AZƏRTAC xəbər verir ki, Mossovet Teatrına 6 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan uşaq tamaşasının hazırlanmasına dair Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan, Çin və digər ölkələrdən gənc rejissorlar, teatr məktəblərinin məzunları və tələbələri tərəfindən 140-dan çox müraciət daxil olub. Təqdim olunan materiallar arasında xalq nağılları, həmçinin Qrimm qardaşlarının, Şarl Perronun, Hans Kristian Andersenin, Aleksandr Puşkinin, Antoni Poqorelskinin, Oskar Uayldın, Selma Lagerlöfün, Lyuis Kerrollun, Yuri Oleşin, Konstantin Paustovskinin və digər müəlliflərin nağılları yer alıb.
Mossovet Teatrının bədii rəhbəri Yevgeni Marçellinin apardığı seçim nəticəsində dörd finalçının adı açıqlanıb. Bunlar aşağıdakılardır:
- Mikayıl Mərdinli, Azərbaycan. V.Haufun eyniadlı nağılı əsasında hazırlanmış “Xəlifə-leylək” tamaşası;
- Tszyao Lanbo, Çin. H.K.Andersenin “İmperator və bülbül” nağılının motivləri əsasında hazırlanmış “Çində nə baş verdi” tamaşası;
- Viya Geka, Rusiya. “Gözəl Vasilisa” tamaşası;
- İçen Lyu, Çin. K.Qremmin eyniadlı nağıl-povesti əsasında hazırlanmış “Söyüdlər arasında külək” tamaşası.
Yevgeni Marçellinin sözlərinə görə, seçim etmək çox çətin olub: “Bu gəncləri klassik nağıllara yeni baxış və müasir yanaşma birləşdirir. Bununla yanaşı, hər birinin eksplikasiyasında (rejissorun niyyətinin izahı – red.) xalq motivləri – rus və ya şərq motivləri yer alır ki, bu da bu gün mənə vacib görünür. Seçilmiş materiallar da orijinaldır və onları dramatik səhnədə tez-tez görmək olmur. Maraqlı bədii həllərlə bağlı çoxlu orijinal təkliflər təqdim olunub. Gənclərin təxəyyülünə və cəsarətinə heyran qalırsan”.
Mossovet Teatrının direktoru Aleksey Çerepnev bildirib ki, uşaq tamaşasının hazırlanması üzrə müsabiqə ikinci dəfə keçirilir, lakin artıq beynəlxalq formatdadır: “Müxtəlif ölkələrdən olan gənc rejissorlara, xüsusən də istedadlı olanlara öz layihələrini həyata keçirmək imkanı yaratmaq çox vacibdir. Bunun uşaqlar üçün tamaşalar olması isə daha da önəmlidir. Uşaqlar ən tələbkar tamaşaçılardır. Onları aldatmaq mümkün deyil. Teatrın gələcəyi də onların əlindədir”.
Rejissor Mikayıl Mərdinli müsabiqədə iştirak üçün niyə məhz “Xəlifə-leylək” nağılını seçdiyini izah edib.
“Mən bu əsərə ona görə müraciət etdim ki, nağılda qaldırılan mövzu bu gün də aktuallığını itirməyib. Bu mövzu əbədi olacaq. Bəşəriyyət mövcud olduqca, Vilhelm Haufun hələ XVIII əsrdə qaldırdığı sualları verməyə davam edəcəyik. Bu, insanın doymazlığı məsələsidir. İnsan onun nəzarətində olmayan məkana daxil olmağa başlayanda, bunun ardınca cəza gəlir. Hauf bu cəzanı adi şəkildə yox, gülüş vasitəsilə göstərib. Məhz gülüşə görə həm vəzir, həm də xəlifə leylək surətində qalır və yenidən insana çevrilmək üçün lazım olan sehri xatırlaya bilmirlər. Yəni insan özünü olduğundan üstün hesab edir və buna görə cəzalandırılır. Xəlifə və ya sadə bir insan olmağın fərqi yoxdur, sən insansan və sənin üçün əlçatmaz olan şeylər var”, – deyə həmsöhbətimiz bildirib.
Rejissorun fikrincə, o, münsiflər heyətini şərq müsəlman autentikliyinə üstünlük verməsilə cəlb edə bilib: “Bu, mənim böyüdüyüm, doğma və yaxın hesab etdiyim mühitdir”.
“Uşaq nağıllarının klassikləri” Beynəlxalq Rejissor Laboratoriyasının növbəti mərhələsi bu il oktyabr ayının ikinci yarısında keçiriləcək. Finalçılar teatrın rəhbərliyinə və tamaşaçılara truppa aktyorlarının iştirakı ilə gələcək tamaşalarının səhnə eskizlərini təqdim edəcəklər. Səhnə eskizlərinin nümayişi artıq Mossovet Teatrında formalaşmış ənənəyə uyğun olaraq tamaşaçılar üçün açıq formatda təşkil ediləcək. Bundan sonra qalib müəyyənləşəcək və o, Mossovet Teatrının “Pod krışey” səhnəsində tamhəcmli tamaşa hazırlamaq imkanı qazanacaq.
