Qəzənfər Məsimoğlu
TƏBRİZ
Bu nə ağrı, bu nə acı?
Yenə dolub gözün, Təbriz.
Sənsən başımızın tacı,
Tükənməsin sözün, Təbriz.
Bircə dar günün olmasın,
Dərdin sinəndə qalmasın,
Açan güllərin solmasın,
Çiçəklənsin yazın, Təbriz.
Türksən, türkə güvənc olub,
Sənə qıyan gülünc olub.
Bir əlində qılınc olub,
Bir əlində sazın, Təbriz.
Düşmənlər güc gələmməsin,
Göydən ölüm ələnməsin,
Canın qana bələnməsin,
Gülsün dağın, düzün, Təbriz.
Sən ki, qoca bir Qorqudsan,
Bizə müqəddəs məbudsan.
Güman yerimiz, Məsudsan,
Qabağa dur özün, Təbriz!
NƏRGİZİ
Həsrətdən üzünü çevirib yana,
Küsəyən bilməzdim belə nərgizi.
Sarı saçlarından öpürəm, yenə,
Gətirə bilmirəm yola nərgizi.
Sevən ürəklərə danışan dildi,
Aşiqin, məşuqun sevdiyi güldü.
Alovlu baxışdı, titrəyən əldi,
Qıymaram istisiz ələ nərgizi.
Yaranıb baharın məhəbbətindən,
Almasın üstünü nə duman, nə çən.
Özü yaxşı bilir, heyranıyam mən,
Axır gətirəcəm dilə nərgizi.
Ömrü fəsillərin bayram ayıdı,
Çöllərin ətirli Tanrı payıdı.
Sarı kəpənəkli kəlağayıdı,
Yamaclar isməti bilə nərgizi.
Qəzənfər, olmadın sevgi yorğunu,
Ana təbiətdən sordun sorğunu.
Nə gözəl demişdi elin Vurğunu:
-Dizini yerə qoy, iylə nərgizi.
