Şahverən Cavad Astarada dənizin nəfəsini dinləyir. Onun misralarında dalğalar bənövşə boynubükülü dayanır, qağayı fəryadı zilə qalxır, suların bəmindəki kədər sözə çevrilir. O, dənizin həm qış yuxusunu görüb, həm də şəfəqlərin mavi gözlərdə necə gülümsədiyini yazıb. Dəniz onun talehidir, sirdaşdır....
Damət Salmanoğlu isə Bilgəhdə sahilə söykənib ömrün içindən keçən sevgini qələmə alır. Onun şeirlərində yuxular gerçəyə dönür, zaman ləngiyir, iki ürək eyni ritmlə döyünür. O, sevginin alovunu yandırmayan, isidən tərəfini yazır.
Hər ikisinin yaşı yetmişə yaxınlaşır. Amma sözlərinin yaşı yoxdur. Çünki həqiqi şeir təqvimlə ölçülmür. Onların qələmində həm gəncliyin atəşi var, həm ömrün sükutu. Həm dalğa coşqusu, həm dərin su səbrı.
Biri cənubun duzlu küləyini misraya çevirir, biri şimal sahilində sevginin işığını qoruyur. Amma hər ikisinin ürəyi dənizdən böyükdür. Çünki dəniz sahillə bitir, ürək isə yaşadıqca genişlənir.
Onlar artıq sözün içində yaşayırlar. Dəniz necə hər gün sahilə qayıdırsa, oxucu da onların misralarına elə qayıdır.
İki sahil. Bir ömür. Bir dəniz.
Hər iki dostuma ən xoş arzularımı bildirirəm.
Allah sizi qorusun!!!
Prezident təqaüdçüsü,
AJB-nin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı
