Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olub. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.
Nəcəf bəy Vəzirov “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradıb. O, 1903–cü ildə Bakı Dumasına katib seçilib. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilib və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edib.
1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradıb. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazıb, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edib, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərib.
1913–cü il noyabrın 15–də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirib. Bu gecə böyük bir mədəni bayrama çevrilib. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc ediblər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərib, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndiriblər. Ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində fəal çalışıb. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazıb. Azərbaycanda aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyib.
Nəcəf bəy Vəzirov 1926–cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyulun 13–də orada ürək çatışmazlığından vəfat edib.
