Sizin reklam burada
Sizin reklam burada
  • "SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI...

    Hikmət Məlikzadənin ədəbi portretindən cizgilər

    "Çox şükür, xalqımın gözləri gözəl görən, ürəkləri gözəl düşünən, adi bir kəlməsi ilə adama böyük bir dağı aşacaq qədər güc verən ... insanları çoxdur! Allah belə insanları qorusun!
    Nə yaxşı, Sənin bir parçanam, əziz Xalqım!!!"

    HIKMƏT MƏLİKZADƏ.

    I HİSSƏ

    İLK TANIŞLIQDAN DOĞAN TƏƏSSÜRAT

    Bəzən insan haqqında ilk təəssüratı onun dediyi söz yox, göstərdiyi davranış yaradır. Elə insanlar var ki, onlarla bir neçə dəqiqəlik görüş belə yaddaşında uzun illər yaşayır. Çünki onların səmimiyyəti süni deyil, təbiidir; təvazökarlığı nümayiş üçün deyil, xarakterlərinin ayrılmaz hissəsidir. Mən Hikmət Məlikzadəni də məhz belə tanıdım.

    Bu tanışlığımız ötən əsrin sonları, yeni minilliyin ilk illərinə təsadüf edir. O illərdə təsisçisi olduğum "Vətən Övladı" və "Dəyənək" qəzetlərinin, eləcə də bir neçə dostumun mətbu orqanlarının hazırlanması ilə bağlı yolum tez-tez Azərbaycan Nəşriyyatına düşürdü. Kompüter mərkəzində qəzetlərin yığılması, səhifələnməsi, dizaynı ilə məşğul olur, növbəti nömrələrin işıq üzü görməsi üçün saatlarla orada qalırdım.

    Həmin mərkəzdə çalışan Sevda xanımın otağı isə sanki qələm adamlarının kiçik görüş və tanışlıq yerinə çevrilmişdi. Gün ərzində müxtəlif redaktorlar, publisistlər, şairlər, jurnalistlər gəlib-gedir, hər kəs öz işi ilə məşğul olurdu. Elə həmin otaqda da ilk dəfə Hikmət Məlikzadə ilə rastlaşdım.

    Qapı açıldı. Orta boylu, gülərüz, mehriban çöhrəli, olduqca səmimi bir insan içəri daxil oldu. Hamı ilə salamlaşdı, əl uzadıb görüşdü. O an hiss etdim ki, bu adamın üzündəki təbəssüm təsadüfi deyil. O, insanlarla ünsiyyətdən zövq alan, mehribanlığı təbiətindən gələn bir qələm sahibidir.

    Sonralar nəşriyyatda tez-tez rastlaşdıq. Hər görüşümüz cəmi bir neçə dəqiqə çəksə də, onda olan qəribə xüsusiyyəti hiss edirdim. Onunla söhbətdən sonra adamın içində izaholunmaz bir rahatlıqda yaranırdı. Elə bil o qısa görüş saatlarla davam etmişdi. Bəzən insanın böyüklüyü uzun söhbətlərdə deyil, qısa ünsiyyətdə də hiss olunur. Hikmət Məlikzadə də məndə məhz belə təəssürat yaratmışdı.

    Düzü bu yazını hazırlayanda onunla nəşriyyatda və ya haradasa oturub bir saat və ya daha çox görüşümüzü xatırlayıb yadıma sala bilmədim. Düşündüm,elə buna görə də bu barədə necə var elədə yazmağım düz olardı:

    Amma xatırlamıram, həqiqətən də biz bəlkə də heç nəşriyyatda oturub bir stəkan çay da içməmişik. Ancaq, bu gündə davam edən, bir-birimizə olan münasibətimizin təməli tez-tez görüşmək yox, qarşılıqlı hörmətdən yaranıb.

    Buda bir daha sübut edir ki, həqiqətən dostluq bəzən birlikdə keçirilən saatlar ölçmür. Elə münasibətlər var ki, illərlə davam edən bir neçə dəqiqəlik görüşlərdən yaranır. Biz Hikmət Məlikzadə ilə nə uzun məclislərin, nə də saatlarla çəkən söhbətlərin adamı olmuşuq. Yolumuz Azərbaycan Nəşriyyatında kəsişib, ayaqüstü hal-əhval tutub, bir-birimizin işi ilə maraqlanıb, uğur arzulayıb ayrılmışıq.

    Çünki, mən onu heç vaxt boş oturan görmədim. Həmişə harasa tələsir, hansısa qəzetin yazısını gətirir, başqa bir redaktorun işinə kömək edir, yenidən başqa bir otağa keçir, sonra yenə qayıdırdı. Sonralar öyrəndim ki, o, eyni vaxtda bir neçə qəzetin hazırlanmasına kömək edir, redaksiyaların yükünü çiyinlərində daşıyır. Bu, sadəcə işləmək deyildi. Bu, mətbuata könüldən xidmət etmək idi.

    Ancaq onun xarakterini mənə elə ilk görüşümüz günü, ən aydın göstərən bir hadisə oldu.
    Həmin gün yenə qəzetimizin səhifələrin yığdırırdım. Ona görə də, həmin gün, işin tez başa çatması üçün kompüter mərkəzinə tez gəlmişdim. Qəzetin səhifələrini hazırlayarkən Hikmət müəllim otağa daxil oldu, həmişəki kimi hamı ilə salamlaşdı. İşin gedişinə baxdı. Bir kəlmə də demədi. Sakitcə çıxıb öz işi ilə məşğul oldu.
    Saatlar keçəndən sonra Sevda xanım dedi ki, əslində bu gün Hikmət müəllimin növbəsi idi.

    Etiraf edim ki, həmin an bu insanın böyüklüyünü daha yaxından gördüm. O, istəsəydi, "bu gün mənim növbəmdir" deyə bilərdi. Ən azından Sevda xanıma, kompüter - dizayner işin görən Fuada etiraz edə bilərdi. Haqqıda da var idi. Amma etmədi. Öz haqqını qarşı tərəfə hiss etdirməməyi üstün tutdu. Mənim yaddaşımda Hikmət Məlikzadənin əsl böyüklüyü məhz həmin gün başladı.

    İnsan bəzən yüksək vəzifəsi ilə deyil, məhz belə kiçik görünən davranışları ilə ucalır.

    Hikmət Məlikzadə də mənim tanıdığım qələm adamları arasında məhz bu xüsusiyyəti ilə seçilən insanlardan biri oldu. Onun gülərüz simasının arxasında sanbal, təmkin və böyük bir daxili mədəniyyət dayanırdı. O, şən təbiətli idi, amma bu şənlik heç vaxt ciddiyyətinə kölgə salmırdı. Zarafatcıl görünməyə çalışmırdı, lakin səmimiyyəti ilə hər kəsdə xoş ovqat yarada bilirdi.

    İllər keçdikcə mən Hikmət müəllimin simasında daha bir həqiqəti yaxşı anladım: bəzi insanlar gördükləri işlərlə deyil, gördükləri işə münasibətləri ilə yadda qalırlar. Hikmət Məlikzadə də məhz belə insanlardan idi. O, şöhrətin arxasınca qaçmırdı. O, sözün arxasınca gedirdi. Bəlkə də buna görə sonralar yazdığı bir etirafda böyük təvazökarlıqla deyirdi:

    "...33 ildir Azərbaycan mətbuatının ən hündür qatında qələm-külüngümlə Söz adlı qayaları çapıram; fəqət məni daim kandarda gördülər..."

    Bu sətirləri oxuyanda mənim gözümün önünə nə ordenlər, nə təltiflər, nə də tribunalar gəlir. Mənim yadıma Azərbaycan Nəşriyyatının o kiçik otağı, həmişə tələsən, amma heç vaxt tələskən görünməyən, gülərüz, zəhmətkeş bir qələm adamı düşür.

    Və düşünürəm ki, bəzən sözün əsl sahibləri həqiqətən də kandarda qalırlar. Amma onların yazdıqları, yetişdirdikləri, göstərdikləri insanlıq nümunəsi heç vaxt kandarda qalmır.

    II Hissə

    PUBLİSİST HİKMƏT MƏLİKZADƏ... dövrün mətbuat mühitinə qısa baxış.

    Bəzən bir insanı tanımaq üçün onun yazdığı kitabları deyil, öz-özü ilə danışdığı bir neçə cümləni oxumaq kifayət edir. Hikmət müəllimin son vaxtlar yazdığı qısa qeydlər də məhz belə düşüncələrin məhsuludur. Onlar zahirən sadə görünsə də, arxasında ömür boyu yaşanmış sevincin, məyusluğun, inamın və insan ağrısının izləri dayanır.

    "Nə çörəyimin duzu var, nə əlimin..." – deyə başlayan etirafı əslində çörəkdən də, duzdan da danışmır. Bu, yaxşılıq etdiyi insanların biganəliyindən, "can" dediklərinin soyumasından, könlünü verdiyi adamların üz döndərməsindən doğan inciklikdir. "Halına yanmaq istədiklərim qarşı çıxır, nimçəsinə bal tökdüklərim asi, narazı baxışda olur..." sözləri isə həyatın ən kövrək həqiqətlərindən birini yada salır: bəzən insanın ən çox dəyər verdiyi adamlar onun qəlbini daha çox ağrıdır.

    Bu düşüncələrin sonunda yazdığı "Sən niyə məndən bu qədər qaçaqsan, ey bəxt?" sualı taleyə üsyan deyil. Daha çox ömrünü zəhmətə, sözə və insanlara həsr etmiş bir qələm adamının yorğun etirafıdır. Bu etirafın arxasında küskünlükdən çox təmkin, inciklikdən çox təfəkkür dayanır.

    Hikmət müəllimin yaradıcılığına nəzər salanda da eyni xüsusiyyət açıq görünür. O, təkcə şeir yazan müəllif deyil, həm də söz adamlarını diqqətlə izləyən, onların yaradıcılığına dəyər verməyi bacaran ədəbiyyat adamıdır. Uzun illərin jurnalisti Nüsrət Quliyevin 65 illiyinə həsr etdiyi "Onun həyat proqramında bir xətt var – neytrallıq" yazısı, Heydər Ələddinoğlunun otuz illik yaradıcılığı haqqında qələmə aldığı "Allah verirsə nemət, vermirsə hikmətdir" məqaləsi, şair Gülağa Tənha barədə yazdığı "Əsa" adlı maraqlı təhqiqat, Cəmil Dadaşovun 65 illiyinə həsr olunmuş "Tütüyə kişinin oğlu, Tütüyə kimi insan" və onlarla bu kimi yazılarla göstərir ki, o, qələm dostlarının yaradıcılığına da eyni məsuliyyət və vicdanla yanaşır.

    Hikmət müəllimin öz həyat yolu barədə yazdığı xatirələr isə onun poeziyaya necə ilahi bir əmanət kimi baxdığını göstərir. "Şeirin nə olduğunu beş yaşımda bildim" deməsi təsadüfi fikir deyil. İlk şeirini beş yaşında söyləməsi, atasının onu yazıya alması, doqquz yaşından qəzet səhifələrində görünməsi, sonralar "Ədəbiyyat qəzeti"nin onun yaradıcılıq məktəbinə çevrilməsi – bütün bunlar uzun və zəhmətli bir söz ömrünün başlanğıcı idi.

    O, bu yolun uğurlarını sadalayarkən özündən deyil, ona əl uzadan insanlardan danışır. Zahid Sarıtorpağı, Fəxrəddin Orxanı, Qurban Yaquboğlunu, Yavər Hüseynovu, Ayaz Vəfalını və başqa qələm dostlarını minnətdarlıqla xatırlayır. Bu xüsusiyyət onun mənəvi dünyasının ən gözəl cəhətlərindən biridir. Çünki həqiqi ziyalı qazandıqlarını yalnız öz istedadının hesabına yazmır; ona yol göstərənləri də unutmur.

    Otuz üç illik mətbuat fəaliyyətinə yekun vurarkən "Bu illərdə nə qazandım? Əlbəttə, yaxşı insanlar..." deməsi də təsadüfi deyil. Maddi qazancı deyil, mənəvi sərvəti önə çəkməsi Hikmət müəllimin həyat fəlsəfəsini aydın ifadə edir. Onun üçün ən böyük mükafat ad-san yox, saf münasibətlər, işıqlı insanlar və sözə hörmət göstərən dostlardır.

    Elə buna görə də Hikmət müəllimin yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Yazdıqları ilə yaşadıqları arasında uçurum yoxdur. O, necə düşünürsə, elə də yazır; necə yaşayırsa, elə də görünür. Bəlkə də onun sözünün oxucuya təsir etməsinin əsas səbəbi məhz budur – səmimiyyət.

    III Hissə

    DÖVRÜN MƏTBUAT MÜHİTİNƏ QISA BAXIŞ.

    Hikmət müəllimin yaradıcılığından danışarkən onun mətbuat sahəsindəki xidmətlərini ayrıca qeyd etməmək mümkün deyil. O, bu illər ərzində əməkdaşlıq etdiyi istənilən qəzetinin təsisçisi və baş redaktoru qədər öz üzərində məsuliyyət hiss edən biri kimi fəaliyyət göstərib. Bütün dövrlərdə mətbuatın iqtisadi çətinliklər yaşadığı məqamda belə, çalışdığı qəzetlərin fəaliyyətini dayandırmamasına çalışan biri olub. O, qəzetin yaşaması üçün əlindən gələni edib. Bu təkcə peşə məsuliyyətinin deyil, həm də sözə sədaqətin nümunəsidir.

    Hikmət müəllimin daha təqdirəlayiq cəhətlərindən biri də odur ki, ən ağır məqamda qəzetin dövrülüyünü qorumaq üçün öz şəxsi vəsaiti hesabına əməkdaşlıq etdiyi qəzeti də çap etdirib. Çoxumuz bilirik ki, qəzet sahəsi o qədər də maddi gəlir gətirən bir işdir, nə də asan yük. Əksinə, bu, sözün yaşaması naminə könüllü şəkildə çiyinlərə götürülmüş mənəvi məsuliyyətdir.

    Çünki o, yaxşı anlayır ki, qəzet təkcə kağız üzərində çap olunan yazılar toplusu deyil. Qəzet həm də dövrün yaddaşı, söz adamlarının tribunası, yeni qələm sahiblərinin ilk addımlarını atdığı məktəbdir. Bu düşüncə ilə yaşamaq isə hər adama nəsib olmur.

    Hikmət müəllimin həm şair, həm publisist, həm də redaktor kimi fəaliyyətində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də sözə olan vicdanlı münasibətidir. O, yazını yazmaq xatirinə yazmır. Hər məqaləsində araşdırma aparır, hər fikrini məsuliyyət hissi ilə əsaslandırmağa çalışır. Elə buna görə də onun publisistikası sadəcə informasiya vermir, həm də düşündürür, oxucunu müəlliflə birlikdə həqiqəti axtarmağa sövq edir.

    Onun ömrünə baxanda bir həqiqət aydın görünür: Hikmət müəllim şöhrətin deyil, sözün adamıdır. Çətinliklər qarşısında geri çəkilmədən, imkanlarının məhdudluğuna baxmayaraq, qələmini də, qəzetini də yaşatmağı bacarıb. Bəlkə də buna görə onun haqqında danışarkən ilk növbədə yazdıqları yox, şəxsiyyəti yada düşür. Çünki yazdığı sözlərin arxasında həmin sözlərə sədaqətlə yaşayan bir insan dayanır.

    Belə insanlar çox olmur. Onlar ədəbi mühitdə gurultulu təqdimatlarla deyil, səssiz zəhmətləri, dürüst mövqeləri və insanlıqları ilə iz qoyurlar. Hikmət müəllim də məhz həmin qələm adamlarındandır.

    IV - HİSSƏ

    DAVAMI HƏMİŞƏ OLAN SON SÖZ
    ƏVƏZİ

    ŞAİR HİKMƏT MƏLİKZADƏ Poeziyasının Əsas Xüsusiyyətləri .

    Hikmət müəllim haqqında düşünəndə göz önünə ilk növbədə məşhur bir şair, yaxud tanınmış bir publisist deyil, vicdanı ilə yaşayan bir insan gəlir. Çünki onun yaradıcılığı da, həyat yolu da eyni bir həqiqəti təsdiqləyir: söz yalnız qələmlə deyil, həm də ömürlə yazılır.

    Onun şeirlərində sevinc də var, kədər də, ümid də var, inciklik də. Publisistikasında araşdırmaçı təfəkkürü, redaktor fəaliyyətində məsuliyyət hissi, insanlarla münasibətində isə sadəlik və səmimiyyət diqqəti cəlb edir. Bütün bunlar bir yerdə Hikmət müəllimin mənəvi portretini tamamlayır.

    Özünün yazdığı bir cümlə isə, məncə, onun həyatının və taleyinin açarı kimi səslənir: "Bu illərdə nə qazandım? Əlbəttə, yaxşı insanlar..." Bu fikir təsadüfən deyilmir. Çünki insan ömrünün ən böyük sərvəti topladığı var-dövlət yox, qazandığı etibar, hörmət və dostluqdur. Hikmət müəllim də ömrünün hesabatını məhz bu mənəvi ölçü ilə verir.

    Bəzən taleyindən gileylənir, "Sən niyə məndən bu qədər qaçaqsan, ey bəxt?" deyə sual edir. Amma onun keçdiyi ömür yoluna baxanda düşünürsən ki, əsl bəxt bəzən insanın arzuladığı rahatlıq deyil, ona verilən mənəvi missiyadır. O missiya isə Hikmət müəllimə sözü sevmək, sözü yaşatmaq və sözə xidmət etmək qismət olub.

    Çox zaman olduğu kimi bu gün də, lazım gəlsə şəxsi vəsaiti hesabına əməkdaşlıq etdiyi mətbu orqanının yaşaması üçün maddi imkanını əsirgəməyən, qələm dostlarının yaradıcılığına diqqət göstərən, gənclərə yol açmağa çalışan, onun sözə sədaqətinin ən parlaq nümunələrindəndir. Belə insanlar çox görünməyə bilərlər, amma onların zəhməti görünür. Çünki onlar gurultulu təbliğatla deyil, gördükləri işlə yadda qalırlar.

    İnsan ömrünün ən gözəl qiymətini zaman verir. Zaman isə təkcə yazılanları deyil, yaşananları da yaddaşında saxlayır. İnanıram ki, Hikmət müəllimin də həm yazdıqları, həm də yaşadığı ləyaqətli ömür Azərbaycan ədəbi mühitinin yaddaşında öz layiqli yerini qoruyacaq.

    Bu kiçik yazı ilə ona möhkəm can sağlığı, tükənməyən yaradıcılıq eşqi, qələminə yeni uğurlar arzulayıram. Qoy yazdığı hər yeni söz, yetişdirdiyi hər yeni fikir və yaşatdığı hər yeni nömrə onun ömür kitabının işıqlı səhifələrinə çevrilsin. Çünki sözə sədaqətlə xidmət edən insanların ömrü yalnız yaşadıqları illərlə deyil, insanlara bəxş etdikləri mənəvi işıqla ölçülür.

    V HİSSƏ

    N Ə T İ C Ə

    Hikmət Məlikzadə Şeirlərinə Dost
    Münasibəti ...

    Bu yazı görə münasibət bildirmək üçün Hikmət Məlikzadə yaradıcılığından seçib götürdüyüm bu şeir, həm fəlsəfi, həm də sosial məzmunlu ən təsirli yaradıcılıq nümunəsidir. Şair burada ölüm, yoxsulluq, sevgi, insanın mənəvi yorğunluğu və dünyanın faniliyi haqqında düşündürücü fikirlərini poetik dillə ifadə edir.

    "Ölüm də göz vurur şorgöz kişitək,
    Adam bilmir ölsün, bilmir ki, qalsın.
    Kirayə evlərdə pul qeybə çıxar...
    Kölgəm günahını silmir ki, qalsın."

    Şeir ölüm obrazı ilə başlayır. Lakin ölüm, adi bir ölüm hadisə kimi yox, "şorgöz kişi" obrazında təqdim olunur. Xalq dilində "şorgöz kişi" gözü daim başqasının üstündə olan, rahat buraxmayan adam deməkdir. Şair bu bənzətmə ilə ölümün insanı hər an izlədiyini, onu rahat buraxmadığını ifadə edir.
    "Adam bilmir ölsün, bilmir ki, qalsın" misrası insanın həyat qarşısındakı çıxılmaz psixoloji vəziyyətini göstərir. Elə ağır problemlər var ki, yaşamaq da çətinləşir, ölmək də.
    Şeirdə, "Kirayə evlərdə pul qeybə çıxar" misrası isə sosial həyatın acı reallığını əks etdirir. Kirayə həyatı insanın qazancını görünmədən əridir, maddi sıxıntını dərinləşdirir.
    "Kölgəm günahını silmir ki, qalsın"- ifadəsi isə çox maraqlı məcaz bənzətməsidir. İnsan hara getsə, kölgəsi onu izlədiyi kimi, keçmişi və səhvləri də onu tərk etmir. Deməli, insan öz vicdanından qaça bilmir.

    "Mənim nə yaşım var, dəli olum ki,
    İki qəlb qırmağın savabı bumu?
    Yaylıq yelləyirsə, əlvida deyir, -
    Sevdiyim qadının cavabı bumu?"

    Burada şairin sevgi və inciklik plana önə keçir. Şair deyir ki, artıq həyat təcrübəsi olan bir insan kimi bilərəkdən kiminsə qəlbini qıracaq yaşda deyil. "İki qəlb qırmağın savabı bumu?"- misrası ritorik sualdır. Burada həm özünü, həm də qarşı tərəfi sorğu-suala çəkir. Sevginin sonunda niyə iki ürək sınmalıdır?
    "Yaylıq yelləyirsə, əlvida deyir"- misrası xalq ədəbiyyatında yaylıq yellənməsi ayrılığın klassik rəmzidir.
    Şeirin son misrası isə dərin məyusluq ifadə edir. Şair sevdiyi qadının ayrılığına hələ də inana bilmir və bu ayrılığı qəbul etməkdə çətinlik çəkir.

    "Nə qədər ev yıxıb bu inad, bəlli,
    Kasıbın heç yerdə yolu görünməz.
    Pulsuz, kim arzuya yetib ki, söylə?
    Cib boşsa, ürək də dolu görünməz..."

    Şeirin bu bənd cəmiyyətə ünvanlanmış sosial tənqiddir.
    Şair göstərir ki, təkcə maddi yoxsulluq deyil, insanın inadkarlığı da ailələri dağıda bilir.
    "Kasıbın heç yerdə yolu görünməz" misrası cəmiyyətin sosial ədalətsizliyinə işarədir. Maddi imkanı zəif olan insanın çox vaxt haqqı da görünməz olur.
    "Pulsuz, kim arzuya yetib ki?" - sualı həyatın acı həqiqətlərindən birini ifadə edir. Müasir dünyada bir çox arzuların gerçəkləşməsi maddi imkanlarla sıx bağlıdır.
    "Cib boşsa, ürək də dolu görünməz" - misrası isə şeirin ən uğurlu aforistik, yəni, aforizimşlərlə zəngin olan fikirlərindəndir. Şair demək istəmir ki, pul sevgini əvəz edir. O göstərir ki, maddi sıxıntılar insanın ruhunu da sıxır, sevincini və ümidini azaldır.

    "Eşq nədi, hörümçək torudu yoxsa?
    Əcəl qatarını ötürüb gedək...
    Adam şəklindəyik sadəcə, adam,
    Bir dəst çuxamız var, götürüb gedək"

    Son bənd şeirin fəlsəfi yekunudur.
    "Eşq nədi, hörümçək torudu yoxsa?" misrasında sevgi insanı özünə bağlayan incə, lakin qırılması çətin olan hörümçək toruna bənzədilir. Bu bənzətmə sevginin həm cazibəsini, həm də əsarətini ifadə edir.
    "Əcəl qatarını ötürüb gedək" misrası həyatın son dayanacağını xatırladır. İnsan ölümün qarşısını ala bilməz, yalnız ona doğru addımlayır.
    Şeirin son iki misrası isə olduqca dərin fəlsəfi ümumiləşdirmədir:
    Adam şəklindəyik sadəcə, adam,
    Bir dəst çuxamız var, götürüb gedək.
    Burada "çuxa" insanın bu dünyada malik olduğu maddi varlığın və zahiri görünüşünün rəmzidir. Şair demək istəyir ki, insan bu dünyaya əbədi sahib deyil. Sonda özü ilə nə var-dövlətini, nə şöhrətini, nə də iddialarını aparır. Yalnız ömrünü başa vurub köçür. Bu misralarda təvazökarlıq, fanilik duyğusu və insanın öz həqiqi mahiyyətini dərk etməsi ifadə olunur.

    Hikmət Məlikzadə bu şeirdə həyatın müxtəlif tərəflərini – ölümün qaçılmazlığını, sevginin ağrısını, yoxsulluğun yaratdığı sıxıntıları və insan ömrünün faniliyini bir-biri ilə üzvi şəkildə əlaqələndirir. Şair göstərir ki, insanı yalnız ölüm deyil, gündəlik həyatın maddi və mənəvi çətinlikləri də sınağa çəkir. Buna baxmayaraq, o, oxucunu ümidsizliyə yox, düşünməyə çağırır: ömür qısadır, insan zahiri görünüşü ilə deyil, qəlbi, vicdanı və əməlləri ilə dəyər qazanır.

    Şeirin bədii təsir gücü canlı xalq danışıq üslubunda, yaddaqalan müqayisəli bənzətmələr də və aforizm səviyyəsinə yüksələn misralarında təzahür edir. "Ölüm də göz vurur şorgöz kişitək", "Cib boşsa, ürək də dolu görünməz" və "Adam şəklindəyik sadəcə, adam" kimi misralar oxucunu yalnız emosional deyil, həm də fəlsəfi baxımdan düşündürür. Məhz bu xüsusiyyətlər Hikmət Məlikzadənin poeziyasının fərqləndirici cəhətlərindən biridir.

    Hikmət Məlikzadənin bu şeiri isə ictimai-fəlsəfi yükü ağır olan nümunələrindəndir. İlk baxışda uşaqlıq xatirəsi təsiri bağışlasa da, əslində şair uşaqlığın saflığını böyüklərin ikiüzlülüyü ilə qarşılaşdırır. Şeirin əsas ideyası insanın böyüdükcə mənəvi saflığını itirməsi, cəmiyyətin isə müqəddəs dəyərlərlə şəxsi əməlləri arasında yaranan ziddiyyətdir.

    "İri bir ağac var qonşu çəpərdə,
    Altında alaçıq qurub baxırıq.
    Hərə bir qız adı yazır bıçaqla,
    Biz də uşaq-uşaq durub baxırıq."

    Şeir keçmiş xatirələrinin yada salınması ilə başlayır. Burada ağac təkcə təbiət elementi deyil, uşaqlığın, ömrün və zamanın rəmzidir. Ağac gövdəsinə yazılan qız adları ilk məhəbbətin, saf hisslərin nişanəsidir.
    Şair "biz də uşaq-uşaq durub baxırıq" deməklə həmin hisslərə tamaşa edən, onları hələ tam dərk etməyən məsum uşaqların dünyasını təsvir edir. Burada "uşaq-uşaq" təkrarı məsumluğu və təbiiliyi daha da gücləndirir.

    "Bəlkə də sevməyə yaşımız çatmır,
    Bəlkə də bilmirik necə sevirlər...
    ...Saqqallı, təsbehli cahil kişilər
    Niyə bu qızları gecə sevirlər?..."

    Bu bənd şeirin ən kəskin sosial tənqididir.
    İlk iki misrada uşaqlar sevginin nə olduğunu anlamadıqlarını etiraf edirlər. Bu, səmimi etirafdır.
    Lakin növbəti misralarda şair birdən-birə cəmiyyətin riyakarlığını üzə çıxarır.
    "Saqqallı, təsbehli" ifadələri zahiri dindarlığı göstərir. Amma "cahil kişilər" sözü ilə şair bildirir ki, zahiri dindarlıq həqiqi mənəviyyat demək deyil. "Niyə bu qızları gecə sevirlər?" sualı zahirdə sadə görünür, əslində isə çox sərt ittihamdır. Burada şair gizli ehtirasları, qadına əşya kimi yanaşmanı və dini görüntü arxasında gizlənən mənəvi saxtakarlığı tənqid edir.

    "Təzə ayə gəlib ilham pərimdən,
    Bismillah deməsəm, oxumaq olmur.
    Qolları laxlayan hanadı ömür,
    Üstünə ip atıb toxumaq olmur."

    Bu bənddə şair dini terminləri poetik məna ilə işlədərək yaradıcılıqdan danışır.
    "Təzə ayə" burada ilahi vəhy yox, ilhamın müqəddəsliyi mənasında işlədilmiş bədii məcazi bənzətmədi.
    "Bismillah deməsəm, oxumaq olmur" misrası onu göstərir ki, insan hər xeyirli işə mənəvi hazırlıq və pak niyyətlə başlamalıdır.
    Son iki misrada ömür köhnəlmiş, qanadları boşalmış hana ilə müqayisə edilir. Hana xalça toxuyan alətdir. Əgər onun qolları boşalıbsa, artıq toxumaq mümkün deyil.
    Bu obraz demək istəyir ki, vaxt keçəndən sonra ömrü yenidən qurmaq, buraxılmış səhvləri düzəltmək mümkün olmur.

    "O vaxt naşı idik, qəm çağlayanda
    Vida yaylığıyla silərdik nə var...
    ...Şeytanın kitabı çapdadı hələ,
    Deyir, tez çıxsaydı, bilərdik nə var."

    Şair yenidən keçmişə qayıdır.
    Uşaqlıqda insanlar dərdləri sadəlövh şəkildə aradan qaldırmağa çalışırdılar. "Vida yaylığı" ayrılığın, göz yaşının və təmiz duyğuların simvoludur.
    Lakin son iki misrada güclü satira var.
    "Şeytanın kitabı çapdadı hələ" ifadəsi məcazdır. Şair demək istəyir ki, pisliklərin, hiylənin və mənəvi aşınmanın "qanunları" sanki artıq hər kəsə məlumdur.
    "Deyir, tez çıxsaydı, bilərdik nə var" misrası acı istehzadır. Yəni insanlar sanki pisliyi öyrənməkdə xeyirdən daha çevik davranırlar.

    Bu şeirdə Hikmət Məlikzadə uşaqlığın saflığını, ilk hisslərin təmizliyini və böyüdükcə insanın qarşılaşdığı mənəvi eybəcərlikləri qarşılaşdırır. Şair göstərir ki, sevgi uşağın gözündə saf və müqəddəsdir, lakin bəzi böyüklərin dünyasında o, riyakarlıq, şəhvət və ikiüzlülüklə çirklənir. Eyni zamanda müəllif zamanın geri dönməzliyini, ömrün köhnəlməsini və insanın sonradan peşman olmasının faydasızlığını dərin poetik obrazlarla ifadə edir.

    Hikmət Məlikzadə sadə kənd həyatından götürdüyü obrazlar – ağac, alaçıq, hana, yaylıq, təsbeh kimi detallar vasitəsilə bütöv bir cəmiyyətin mənəvi portretini yaradır. Oxucu şeiri bitirdikdən sonra yalnız uşaqlığı deyil, həm də insanın böyüdükcə itirdiyi saflığı, vicdanı və həqiqi mənəviyyatı düşünməyə başlayır. Bu da əsərin ən böyük bədii uğurudur.

    Hikmət Məlikzadənin bu şeiri, özü kimi zahirən sadə görünsə də, çoxqatlı fəlsəfi məna daşıyır. Burada həyatın faniliyi, insanın mənəvi kasıblığı, vicdan, tənhalıq və taleyə boyun əymək kimi motivlər poetik obrazlarla ifadə olunub.

    "İki ləpir qalıb palçıqlı yolda,
    İt tutan qadını qan aparır, bax.
    Tabutdan qəbirə kəsə yol yoxdu,
    Hərəni bir kövrək an aparır, bax."

    Şair ilk misralardan oxucunu ağır və sarsıdıcı bir mənzərənin içinə aparır. "İki ləpir" insanın bu dünyada qoyduğu izləri simvolizə edir. Lakin bu izlər palçıqlı yoldadır. Bu da həyat yolunun çətinliklər, ağrılar və natamamlıqlarla dolu olduğunu göstərir.
    "İt tutan qadını qan aparır" misrası realist olduğu qədər də simvolikdir. Buradakı qadın cəmiyyətin ən ağır, ən çətin yükünü daşıyan, lakin özü də həyatın amansızlığı qarşısında aciz qalan insan obrazıdır. "Qan aparır" ifadəsi həm faciəni, həm də ölümə aparan taleyi ifadə edir.
    Şeirdə ən güclü misra isə budur:
    "Tabutdan qəbirə kəsə yol yoxdu."
    Bu fikir insanın ölümdən qaça bilməyəcəyini bildirir. Dünyada hər işin qısa yolu ola bilər, amma ölümün yox. İnsan son mənzilinə yalnız öz taleyinin müəyyən etdiyi yolla gedir.
    "Hərəni bir kövrək an aparır" misrası isə göstərir ki, insanı ölümə çox vaxt böyük hadisələr deyil, bəzən cəmi bir zəif, kövrək an aparır.

    "Bu qoca küçənin işığı hanı, -
    Şeytan hardan bilsin, qapım hansıdı?
    Get, beş-on adamdan birinə pul ver,
    Çəkil, bir baxışa tapım hansıdı."

    Burada şair tənhalıq və mənəvi qaranlıq hissini ifadə edir.
    "Qoca küçə" keçmiş həyatın, köhnə xatirələrin və yaşanmış ömrün rəmzidir. O küçənin işığının itməsini şair insan münasibətlərinin, ümidlərin və əvvəlki istiliyin yox olması kimi təqdim edir.
    "Şeytan hardan bilsin, qapım hansıdı?" misrası çox maraqlı poetik paradoks yaradır. Şair demək istəyir ki, artıq o qədər unudulub, o qədər tənha qalıb ki, hətta şərin özü belə onun qapısını tanımır.
    Son iki misrada isə insan münasibətlərinin saxtalaşmasına toxunur.
    Pul verib insanların baxışını almaq mümkündürmü? Şair bunu kinayə ilə deyir. İnsanların baxışlarında səmimiyyət itib, həqiqi münasibəti seçmək çətinləşib.

    "Eh, ürək quş kimi çırpınır çox vaxt,
    Cibində bir ovuc savabın olmur.
    Hesab dəftəridi bəlkə də həyat,
    Vurusan-çıxırsan, cavabın olmur."

    Bu bənd şeirin fəlsəfi mərkəzidir.
    Ürək daim arzularla yaşayır, lakin insan ömrünün sonunda baxır ki, mənəvi qazancı çox azdır.
    "Cibində bir ovuc savabın olmur" misrası insanın vicdan qarşısında hesabatını ifadə edir. Burada "cib" maddiyyatı, "savab" isə mənəviyyatı simvolizə edir.
    "Hesab dəftəridi bəlkə də həyat" misrası olduqca dərin qatlı bənzətmədir. İnsan bütün ömrü boyu hesab aparır, nə qazandı, nə itirdi, nə verdi, nə aldı.
    Amma sonda bütün bu hesabların dəqiq cavabı olmur. Çünki həyat riyazi düstur deyil.

    "Mən eşq nağılları oxumadım heç,
    Günaha yağ sürtüb, yeyəcəm,
    getmə.
    Ömrümü pul kimi xərclədim, heyif,
    Gedirsən, sanma ki, deyəcəm:
    getmə."

    Son bənddə şair artıq həyatına yekun qiymət verir. "Eşq nağılları oxumadım" deməklə romantik xəyallardan uzaq yaşadığını bildirir.
    "Günaha yağ sürtüb, yeyəcəm" ifadəsi xalq danışıq dilindən gələn sərt, ironik obrazdır. Burada insanın öz qüsurlarını gizlətmədən qəbul etməsi, həyatın acısını istehzayla qarşılaması hiss olunur.
    "Ömrümü pul kimi xərclədim" misrası isə şeirin ən təsirli etiraflarından biridir. Pul necə düşünülmədən xərclənirsə, şair də ömrünün əldən necə çıxdığını eyni ağrı ilə anlayır.

    "Gedirsən, sanma ki, deyəcəm: getmə." - misrasında zahirdə qürur təsiri bağışlasa da, əslində dərin inciklik və təslimiyyət daşıyır. Şair bilir ki, gedən nə sevgi, nə zaman, nə də ömür geri qayıtmır. Buna görə də "getmə" deməyin faydasız olduğunu anlayır.

    Hikmət Məlikzadənin bu şeiri insan ömrünün hesabatıdır. Burada sevgi ikinci plandadır; əsas mövzu həyatın mənası, zamanın amansız axını, vicdan qarşısında cavabdehlik və insanın gecikmiş peşmanlığıdır. Şair obrazlı ifadələr, xalq danışıq üslubu və gözlənilməz metaforalar vasitəsilə oxucunu öz ömrünün də hesabatını aparmağa sövq edir.

    Şeirin ən böyük bədii uğuru ondadır ki, müəllif böyük fəlsəfi fikirləri mürəkkəb sözlərlə deyil, gündəlik həyatın adi görünən obrazları ilə ifadə edir. Palçıqlı yol, ləpir, köhnə küçə, cib, hesab dəftəri və pul kimi sadə detallar dərin mənəvi məna qazanaraq həyatın faniliyini, insanın mənəvi məsuliyyətini və zamanın geri dönməzliyini düşündürən güclü poetik simvollara çevrilir. Bu xüsusiyyət Hikmət Məlikzadənin poeziyasına həm səmimiyyət, həm də təsir gücü bəxş edir.

    Dəyərli əsil insan, dost, fədakar jurnalist, məsuliyyətli publisist, şair Hikmət Məlikzadəyə həyat və yaradıcılıq yolunda sağlam can sağlığı və uzun ömür ilə bərabər yeni yaradıcılıq uğurları diləyirəm. Allah qorusun sizi gözəl insan deyirəm.
    Böyük səmimiyyətlə,

    Elxas Comərd

    "SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN  QƏLƏM ADAMI...


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ