Bakı Kitab Mərkəzində İrəvanın tarixi keçmişinin, şəhərdə müxtəlif dövrlərdə yaşamış azərbaycanlı ailələrin zəngin tarixi-mədəni irsinin araşdırılması və sənədlər əsasında gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan “Iravan through the Language of Historical Documents” (“İrəvan tarixi sənədlərin dili ilə”) kitabının təqdimat mərasimi keçirilib.
İngilis dilində nəşr olunan kitab İrəvan şəhərinin tarixi yaddaşının qorunmasına, burada yaşamış azərbaycanlı ailələrin sosial, mədəni və mənəvi həyatının tarixi mənbələr əsasında öyrənilməsinə həsr olunub. Nəşrin məqsədi müxtəlif dövrlərdə İrəvanda məskunlaşmış azərbaycanlı ailələrin həyat salnaməsini, onların ictimai, mədəni və iqtisadi həyatda rolunu, milli-mənəvi dəyərlərini sənədlər əsasında təqdim etməkdir.
Kitabda ailə arxivlərində qorunan nadir sənədlər, tarixi fotoşəkillər, məktublar, şəxsi yazışmalar, şəcərə qeydləri və digər arxiv materiallarından istifadə olunub. Bu mənbələr İrəvanda yaşamış azərbaycanlı ailələrin gündəlik həyatı, təhsili, ictimai fəaliyyəti, mədəni mühiti və adət-ənənələri barədə təsəvvür yaradır.
Nəşrin diqqətçəkən cəhətlərindən biri tarixi hadisə və proseslərin ümumi məlumatlarla deyil, konkret ailələrin həyat hekayələri, şəxsi arxivlər və ilkin mənbələr əsasında işıqlandırılmasıdır. Bu yanaşma İrəvanın tarixi keçmişinin daha dolğun öyrənilməsinə və ayrı-ayrı ailələrin taleyində əks olunan proseslərin üzə çıxarılmasına imkan verir.
Təqdimat mərasimində tanınmış ziyalılar, ictimai xadimlər, alimlər, tarixçilər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Çıxışlarda İrəvanın tarixi-mədəni irsinin öyrənilməsinin, burada yaşamış azərbaycanlı ailələrə aid sənədlərin qorunmasının və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi vurğulanıb. Kitabın ingilis dilində nəşrinin onun beynəlxalq oxucu auditoriyası üçün əlçatanlığını artırdığı, Azərbaycan xalqının tarixi irsinin və mədəni yaddaşının tanıdılmasına töhfə verdiyi bildirilib.
Qeyd olunub ki, nəşr ailə arxivlərində qorunan materialların elmi dövriyyəyə cəlb edilməsi, tarixi yaddaşın yaşadılması və sənədli irsin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir.
