Tədbirin birinci hissəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin muzey eksponatları əsasında çəkdikəri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açılış nitqi ilə çıxış edib. O, çıxışında qeyd edib ki, 2020-ci ildən başlayan bu layihədə Respublikanın 100-ə yaxın ümumtəhsil məktəbi, müxtəlif təşkilatlar və sağlamlıq imkanları məhdud uşaqlar iştirak edib. O, həm də bu layihənin hər il 18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində keçirildiyini və bu ilin devizinin “Muzeylər: təhsil və tədqiqat” olduğunu bildirib. Sonra çıxış edən Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə muzeyin Arxeologiya fondunda qorunan Naxçıvan inciləri haqqında, Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova isə muzeyin Etnoqrafiya fondunda qorunan Naxçıvana aid etnoqrafik materiallar haqqında məlimat verib. Tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Aynurə Məlikova çıxış edərək, bügünkü tədbirdə həm də sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyini vurğulayıb və onların muzeyə cəlb olunması, cəmiyyətə inteqrasiyası üçün belə stimullaşdırıcı layihələrin vacibliyini qeyd edib. Daha sonra çıxış edən muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi, sözügedən layihənin rəhbəri Qənirə Qafarlı layihənin keçirilməsində dəstək olan hər kəsə təşəkkürünü bildirərək, belə layihələrin muzey-təhsil əlaqələrinin möhkəmləndirilməsi və muzey eksponatlarının təbliği məqsədilə keçirildiyini bildirib.
Layihədə iştirak edən gənc rəssamlar, müəllimlər, bədii hissə iştirakçıları sertifikat və təşəkkürnamələr ilə təltif olunub.
Sonda Bədii hissə nümayiş olunub. Bədii hissədə Badamdar qəsəbə Mədəniyyət evinin üzvlərinin və Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi və rəqs nümunələri nümayiş olunub.
