Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

    Dövlət Agentliyindən bildirilib ki, görüş zamanı qurumun sədri Elnur Bağırov milli standartlaşdırma sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə məlumat verib. Eyni zamanda ölkəmizin IEC-ə assosiativ üzvlüyü çərçivəsində elektrotexniki standartlaşdırma fəaliyyətinin genişləndirilməsi, elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyanın sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

    IEC-in baş katibi və baş icraçı direktoru Filip Metzqer öz növbəsində Azərbaycanla elektrotexnika, enerji, rəqəmsal texnologiyalar, süni intellekt və digər innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsi və yeni tərəfdaşlıqlara dair fikirlərini bölüşüb.

    Görüş keyfiyyət infrastrukturunun inkişafı, IEC standartlarının tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi, standartlaşdırma üzrə müvafiq texniki komitələrdə iştirak imkanının, eləcə də beynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasını nəzərdə tutan müzakirələrlə davam etdirilib.

    Qeyd edək ki, IEC 170-ə yaxın ölkəni əhatə edən geniş şəbəkə vasitəsilə 30 mindən çox beynəlxalq eksperti bir araya gətirərək elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullar, o cümlədən xidmətlərə dair uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində Milli Elektrotexniki Komitə təsis edilib. 2026-cı il 1 yanvar tarixindən isə Azərbaycan Respublikasının IEC-də assosiativ üzvlüyü təsdiq olunub.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ