Sizin reklam burada
Sizin reklam burada
  • Aqil Məmmədov: Kəlbəcərin işğal tarixi heç vaxt yaddan çıxmayacaq

    “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Bunu Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, YAP üzvü Aqil Məmmədov deyib.

    O qeyd edib ki, Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur: “İşğala qədər rayonun əhalisi 53 478 nəfər, ərazisi isə 3054 kv. km. təşkil edib. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olub. (Bu statistik rəqəmlər Ağdərə rayonu bərpa edilənə qədər olan məlumatlardır)

    1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən Kəlbəcər rayonu işğal edilib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Ermənistanın işğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Təcavüz nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

    Bununla yanaşı rəsmi İrəvanın hərbi cinayət törədərək BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasını həyata keçirib. Çox təəsüf ki, beynəlxalq birlik Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yubub Bu da sözsüz ki, iİkili standartlar siyasətinin təzahürüdür. Çünki BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi. Öz növbəsində beynəlxalq təşkilatlar isə onun icrasını tələb etməyib”.

    Şura sədri bildirib ki, II Qarabağ müharibəsi nəticəsində Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti olduqca böyük idi:

    “Bu eyni zamanda effektiv hərbi strategiyanın nəticəsi idi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri tərk edən qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldı. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

    2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilməsi vacib önəm kəsb edir.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

    Eyni zamanda Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Artıq digər azad edilmiş ərazilərimiz kimi Kəlbəcərdə işğaldan sonra özünün yeni mərhələsini yaşayır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Kəlbəcərdə geniş quruculuq bərpa işləri icra edilir.

    Aqil Məmmədov Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin və digər mühüm infrastruktur obyektlərinin icrasının əhəmiyyətindən bəhs edib:

    “Sözsüz ki, digər azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq prosesləri kimi Kəlbəcərdə də aparılan işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin nəzarətindədir.

    Kəlbəcərin yeni dövrünün ən önəmli hadisələrindən biri məcburi köçkünlərin öz yurdlarına mərhələli şəkildə qayıdışıdır.

    2025-ci il avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olması və buraya köçən sakinlərlə görüşü də tarixi məqamlardan idi.

    Sözsüz kəlbəcərlilərin  öz ata-baba ocaqlarına qayıdışı təkcə bir demoqrafik bərpa deyil, həm də mənəvi ədalətin bərpasıdır. Uzun illər həsrətlə qalan insanlar evlərinə, torpaqlarına, ata-baba yurdlarına qayıdaraq bu torpağa yenidən nəfəs verirlər. Bu qayıdışla birlikdə Kəlbəcərdə həyat yenidən canlanır, kəndlər yenidən qurulur, insanlar öz gələcəklərini məhz bu torpaqda qurmağa başlayırlar”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ