Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan ordusunun 44 günlük müharibə ilə yazılan zəfər salnamasi

    "Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya
    azərbaycanlıları ağlasığmaz dərəcədə qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı
    Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun
    27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə
    yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə
    milli çağdaş tariximizə şanlı səhifə yazdı."
    Bu fikirləri "atributinfo.az"-a açıqlamasında
    YAP Göygöl rayon təşkilatı üzrə 1 saylı ərazi partiya təşkilatının fəal üzvü
    Sevinc Mustafayeva soyləmişdir. O, əlavə etmişdir ki, çağdaş tariximizə 44 günlük Vətən
    müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq
    səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Hər bir ölkənin həyatında mürəkkəb,
    böhran vaxtı, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür
    edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var:
    "Ali Baş Komandan bütün xalqı
    səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını
    Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. Azərbaycan gənclərinin vətənpərvərliyi,
    şücayəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Etiraf edilməlidir ki,
    qələbənin təmin olunmasındagənclərimizin vətənpərvərlik ruhu əhəmiyyətli dərəcədə
    rol oynadı. Ümumilli lider Heydər Əliyevin təbirincə desək vətənpərvərlik böyük
    məfhumdur: “Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə,
    orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq –
    budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi
    ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam
    etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə
    yetkinləşir”.
    Vətən müharibəsi və əldə olunmuş Böyük Qələbə strateji planlaşdırma və peşəkar
    komandanlığın vəhdəti nümunəsidir: “İşğaldan sonra Azərbaycanın ordu quruculuğu,
    kadr siyasətinin düzgün qurulması nəticəsində ordumuz dünyanın ən güclü orduları ilə
    müqayisə olunacaq səviyyəyə çatdı. Bu sözlə, asan ifadə olunsa da, uzun illər aldı.
    Qələbənin əldə olunması üçün vətənə sevgi və düşmənə niftrət hissi ilə böyüyən
    gənclərimiz oldu. Azərbaycanın iqtisadi gücünün artması, müstəqil xarici və daxili
    siyasət aparması, ölkədə olan stabillik, vətəndaş məmnunluğu əsas verdi ki, mənfur
    düşmənə hərb yolu ilə qalib gəlinsin. Azərbaycan çətin geosiyasi məkanda yaşamasına
    baxmayaraq, düzgün qonşuluq siyasəti yürütməklə beynəlxalq aləmdə tanınan nüfuzlu
    lideri ilə qalib oldu. Ölkəmizin qarşısında bircə problem kimi “işğal altındakı torpaqlar”
    mövzusu qalmışdı. Müharibənin ilk günündən Ali Baş Komandan bütün
    əməliyyatların planlaşdırılması və uğurla həyata keçirilməsinə zəmin yaratmaqla daim
    nəzarət də saxladı. Minimum itki ilə torpaqların azad olunması məsələsi əsas hədəf idi.
    Hər gün ölkə başçısının istər xarici, istərsə də daxili auditoriyaya qələbə xəbərlərini
    verir, ordunun geri çəkilməyəcəyini, işğaldan azad olunan kəndlərin,qəsəbələrin,
    rayonların adlarını bir-bir açıqlayırdı. Onun sevinc hissi ilə bu xəbərləri verməsi, xalqı
    və ordunu ruhlandırır, döyüş əzmini yüksəldirdi. Bütün xarici təhdidlərə, təzyiqlərə
    baxmayaraq çəkinmədən öz sözünü diktə edən liderə çevrildi. Müharibə dövründə
    orduya rəhbərliklə yanaşı, informasiya müharibəsində də komandanlıq öz sözünü dedi.
    Nəhayət, böyük itkilərə məruz qalan Ermənistan məcbur olaraq, kapitulyasiya aktına
    imza atdı. Bütün bu hazırlıq işləri strateji planlaşdırma və vahid komandanlığın
    vəhdətindən irəli gəlir”.
    44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən
    sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş
    meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik
    hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan
    əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq
    torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan
    əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı
    İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda
    tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan
    Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə
    təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması hər dövrün tələblərinə
    uyğun addımların atılmasına yol açır.
    Azərbaycan zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində olub.
    Baxmayaraq ki, tariximiz şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də doludur. Bu
    günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda gələcəyə inamla
    irəliləmələridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə
    hakimiyyətə qayıdışı digər sahələr kimi, Azərbaycan həqiqətlərinin dünya
    ictimaiyyətinə çatdırılması istiqamətində də uğurlu yolun əsasını qoydu. Hər bir
    ölkənin dünyada öz təsdiqini tapmasında həqiqətlərinin düzgün təbliği vacib rol
    oynayır. Milli maraqlar hər şeydən öndə dayanmalıdır. Tariximizin, mədəniyyətimizin,
    həqiqətlərimizin təbliğinə, vətənpərvərlik hissinin aşılanmasına xidmət edən tədbirlərin
    miqyasının genişləndirilməsi mütləqdir."- Sevinc Mustafayeva demişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ