Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, ədəbiyyatşünas alim, dosent Ağa Laçınlının doğum günüdür.Ağa Laçınlı zəngin və çoxşaxəli yaradıcılığı ilə Azərbaycan elmi və ədəbi mühitində xüsusi yer tutmuş şəxsiyyətlərdən biridir. O, 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində dünyaya göz açmış, gənc yaşlarından ədəbiyyata böyük maraq göstərmişdir. Onun poeziyaya gəlişi 1958-ci ildə “Lenin yolu” qəzetində çap olunan “Çoban” şeiri ilə başlamış, 1966-cı ildə “Ümid” adlı ilk kitabı ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.
Ağa Laçınlı yalnız şair kimi deyil, həm də elm adamı kimi Azərbaycan elminə mühüm töhfələr vermişdir. Moskva Ədəbiyyat İnstitutunda aldığı təhsil onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, sonrakı illərdə Bakı Dövlət Universitetində uzun illər pedaqoji fəaliyyət göstərərək gənc nəslin ədəbi-estetik tərbiyəsində böyük xidmətlər göstərmişdir. “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, antik ədəbiyyat üzrə apardığı araşdırmalarla elmi mühitdə tanınmışdır.
Onun elmi və ədəbi fəaliyyəti milli sərhədləri aşaraq beynəlxalq miqyasda da qiymətləndirilmişdir. Ağa Laçınlı qədim Şərq və Qərb ədəbiyyatının incilərini Azərbaycan dilinə tərcümə edərək mədəniyyətlərarası körpünün möhkəmlənməsinə xidmət etmişdir. Onun əsərləri müxtəlif ölkələrdə nəşr olunmuş, Azərbaycan ədəbiyyatının təbliğində mühüm rol oynamışdır.
Şairin yaradıcılığı vətənə sevgi, təbiət gözəllikləri, insanın mənəvi aləmi və tarixi yaddaş mövzularını əhatə edir. Onun poeziyasında həm milli ruh, həm də ümumbəşəri dəyərlər ahəngdar şəkildə birləşir.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat etmişdir. Onun yoxluğu Azərbaycan ədəbiyyatı və elmi üçün böyük itkidir.
Bu gün onun xatirəsini ehtiramla anaraq qeyd edirik ki, Ağa Laçınlı yalnız bir şair və alim deyil, həm də ədəbiyyata və elmə xidmət edən böyük bir ziyalı idi. Onun yaradıcılığı gələcək nəsillər üçün dəyərli bir mənəvi xəzinə olaraq qalacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
