Özbəkistan Milli Pedaqoji Universitetində baş tutan konfransda hər iki ölkədən ictimai xadimlər, parlament nümayəndələri, tanınmış alimlər və tələbələr iştirak ediblər. Tədbiri açan universitetin rektoru Hilola Umarova bildirib ki, Nizami Gəncəvi və Əlişir Nəvai irsi qardaş xalqların ümumi sərvəti olmaqla ədəbi dialoqun etibarlı əsasını təşkil edir. O, universitetin türkologiyanın inkişafına, eləcə də Azərbaycan elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırdığını deyib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Azərbaycanın klassik ədəbi irsinin qardaş Özbəkistanda böyük maraqla qarşılandığını bildirib, bu ölkədə Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığına xüsusi maraq olduğunu vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Milli Məclisinin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru akademik Rafael Hüseynov Nizami Gəncəvinin adını daşıyan universitetdə təhsil alan 20 minə yaxın tələbənin sabahın güclü Özbəkistanını, güclü Türk dünyasını daha da qüvvətləndirən kadrlar olacağına əminliyini ifadə edib. O, gələcəkdə Özbəkistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm dayaqlardan birinin bu universitet olacağına inamını bildirib.
Akademik Rafael Hüseynov qeyd edib ki, təxminən XI əsrdən başlayaraq XVIII əsrə qədər Nizami təxəllüsü ilə şeirlər yazan bir çox şairlər olub. Elə Nizami dövründə Nizami Əruzi Səmərqəndi var idi, XIII–XIV əsrlərdə də Nizami təxəllüslü şairlər az olmayıb. Lakin bütün bu şairlərin arasında Nizami Gəncəvi hamıdan yüksəkdə dayanır və Nizami adının yanında həmişə onun nisbəsi, doğulub boya-başa çatdığı şəhərin adı - “Gəncəvi” kəlməsi olub. Alim vurğulayıb ki, Nizami Gəncəvinin irsinin və adının düzgün şəkildə təqdim olunması, eləcə də bu universitetin ünvanında tam halda göstərilməsi vacibdir.
Daha sonra akademik Rafael Hüseynov “Şərq ədəbiyyatında "Xəmsə" ənənəsi və Nizami-Nəvai səsləşmələri” mövzusunda məruzə ilə çıxış edib. O, Nizami Gəncəvinin yaratdığı xəmsəçilik məktəbindən bəhs edərək Nəvainin türkcə dahi gəncəlinin beşliyinə ilk bütöv cavab yazan şair olmasından danışıb, iki qüdrətli şairin yaradıcılığındakı kəsişmə nöqtələri üzərində dayanıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai, türk mədəniyyəti məkanında yalnız mövcud olmamış, eyni zamanda, bu məkanı formalaşdırmış böyük şəxsiyyətlərdir. Onun sözlərinə görə, Nizami Gəncəvinin əsərləri dil baxımından fərqli olsa da, onun düşüncə tərzi və yaradıcılığı türk mədəniyyətinin dərin izlərini daşıyır və bu irs Türk dünyasının ortaq mənəvi sərvəti kimi qiymətləndirilməlidir.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova “Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində fəlsəfi-humanist ideyalar sistemi” mövzusunda təqdimatla çıxış edərək hər iki mütəfəkkirin yaradıcılığında insan, ədalət və mənəvi dəyərlərin əsas yer tutduğunu qeyd edib. Bildirib ki, bu irs müasir dövrdə də aktual olaraq qalmaqda davam edir və elmi baxımdan geniş şəkildə araşdırılmalıdır.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bu cür konfransların təşkilinin Azərbaycan ilə Özbəkistan arasında ədəbi və elmi əlaqələrin inkişafına mühüm töhfə verdiyini söyləyib. Qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilərin irsinin birgə şəkildə araşdırılması Türk dünyasında ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.
Konfrans çərçivəsində Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun bölmə müdiri filologiya elmləri namizədi Salimaxon Eşonova “Xəmsə”nin banisi Nizami Gəncəvinin Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutundakı əsərləri”, Özbəkistan Milli Pedaqoji Universitetinin professoru filologiya elmləri doktoru İbrahim Yoldaşev “Nizami Gəncəvi və Əlişir Nəvai: ustad-şagird ənənələri”, universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mubara Omonova isə “Nizami Gəncəvi irsinin Əlişir Nəvai yaradıcılığına təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
