Sağlam kollektiv olan yerdə…
Artıq sentyabrın 1-ci ongünlüyü arxada qalır. Astanasında olduğumuz payız indidən yayın qızmar nəfəsini sərinlətməyə başlayıb. Ara-sıra yağışlar yağır, küləklər əsir, kölgələr çəkilir, bəzən də havalar lap qış aylarındakı kimi soyuyur. Fəsillərdə də bir keçid dövrü yaşanır, görünür. Lakin bağ-bağatlar, çöl-çəmənlər, gül-çiçəklər hələ ki, yay geyimindədir, yamyaşıldır…
Ötən gün yolum Bakının Maştağa qəsəbəsinə düşmüşdü. Buradakı Respublika 1 saylı Psixiatriya Xəstəxanasına ənənəvi olaraq baş çəkməyi də unutmadım. Axı, dəyərli oxucularımız çox gözəl bilir ki, başçılıq etdiyim “Atribut” qəzeti və “Atributinfo.az” saytı artıq 10 ildir ki, burada yaxşı mənada aparılan inqilabi-abadlıq işlərini işıqlandırmağı öz öhdəsinə götürüb. Onu da qeyd edim ki, yolum tez-tez buralardan düşsə də, hər dəfə bu səhiyyə ocağına baş çəkəndə növbəti yeniliyin şahidi oluram. Duyumlu, düşüncəli, idraklı hər bir insan xəstəxana həyətinə daxil olanda sanki hansısa hind filmindəki təbiət gözəlliyinin içində özünü hiss edir. 25 hektarlıq həyətyanı sahədə sanki cənnətin özü yaradılıb. Burada baş-beyin, ruhi-əsəb xəstəliklərinin təbii müalicəsi üçün nələr yaradılmayıb, təbiətin füsunkar gözəlliyi adamı valeh edir. Ekoloji cəhətdən ən yaxşı oksigen istehsal edən ağaclardan tutmuş, dekorativ və Bakının iqlim şəraitinə uyğun müxtəlif növ meyvə ağacları, eləcə də insana xüsusi zövq verən saysız növdə gül-çiçəklər xəstəxananın həyətyanı sahəsinə bir gözəllik gətirir. Hələ içində balıqlar olan iki böyük hovuzu demirəm. Ruhi-əsəb xəstəliyinin əsas təbii müalicələrindən biri də balıq tutmaq və ya ona tamaşa etməkdir. Laləzara bürünən həyətyanı sahədə çalışan işçilərin böyük hissəsi çöl həyatına hazırlanan xəstələrdir…
Bu arada gəlin 10 il əvvəlki vəsiyyətə qayıdaq. Həmin illərdə buralara yolu düşən hər kəs, eləcə də maştağalılar yaxşı bilirlər ki, gözdən-könüldən uzaq olan bu ərazidə kol-kos, bataqlıq, qamışlıq və neçə illərdən bəri yığılıb qalan, üfunət qoxuyan gölməçələr, qurunt suları hökm sürürdü. Sözün əsl mənasında dəlixana idi. Elə xəstələrə də bu gözlə baxırdılar. Uçuq-sökük komaya bənzəyən köhnə korpuslarda xəstələr antisanitar vəziyyətdə ac-yalavac, bit-birə basmış şəkildə vəhşicəsinə saxlanılırdı. Belə olan halda çöl həyatına ümid də qalmırdı. Burada ən əsası su qıtlığı yaşanırdı…
Respublikanın əməkdar həkimi Ağahəsən Rəsulovun sbzügedən xəstəxanaya rəhbər təyinatı hər şeyi kökündən dəyişdi. Yazının əvvəlində sadaladığım gözəlliklər onun 10 illik fədakar rəhbər fəaliyyətinin nəticəsində yaradıldı. Onunla müsahiblərimin birində bütün bunlara necə nail oldunuz sualına - “Hər şeydən əvvəl gərək əyləşdiyin kreslonun xarakterini biləsən” – dedi. Bəli, kreslo bəzi laqeyd rəhbərlərsayağı yayxanmaq üçün deyil, kreslo inzibati məsuliyyət və onun vəzifələri deməkdir.
A.Rəsulov sadalananlarla kifayətlənmir. O, ilbəil ayaq basdığı inkişaf etmiş xarici ölkələrin bu sahədə müasir müalicə üsullarını, təcrübəsini gətirir və tətbiq edir. Xəstəxanada müxtəlif peşələr üzrə 10-dək dərnəklər fəaliyyət göstərir ki, bu da xəstələrin peşəyönümlülüyünün zənginləşməsinə və həm də bu yolla təbii müalicə olunmalarına stimul verir. Burada çalışan tibb personalı son dərəcə təcrübəli, məsuliyyətli və nizam-intizamlıdır. Onlar xəstələrlə və onlara baş çəkməyə gələn valideynlərlə nəzakətlə davranır, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər. Heç şübhəsiz sağlam kollektiv sağlam ruh, sağlam iş, sağlam həyat deməkdir. Baş həkim Ağahəsən Rəsulov 10 illik fəaliyyəti dövründə ən əsası sağlam kollektivin yaranmasına nail oldu. Uğurlar!
Bəradər Səməndərli
