
Bəradər Səməndərli
ŞAİR ÖMRÜ TƏZADLIDIR
Şair ömrü təzadlıdır; sevinclə, qəmlə oynayır,
Ürək mətbəx, başsa qazan, İlham çeşməsi qaynayır.
Xammal İlahi vəhyidir, başqa yerdən güc almayır,
Şair hidayət yolunun ruhanisi, rahibidir,
Haqla-nahaq arasında balanslı söz sahibidir.
Cəsəd ruhun paltarıdır, geci-tezi bitir ömrü,
Çevrilir nəfsin quluna, "eyş-işrətdə" itir ömrü.
Ruh əbədiyyət quşudur, ilahidən gəlir əmri,
Şairlər vəhy almaq üçün ruh ilə dərgaha gedir,
Haqla-nahaq arasında balanslı söz sahibidir.
Bu dünyadan, o dünyaya gəlib gedən axın-axın,
Kəsilmir ardı-arası; həm olum, həm ölüm, baxın!
Küllü-bəşər övladında ilahiyyata ən yaxın,
Şair peyğəmərdən sonra yaranmışın vahididir,
Haqla-nahaq arasında balanslı söz sahibidir.
O, büsbütün təfəkkürdü, yerdə Allahın mələyi,
Gecə-gündüz axtarışda, beyni dəyirman ələyi.
Dünya malın sevməyənə neyləyər şeytan kələyi,
Şair çəkən çilələrin Səməndərli şahididir,
Haqla-nahaq arasında balanslı söz sahibidir.
ƏDALƏT ÇƏKİLİB GÖYLƏRƏ ALLAH
İndi haqq deyənlər şərə düşürlər,
Ədalət çəkilib göylərə Allah.
Oğrunu doğrudan ayırmaq olmur,
Şəkəri qatıblar zəhərə Allah.
Elə bil həyatın duzu qaçıbdı,
Bərəkət qaçıbdı, ruzi qaçıbdı.
İnsan insanlıqdan uzaqlaşıbdı,
Nə bəla gəlibdi bəşərə Allah?
Alışıb yanan yox daha şam kimi,
Yasa da gəlirlər toy-nişan kimi.
Mərasim evinə yığışan kimi,
"Nəmər" yazdırırlar dəftərə Allah.
Bədən var, paltara möhtac qalıbdı,
Paltarsız bədənlər peyzaj olubdu.
Əncir yarpağına əlac qalıbdı,
Ürək bulandırır mənzərə Allah.
Bəradər, çoxalıb yolunu azan,
Nə qədər olar öz gorunu qazan.
İndi fonoqramla verilir azan,
Molla da cıxmayır minbərə Allah.
TƏBİM TANRIDAN GƏLİR
Poeziya şairin ruhunun aynasıdı,
Yaşadığı həyatın poetik mənasıdı.
Qəlbin ovuntusudu, duyğusal laylasıdı,
Səməni tək cücərən söz çoxuna dan gəlir,
Mövzunu mən seçirəm, təbim Tanrıdan gəlir.
Muğam ustalarına Tanrı verir səsi də,
İnsanla bir doğulur həyat hekayəsi də.
Təbiət vurğunuyam, şeirimin qayəsi də,
Yamyaşıl meşələrdən, sudan, havadan gəlir,
Mövzunu mən seçirəm, təbim Tanrıdan gəlir.
Günəş qürub edəndə buludlar örtür üzün,
Aysa, yarır zülməti, göstərərək nur üzün.
İnsan donunda Şeytan alıb ələ Yer üzün,
Büdrəyən başlara bax, ağıl sonradan gəlir?
Mövzunu mən seçirəm, təbim Tanrıdan gəlir.
Gərək elə seçəsən mövzunu, ruhun tuta,
Hər sətirin, hər misran könül mülkünə yata.
Girib söz bağçasına "gülü" dərəsən buta,
Çiçək yamacdan gəlir, balsa arıdan gəlir,
Mövzunu mən seçirəm, təbim Tanrıdan gəlir.
Tərsinə dövran edir indi çərxi fələyin,
İşlərinə qarışan kimdi çərxi-fələyin.
Dost yolunda bölən var son tikəsin, cörəyin,
Üzə gülən dost da var, nizə arxadan gəlir,
Mövzunu mən seçirəm, təbim Tanrıdan gəlir
Haqsızlıq, eybəcərlik tutub küllü-aləmi,
Hər şey var, heç nə yoxdu; toy-bayrammı, naləmi?
Allah adlandırırlar "əbcət" ilə laləni,
Səməndərli, yaz, yarat laləli meydan gəlir,
Mövzunu mən seçirəm, təbim Tanrıdan gəlir.
