Konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və effektiv formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş yanaşmaların formalaşmasına töhfə verir. Qeyd olunub ki, bugünkü görüş bu mühüm təşəbbüsün davamlılığını təmin etməklə yanaşı, həm də parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşıda duran vəzifələrin həlli üçün birgə yanaşmaların hazırlanmasına sadiqliyi təsdiq edir.
Çıxışında bu gün Mərkəzi Asiyanın inkişaf və regional əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində davamlı dinamika nümayiş etdirdiyini və bu proseslərdə qadınların rolunun nəzərəçarpacaq dərəcədə gücləndiyini söyləyən spiker Sahibə Qafarova, bu kontekstdə qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi və qadın liderliyinin gücləndirilməsi məsələlərinin regional və regionlararası gündəliyin tərkib hissəsi olduğunu vurğulayıb. O, Azərbaycanın da bu gündəlikdə fəal iştirak etdiyini diqqətə çatdırıb.
Konfransda Azərbaycanın qadın hüquqlarının təşviqində əldə etdiyi uğurlardan bəhs edən Milli Məclisin sədri deyib ki, ölkəmizdə qadınlar cəmiyyətin ayrılmaz hissəsidir və onun inkişafına həlledici təsir göstərir. Qeyd olunub ki, qadınların siyasi, sosial, iqtisadi və mədəni həyata böyük töhfəsi ölkəmizdə qadın hüquqlarına yanaşmanın mahiyyətini əks etdirir.
Spiker Sahibə Qafarova bildirib ki, bu gün qadın hüquqlarının təmin edilməsi və gender bərabərliyi Azərbaycan Respublikasının dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Azərbaycan qadınlarının fəaliyyətin bütün sahələrində aktiv iştirak etdiyi, qanunverici və icra hakimiyyətində, məhkəmə sistemində, diplomatik xidmətdə, elm və təhsil sahələrində yüksək vəzifələr tutduğunu qeyd edən Sahibə Qafarova xüsusilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanın Əliyevanın həyata keçirdiyi genişmiqyaslı ictimai və siyasi fəaliyyətin qadınların cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi dəyərli töhfənin təcəssümü olduğunu vurğulayıb.
Çıxışda həmçinin məlumat verilib ki, Azərbaycanda qadın hüquq və azadlıqlarının təmin edilməsi, gender bərabərliyinin təşviqi üçün dövlət və parlament səviyyəsində ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir və müvafiq qanunlar qəbul edilir. Son 5 ildə parlamentdə gender bərabərliyi, ailə, qadın və uşaq hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş 57 qanun layihəsinə baxılıb və 20 ictimai dinləmə keçirilib. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklər qanunvericilik aktlarına daxil edilib. Spiker Sahibə Qafarovanın sözlərinə görə, bu sahədə Milli Fəaliyyət Planları, prezident fərmanları, dövlət proqramları qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində mühüm nəticələr verən kompleks yanaşmanı nəzərdə tutur.
Ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirdiyini söyləyən Milli Məclisin sədri bildirib ki, Azərbaycan gender bərabərliyi sahəsində fəaliyyət göstərən müxtəlif parlamentlərarası təşkilatların və onların orqanlarının işində fəal iştirak edir, qabaqcıl təcrübə mübadiləsinə və aktual vəzifələrin həlli üçün əlaqələndirilmiş yanaşmaların hazırlanmasına töhfə verir. O, qadın parlamentarilərin təmsil olunduğu beynəlxalq təşkilatlar və tədbirlər barədə də konfrans iştirakçılarını məlumatlandırıb.
Spiker Sahibə Qafarova Azərbaycanın qadın hüquqları sahəsində regional əməkdaşlığa da böyük əhəmiyyət verdiyini qeyd edərək, Mərkəzi Asiya qadınlarının dialoqunun parlament diplomatiyasının və qadın liderliyinin necə etimad, təcrübə mübadiləsi və birgə təşəbbüslər məkanı formalaşdıra biləcəyinin nümunəsi olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu proseslərdə fəal iştirak etməyə, öz təcrübəsini bölüşməyə və qadınların siyasətdə, iqtisadiyyatda və cəmiyyətdə rolunun artırılmasına yönəlmiş proqramları dəstəkləməyə hazırdır. Milli Məclisin sədri deyib ki, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu çərçivəsində gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilərkən, bu sahədə parlamentlərarası qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş birgə təşəbbüslərin və layihələrin həyata keçirilməsi məqsədəuyğun görünür. O, bu baxımdan, gender siyasəti məsələləri üzrə ekspert və işçi qrupları formatında, parlamentlərin müvafiq komitələrinin cəlb edilməsi ilə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin mümkün olduğunu deyib və əlavə edib ki, bu təşəbbüslərin həyata keçirilməsi əməkdaşlığımıza əlavə təkan verəcək və onun praktiki yönümlü olmasını təmin edəcək. Spiker inamını bildirib ki, bugünkü konfrans region qadınlarının həyatında əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi və real dəyişikliklərin təşviqi yolunda növbəti addım olacaq.
Konfransda həmçinin Özbəkistan Respublikası Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə BMT Regional Mərkəzinin rəhbəri Kaha İmnadze, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova, Qırğızıstan Joqorku Keneşinin sədr müavini Jıldız Taalaybek qızı, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mövsuma Muini, Qazaxıstan Respublikası Parlamenti Senatının Qanunvericilik və məhkəmə-hüquq islahatı komitəsinin sədri Snejanna İmaşeva və digərləri çıxış edərək, qadın liderlərin rolunun gücləndirilməsi istiqamətində milli təcrübələr və ölkələrində bu sahədə görülən işlər haqqında məlumat verib, müzakirə olunan mövzu haqqında fikir və təkliflərini səsləndiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
