hissələrinin növbələşməsi ilə qurulmuşdur. Əsərin süjet xəttini üç əsas mərhələyə bölmək olar: İgidlərin Qarşılanması və Vəsf: Aşıq Altay Tovuzdan Şınıxa köməyə gələn komandir Etibarı Koroğlu ənənələrinə sadiq qalaraq "Misri qılınclı", "Çənlibel aslanı" kimi vəsf edir:

    Bozqurdların bəbir qaçmaz əlindən,
    Cürət edib çir keçəmməzyelindən.
    Dəli Koroğlunun Çənlibelindən,
    Əldə Misri qılınc, bil, yanar gəlir,
    Tovuzdan Şınıxa Etibar gəlir.

    Altayla birlikdə zirvəyə dön bax,
    İgidlər döyüşür düz qartalsayaq.
    İsgəndərə arxa, Sahibə dayaq,
    Əhdinə -andına düz ilqar gəlir,
    Tovuzdan Şınıxa Etibar gəlir.

    Komandir Etibar ilə Aşıq Altay arasında gedən sual-cavab (deyişmə) müharibənin yalnız torpaq deyil, həm də "namus və qeyrət davası" olduğunu bəyan edir. Polis rəisi, Tofiq Qarayevlə birlikdə Mutudərə kəndinin azad edilməsi planı müzakirə olunur. Dastanın kulminasiya nöqtəsi müharibədən sonra Şınıxda keçirilən toy məclisidir. Bu məclisdə komandir Etibar aşığa vaxtilə verdiyi "biz dığaların dərsini verək, sən də qələbə dastanımızı yaz" vədini xatırladır və aşıq zəfər dastanını el qarşısında ifa edir.

    Dastanın ən böyük bədii və elmi dəyəri onun sənədli xarakter daşımasıdır. Əsərdə adıçəkilən hər bir obraz real tarixi şəxsiyyətdir: Bozqurd Etibar və Kərbəlayi Zöhrab: Tovuzdan gələn qorxmaz hərbi qüvvələrin başçıları. Alay komandiri Cahangir Rüstəmov: Əks-hücum əməliyyatına uğurla rəhbərlik edən hərbçi. Pünhan (Göyəlli Pünhan): Şınıxın yerli, qorxu bilməz igidi. Müəllif Pünhanı qədim qəhrəmanlıq ənənələrinin davamçısı, "Şınıxın aslanı" kimi təqdim edir:

    Göyəllidi yeri - yurdu , məkanı,
    Əyilməz bir oba, qaladı Pünhan.
    Bu qovğalar, bu tufanlar olandan,
    Düşmənə bir dətrddi, bəladı Pünhan.

    Şınıxımın aslanıdı, şiridi,
    Bu yerlərin ər oğlunun biridi.
    Nərə çəkdi, düşmən üstə yeridi,
    Dünən bir ordunu taladı Pünhan.

    Əsərdə Şınıx mahalı təkcə bir döyüş meydanı deyil, həm də sarsılmaz bir qala, Azərbaycanın cənnət guşəsi kimi təsvir olunur. Ər dağının zirvəsində ifa olunan misralarda bölgənin topofratları – "Nazdıxan" və "Axınçı" yaylaqları, Murğuz və Çinarlı zirvələri bədii dillə coğrafi tarixə həkk olunur:

    Üstünə yağılar yüz ara döndü,
    Hər dönüş ürəyi azara döndü,
    Qaniçən yağıya məzara döndü,
    Qayası Şınıxın, daşı Şınıxın.

    Cənnət obasıdır Azərbaycanın,
    İgid balasıdır Azərbaycanın,
    Qeyrət qalasıdır Azərbaycanın,
    Altayam, ucadır başı Şınıxın.

    Aşıq Altay Məmmədovun "Şınıx dastanı" 1992-ci ilin avqustunda Gədəbəy cəbhəsində qazanılan tarixi qələbənin, xalqın fədakarlığının silsilə salnaməsidir. Bu əsər sübut edir ki, Azərbaycan aşıq sənəti təkcə keçmişi tərənnüm etmir, həm də müasir tarixin ən mühüm anlarında xalqın döyüş ruhunu saza, sözə köçürərək əbədiləşdirir. Dastan ustadın çağırışı və gələcək nəsillərə mənəvi nəsihəti ilə şərəflə başa çatır:

    Pis qonşudan, ermənidən,
    Kənar olun, dad eyləyin,
    Harda bir məzlum görsəniz,
    Ürəyini şad eyləyin.
    Harda kasıb gördünüzsə,
    Əl tutub imdad eləyin.
    Sazdan, sözdən söhbət düşsə,
    Altay gövhər-kanı deyin!

    "Şınıx dastanı" təkcə musiqi-bədii nümunə deyil, həm də Gədəbəy cəbhəsində baş verən hadisələri gələcək nəsillərə ötürən bədii-tarixi sənəddir. Aşıq Altay bu dastanla klassik aşıq yaradıcılığının müasir mövzulara adaptasiya oluna bildiyini və janrın hələ də diri, dinamik olduğunu sübut etmişdir.



    Hüseyn İsaoğlu,
    yazıçı-publisist,
    AYB-nin və AJB-nin üzvü.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ