Sizin reklam burada
Sizin reklam burada
  • Dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatımız üçün yeni imkanlar açır

    "Azərbaycanda həyata keçirilən ardıcıl iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafı, regionlarda yeni istehsal sahələrinin yaradılması və mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsidir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkəmiz üçün mühüm və perspektivli istiqamətlərdən biridir.

    Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövrdə bu sahənin inkişafına sistemli və uzunmüddətli yanaşma nəzərdə tutulur. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının həyata keçirilməsi qeyri-neft sektorunun genişlənməsi ilə yanaşı, regionların sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək.

    Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mövcud təbii ehtiyatların öyrənilməsi, geoloji kəşfiyyat işlərinin aparılması və perspektivli yataqların iqtisadi dövriyyəyə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında yerləşən zəngin təbii ehtiyatların gələcəkdə ölkə iqtisadiyyatına xidmət etməsi üçün müasir yanaşmaların tətbiqi vacibdir."

    Bunu atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib. 

    Deputat əlavə edib ki, Kəlbəcərdə mövcud perspektivli yataqların öyrənilməsi və qiymətləndirilməsi regionda yeni iqtisadi imkanların formalaşmasına şərait yarada bilər. Bununla yanaşı, bütün layihələrdə ekoloji təhlükəsizliyin təmin edilməsi əsas prinsiplərdən biri olmalıdır. Çünki Azərbaycanın ən böyük sərvəti yalnız yerin altındakı ehtiyatlar deyil, həm də onun zəngin təbiəti, su ehtiyatları, meşələri və ekoloji mühitidir:


    "Dağ-mədən sənayesinin inkişafı yalnız xammal hasilatı ilə məhdudlaşmamalıdır. Əsas məqsədlərdən biri həmin xammalın ölkə daxilində emal olunması, yeni istehsal müəssisələrinin yaradılması və daha yüksək əlavə dəyərə malik məhsulların istehsal edilməsidir. Bu yanaşma yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına, logistika və xidmət sektorlarının genişlənməsinə də imkan yarada bilər.

    Balakanda yerləşən “Filizçay” polimetal yatağı, Daşkəsən və digər perspektivli yataqların inkişaf etdirilməsi, eləcə də Naxçıvanda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi ölkənin mineral resurs potensialından daha səmərəli istifadəyə xidmət edən mühüm istiqamətlər sırasındadır."


    Mircəlil Qasımlının fikrincə metallurgiya sənayesinin inkişafı da Dövlət Proqramının mühüm istiqamətlərindəndir. Alüminium istehsalının genişləndirilməsi, yeni zavodların yaradılması və müasir texnologiyaların tətbiqi Azərbaycanın sənaye və ixrac imkanlarının artmasına şərait yarada bilər.

    Bu prosesdə yerli və xarici investorların iştirakı üçün imkanların yaradılması da mühüm əhəmiyyət daşıyır:

    Dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq böyük həcmli sənaye layihələrinin reallaşdırılmasını sürətləndirə, ölkəyə yeni texnologiya və investisiyaların cəlb olunmasına imkan verə bilər.

    Mircəlil Qasımlı açıqlamasında onu da qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafında əsas məqsəd təbii sərvətlərdən maksimum və səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatına uzunmüddətli fayda qazandırmaq olmalıdır. Eyni zamanda, bütün fəaliyyət zamanı ekoloji standartların qorunması, təbiətə mümkün təsirlərin minimuma endirilməsi və müasir texnologiyaların tətbiqi xüsusi diqqətdə saxlanılmalıdır.

    2027–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı qeyri-neft sənayesinin inkişafı, regionlarda iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması və Azərbaycanın ixrac potensialının genişləndirilməsi baxımından yeni imkanlar formalaşdırır. Əsas hədəf mövcud təbii sərvətləri gələcək nəsillərin maraqlarını da nəzərə almaqla ölkənin davamlı iqtisadi inkişafına xidmət edən real iqtisadi dəyərə çevirməkdir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ