Yeni yaradılan VR otağı tələbələrin nəzəri biliklərini praktik mühitdə daha effektiv şəkildə tətbiq etmələrinə imkan yaradacaq. Bu texnologiya vasitəsilə tələbələr müxtəlif mühəndislik proseslərini, aqrar texnika və avadanlıqların işləmə prinsiplərini, eləcə də mürəkkəb istehsalat və simulyasiya proseslərini virtual mühitdə öyrənə biləcəklər.
Layihənin əsas məqsədi tədris prosesində innovativ yanaşmaların tətbiqi, tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və onların əmək bazarının tələblərinə daha yaxşı hazırlanmasıdır. VR otağı, həmçinin elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların tətbiqi baxımından da geniş imkanlar təqdim edir.
Otaqla tanış olan universitetin rektoru Zəfər Qurbanov qeyd edib ki, bu cür innovativ təşəbbüslər ADAU-da təhsilin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Bildirilib ki, gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, VR texnologiyalarının tədris prosesinə inteqrasiyası dünyanın aparıcı universitetlərində geniş tətbiq olunur və bu sahədə ADAU-nun atdığı addım universitetin innovasiya yönümlü inkişaf strategiyasının tərkib hissəsidir.
