Zirvəyə qalxan insan təsadüfən ucalmır. Onun yolunda yorğunluq var, sarsıntılar var, itkilər və sınanmış iradə var. Amma o, hər çətinliyi bir pilləyə çevirir. Çünki bilir: yüksəklik qorxaq qəlblərin məkanı deyil. Ucalıq - səbirin, əzmin, inamın mükafatıdır.
Belə bir insanın baxışlarında qəribə bir işıq olur. O işıq nə şöhrətdən doğur, nə də var-dövlətdən. O işıq vicdanın, dürüstlüyün və insanlığa bağlılığın nurudur. O, zirvəyə tək çıxmır - ətrafındakıları da özü ilə aparır. Bir sözlə, o insan yalnız öz həyatını deyil, başqalarının taleyini də dəyişir.
Bəzən belə insanları anlamırlar. Onların sakit mübarizəsini görmür, səssiz fədakarlıqlarını dəyərləndirmirlər. Amma zaman hər şeyi yerinə qoyur. Zaman göstərir ki, həqiqi ucalıq gurultuda yox, səssiz əməllərdə gizlidir.
İnsanlıq zirvəsinə yüksələn insan- bu, yalnız uğur qazanan biri deyil. Bu, qaranlıqda işıq olan, ümidsizlikdə ümid yaradan, yorğun qəlblərə nəfəs verən bir varlıqdır. Onun ən böyük zəfəri isə başqalarının qəlbində yaşamaqdır.
Çünki həqiqi zirvə daşdan, torpaqdan qurulmur. O zirvə insanın içində yaranır. Və ora yüksələnlər heç vaxt yıxılmır.
Bu fikirləri Azərbaycanın mübariz ziyalılarından olan Hafiz Ataxanlıya tam şamil etmək olar.
Onun 60 yaşı, daha doğrusu illik yubleyidir.
Hafiz bəyi uşaqlıq illərindən bir yerdə böyüdüyümüzdən haqqında danışmaq həm asandır, həm çətin.
Yardımlının Ostair kəndində dünyaya gəlib böyüdük və o dağlardan boz şəhərlərə köç etdik
Hafizi xarakterinə və vasiyyətinə görə, elə uşaqlıq dövründən qəribə adam adlandırırdılar. Çünki Hafiz digərlərindən fərqlənirdi.
Hələ orta məktəbin 5-6-cı siniflərindən yazmağa başlayıb, onun yazıları o dövrdə “Pioner” və digər mətbu orqanlarında çap olunurdu.
Ssenarilər, pyeslər yazırdı. Onun yazdığı bir neçə ssenarilər kənd klubumuzda, hətta rayon Mədəniyyət Evində tamaşaya qoyulurdu. Və mən də onun yazdığı bir çox tamaşa ssenarilərində rol almışam. Təvazökarlıqdan uzaq olaraq deyim ki, Hafiz bəyin yazdığı ssenarilər tamaşaçı tərəfindən çox maraqla qarşılanardı.
Həmyaşıd olduğumuzdan söhbətlər zamanı elə qəribə terminlər səsləndirərdi ki, biz onları qavramaqda çətinlik çəkərdik…. Deyirdik ki, bu nə deyir…. Bu nə deməkdir, mənası nədir… Özümüzü yerə vurmamaq üçün baş yelləməkdən başqa çarəmiz qalmazdı…
Şəhərə, qəsəbə uşaqlaırndan fərqli olaraq kənd uşaqlarının özünəməxsus məşğuıiyəti, əyləncəsi, oyunları olardı. Hafiz bəy kənd həyatının bu “ləzzətlərindən” uzaq olardı. 19870-80-lərdə kənd uşaqlarının ən çox oynadığı futbol, voleybol, çilingağac, ənzəli olardı… Hələ məhləarası, kənlərarası davaları demirəm. O dövlərdə bunlar bir dəb idi. Başqa futbol, voleybol və digər oyun oynayanda uduzan tərəflər udan tərəf arasında dava qaçılmaz olardı…
Hələ kənd bağlarına, bostanların, sovxozun meyvə bağına oğruluğa girməyi demirəm… Onu gördüm deyən olmazdı. Hələ yay aylarında çaylarda, şur-şurda çimməyi, meşəyə yaşıdlarımızla oduna getməyi demirəm. Onunku ancaq oxumaq, mütaliə idi. Görüşəndə də ancaq oxuduğu kitablardan bəhs edərdi, düşüncələrini bölüşərdi.
Hə, o doğrudan da QƏRİBƏ adam idi…
Lap Rüstəm Behrudinin “Qəribə adam” şeirində oldu kimi…
Bu qəribə adamdı
Oxşarı yox heç kimə;
əli, saçı,gözləri,
dil açıb danışanda
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdı.
Nə qəribə adamdı
deyirəm, külək əsir,
yaxın dur bu ocağa,
gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
bu əsən külək deyil,
yurd boyunca dolaşan
Xətainin ruhudu.
Bu adam nə qəribə,
nə qəribə adamdı.
Dərdinə bax, ay Allah,
hansı uzaq dağdasa
susuzluqdan saralıb
cır armudun yarpağı…
Dedim:- arzun, istəyin?!
Bir ah çəkdi dərindən:
- təzə-təzə doğulan
qurd ağızlı körpələr
görən nə vaxt bu yurdu
tanrı kimi görk elər?!
Bu adam nə qəribə,
nə qəribə adamdı!
Nə qəribə adamdı-
bu adamın sevinci,
bu adamın dərdi də
tamam özgə biçimdə.
Bu qəribə adamdı
mənə elə gəlir ki,
bu adam ölən günü
özü qazıb qəbrini
basdıracaq özünü
ürəyinin için
Biz zaman keçdikcə anlamağa başlayırdıq.
O təkcə xasiyyətinə, xarakterinə görə deyil, həm də digər cəhətlərinə görə fərqli idi. Zaman keçdi əsgər yaşına çatanda bəlli oldu ki, Hafiz bəyin ürəyi solda yox, sağdadır, qara ciyəri isə sağda deyil solda yerləşir.
Bütün bunlara baxmayaraq Hafiz bəy çox sadə, səmimi, alicənab, ziyalı, dostcanlı bir insan idi.
O xarakterinə görə daha çox sentimental düşüncəyə malikdir. Hafiz bəy xaraktercə kövrək, həssas və duyğusaldır. O da sentimental insanlar həyatda baş verənlərə daha çox duyğusal yanaşır və keçmiş xatirələrə dərin bağlılığı var. Bəzən kiçik hadisələrə belə böyük emosional reaksiya verirlər. Onlar duyğularını daha açıq ifadə edir və hisslərini gizlətməkdə çətinlik çəkirlər. Bu, bir çox halda onların insanlarla olan münasibətlərini də təsir edir. Keçmişə o qədər dərin bağlıdırlar və tez-tez keçmiş xatirələrlə yaşayır. Çox həssas olduğundan empati qurmağı, başqalarının hisslərini dərindən anlayır və onların dərdlərini paylaşmağa çalışır. Məhz bu səbəblərdən də Hafiz bəy dostluq və şəxsi münasibətlərində güclü əlaqələr qurmağı bacarır, həm də başqalarına həddindən artıq bağlı insandır.
Bir yaradıcı insan kimi yazdığı əsərlər sürrialist (gerçəküstü) cərəyana malikdir. Yəni xarakteri də gerçəküstü olduğundan yazdığı əsərlərdə də özünü biruzə verir.
Hafiz bəy millətinə, dövlətinə bağlı mübariz bir fədai ziyalıdır. O bunu öz fəaliyyəti ilə sübut edib. Amma və lakin… O layiq olduğu adı və qiyməti ala bilməyib… Səbəbi isə… Nə yalaq ola bildi, nə dələduz, nə özünü gözəsoxan, nə fürsətcil… Ona aldığı tərbiyə, genindən gələn və böyüklərinin verdiyi tərbiyə buna imkan vermədi. Yalnız halallıq, dözümlülük yolunu seçib, İLAHİ ƏDALƏTƏ inandı və Uca Allaha arxalandı…
Amma yenə də ümid edir və gözləyir ki, yəqin bir gün ədalət zəfər çalacaq və onun qapısını döyəcək… Və hələ də perronda “ədalət qatarının” yolunu gözləyənlərdəndir.
Bu gün Hafiz bəy qocalığının baharı, 60 illik yubileyidir.
Dağlar oğlu Hafiz bəy yolun ZİRVƏLƏRƏ GEDƏN YOLDUR. 60 yaş insanın kamilləşdiyi, Ucalığa yüksəldiyi bir mərhələdir. Sənin kimi bir TƏVAZÖKAR, BÖYÜK insana yaraşan da ancaq UCALIQDIR.
Rəşad Azərinin söylədiyi kimi:
Sabahları, ümidləri
Varaqlara toxuyuram.
İnsanlığın gəlib-keçən,
Kağız izin oxuyuram.
İnsanlar var, boğularsan
Elminin gur dəryasında.
İnsanlar var, hələ qalıb
Keçmişlərin səhrasında.
İnsanlığı axtarıram
İnsanların arasından.
Bir insanlıq doğacaqdır
İnsan vuran yarasından.
İnsanlığı insan edən
Əməllərdir, isimlərdir.
Bu insanlıq çoxdan ölüb,
Yaşayan tək cisimlərdir.
Hafiz bəy doğum gününü və yubley yaşını təbrik edirəm. Uca rəbbimdən can sağlqılı bərəkətli ömür və fəaliyyətində uğurlar arzulayıram!
Murtəza Bunyadlı
