Sizin reklam burada
Sizin reklam burada
  • Arxeologiyanın nəzəri problemləri: tarixi gerçəklik və təsnifat metodları

    AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorant və dissertantları üçün Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi dosent Pərviz Qasımovun “Arxeoloji nəzəriyyə: klassik və müasir cərəyanlar” mövzusunda mühazirəsi keçirilib.

    İnstitutdan bildirilib ki, Pərviz Qasımov arxeologiya elminin nəzəri baxışlarının əsasını qoymuş arxeoloqlar, nəzəri cərəyanların mahiyyəti və mövcud nəzəri problemlər barədə danışıb. Bildirib ki, arxeologiyada əsasən üç nəzəri əsasda (primordializm, pozitivizm və dixotomizm) paradiqmalar var. Arxeoloji nəzəriyyənin əsas iki problemi göstərilir: birincisi, arxeoloqların tətbiq etdiyi təsnifatın və kateqoriyaların (arxeoloji tiplər, taksonlar və d.) və verdikləri izahın (adətlərin şərhi, proseslərin konvergent, diffuziya, təkamül, dalğavari və s. köklü olması) tarixi gerçəkliyə uyğunluğudur. İkincisi isə yazısız dövrdə qədim insan birliklərinin dil mənsubiyyətinin arxeoloji material əsasında təyininin mümkünlüyüdür. Kökü millətçiliyin və irqçiliyin yarandığı dövrə uzanan primordialist baxışa görə, yazısız mənbə olmadan da hər hansı coğrafi bölgədə və dövrdə mövcud olmuş qədim insan birliyinin dili dolayı metodlarla müəyyənləşə bilər. Amma istifadə edilən primordialist metodlar (mədəni nümunələrə, dəfn adətlərinə, bioloji göstəricilərə, müasir dövrdə arxeogenetikaya və s. görə) spekulyativdir: alimin emosional, ideoloji, siyasi mövqeyindən asılı olaraq qədim əhaliyə tam fərqli dil mənsubiyyəti verilə bilər. Pozitivist mövqeyində olan arxeoloqlar isə yalnız yazılı mənbə vasitəsilə qədim əhalinin dilinin müəyyən edilməsini bildirirlər. “Qərb akademik elmində pərdələnmiş primordialist mövqeyin hələ də mövcudluğunu nəzərə alsaq, yalnız arxeoloji nəzəriyyə üzrə biliklərimiz üzləşdiyimiz tədqiqatların mahiyyətini dərk etməyə və qərəzli iddialara və ibarələrə qarşı tutarlı cavab verməyə imkan verə bilər”, - deyə o əlavə edib.

    Sonda P.Qasımov gənc tədqiqatçıların suallarını cavablandırıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ