Sizin reklam burada
Sizin reklam burada
  • Borçalı həsrətiylə ürəyi üzülüb, dünyanı kədərlə dəyişmiş həmkarımız

    Yaxud dumanlı, boz tale ilə Valehin nağılı...
    Əlli il ana vətəni Borçalını görə bilməyən, bir çox arzuları ürəyində qalan, qaranlıq taleli Əməkdar jurnalist, “Səs” qəzeti baş redaktorunun müavini, jurnalistlər şəhərciyinin birinci binasındakı qonşumuz Valeh Məhərrəmlinin vəfatı məni çox sarsıtdı. Lap çox. O, ana vətəninə ANA-sının ruhuna edilən hörmətsizliyə görə getmirdi. Həmin hörmətsizliyi öz atası yox, bir başqası etmiş olsaydı, Valeh baş kəsmək qədər qanlı hərəkətlərə əl ata biləcək bir adam idi.
    Yazının sərlövhəsi hörmətli oxucuları həyəcanlandırdığına görə əvvəlcə o barədə. Valeh Cəbrayıl oğlu Məhərrəmli ( “Səs” qəzetinin oxucuları onu “Mirzəqərənfil” kimi tanıyırdı) 1952-ci il fevralın 15-də Gürcüstanın Marneuli rayonunda anadan olmuşdu. 1991-ci ildən – “Səs” qəzeti yarandığı gündən həmin nəşrdə çalışmış, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutmuşdu. Bu il aprelin 2-də 73 yaşında dünyasını dəyişib.
    Onun nakamlığı və Borçalı həsrəti ilə bağlı olan xüsusi detal nədən ibarət idi?
    Bayılda, neftçilərin yataqxanasında dörd ildən çox eyni otaqda qaldığımıza görə onun haqqında bir çox faktları yerlilərinə nisbətən mən daha yaxşı bilirdim. Bilirdim ki, Valeh hərbi xidmətdə olanda anası rəhmətə getmiş, atası Cəbrayıl kişi isə nəinki Valehin ordudan qayıtmasını, hətta, xanımının qırxının çıxmasını gözləmədən evlənmişdi. Bu fakt əvvəldən də emosional olan Valehi dəli olmaq dərəcəsinə gətirmiş, əsgərliyi başa çatandan sonra Borçalıya qayıtmadan Bakıya gəlmişdi. Sonra onun dayısı, əslən Marneulidən olan – Bakıda yaşayan bəzi tanınmış adamlar dəfələrlə yanına gəlmiş, atası ilə barışmasını xahiş etmişdilər. Yadımdadır, yerlilərindən biri ona “Atanla mütləq barışmalısan!” – deyəndə Valeh “Atamla mütləq barışacağam!”– demişdi. Qohumu soruşmuşdu: “Nə zaman?” “O biri dünyada!” – deyə Valeh cavab vermişdi.
    ... Bu ilin aprelində o biri dünyaya getdi. Bilmirəm, barışdılar, ya yox.
    ... Valeh mənim zarafat edə bildiyim iki-üç dostumdan biri idi. Üstəlik, ondan ədəbiyyata aid çox şey öyrənmişdim. İmkan tapıb oxuya bilmədiyim kitabların hamısı barədə mənə danışırdı.
    Mən müqəddəs kitabımız “Qurani-Kərim” haqqında da ən dərinməzmunlu söhbətləri ilk dəfə ondan eşitmişdim, “Avesta” haqqında da, Nizami Gəncəvinin “Xəmsə”si haqqında da. Lev Qumilyovun qədim türk tarixi barədə yazdıqlarını da bizə əvvəlcə o danışmışdı, Əbülqasim Firdövsinin “Şahnamə”sindəki obyektiv və subyektiv fikirləri də. “Şahnamə”ni rus dilində də oxumuz azsaylı tanışlarımızdan idi. Deyirdi ki, həmin əsərin rusdilli variantında müəllifin türklərə nifrəti gizlədilib. Mənim tanıdığım adamlar arasında onun qədər mütaliəli olan kimisə xatırlamıram.
    O, Raymond Moudinin “Ölümdən sonrakı həyat”, Mişel Nostradamusun “Peyğəmbərlik”, Alan Kardekinin “Ruhlar kitabı”nı və ona qədər bu qəbildən olan əsərləri, kitabları rus dilindən ana dilimizə tərcümə etmişdi.
    ... Ötən əsrin yetmişinci illərinin ikinci yarısı idi. Baylda, 26 Bakı Komissarı adına Neft və Qaz Çıxarma İdarəsinin Badamdar yoxuşundakı ikimərtəbəli yataqxanasının 59-cu otağında əmimoğlu Qabil Qaçayev, qohumumuz Oktay Kərimov, Valeh və mən yaşayırdıq. O, mədəndə sürücü işləyirdi, mən traktorçu. Axundov adına kitabxanaya da birlikdə gedirdik, İliç adına Neftçilərin Mədəniyyət sarayına da. Sonralar mən İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində oxuyurdum, o isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində. Bayramları da 59-cu otaqda qeyd edirdik, ad günlərimizi də. Biz üçümüz arabir kəndə – Qutqaşenə gedə bilsək də, onun gedə biləsi yeri yox idi.
    Ancaq sonra iş elə gətirdi ki, onu Yardımlının Perimbel kəndinə ədəbiyyat müəllimi göndərdilər. Aman Allah, ömrünün ən qaynar illərini Bayıl mədənlərində və mədən ərazisindəki yataqxanada keçirmiş Valehi Yardımlıdakı kənd həyatı necə sevindirmişdi? Perimbeldən mənə az qala hər həftə məktub yazırdı. Məktubların əksəriyyətində qeyd edirdi ki, buradan (Perimbel dağ kəndidir) Ərdəbil görünür.
    ... Hər ikimizin çoxsaylı arzularımız var idi. O, iki arzusunu tez-tez dilə gətirirdi: 1. Paytaxtın nüfuzlu orta məktəblərindən birində şagirdlərə Azərbaycan ədəbiyyatını tədris eləmək ( mən hansısa orta məktəbdə Azərbaycan ədəbiyyarını Valeh Məhərrəmli səviyyəsində bilən müəllimin olduğunu öyrənsəm... dünyanın xoşbəxti olaram – İ.M. ) Valehin həmin arzusu reallaşmadı. 2. İstəyirəm ölkədə hamı adam olsun! Dostumun həmin arzusu da əlçatan olmadı. 3. Allah edə Araz çayı şairlərin töhmətindən qurtula. (Yəni Azərbaycan bütövləşə – İ.M.)Yazıq Valeh bu arzusuna da çatmadı.
    Mənim arzularım: 1. Kaş bir kitabım çıxaydı, onu atama göndərəydim (İlk kitabım rəhmətlik atamın qırxı çıxandan sonra ərsəyə gəlmişdi). 2. Bakıdakı böyük mədəniyyət ocaqlarından birində çıxış etmək üçün mənə də söz veriləydi ( sonra Lenin sarayı – indiki Heydər Əliyev sarayı istisna olmaqla demək olar ki, paytaxtın bütün mədəniyyət ocaqlarının tribunasından söz demək imkanım oldu) . 3. Hansısa radio və ya televiziya verilişini apara biləydim ( sonralar beş il hər gün az qala beş dəfə Dövlət Radiosundan səsim gəldi).
    ... Heç bir arzusuna çata bilməyən Valeh ailə quranda bəy kostyumu geyinməmişdi. Heç sağdışı, solduşu da olmamışdı. Elə qızını köçürəndə də məclisdə nəinki valideyn kimi söz deyə bilmədi, hətta ayaq üstdə dayana bilmədi.
    Valehin qızının toyu barədə danışarkən bir məqamı da xatırlatmaq istəyirəm. Mənim jurnalist Rasim Quliyevə peşəkarlığına və məsuliyyətinə görə bir həmkar kimi olduqca böyük rəğbətim var idi. Onun qardaşı – “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevi isə ay yarım həmin redaksiyada çalışmış oğlumu işə qəbul etmədiyinə, hətta 45 gündə yazdığı 36 yazıya görə bir qəpik də olsun qonorar vermədiyinə görə heç zaman bağışlamayacağımı demişdim.
    Ancaq Valeh Məhərrəmli ən ağır xəstə olduğu günlərdə də Bəhruz onu işdən çıxarmayanda, Valehin qızının toyunu qardaş və ya əmi kimi layiqincə yola verəndə ( toyda qız tərəfin adamlarının hamısı “Səs” qəzeti”nin kollektivi və mən idim), üstəlik, Jurnalist şəhərciyində Valehin yasını öz cibinin vəsaiti ilə təşkil edəndə... Bəhruzu bağışladım. Adamı tanımaq olmazmış .
    Bəli, “Nakam ömür, tozlu tale, sınıq ürək və Valehin nağılı” bu il aprelin 2-də başa çatdı. Ancaq göy ... o göy deyildi. Üç alma, zad, heç nə düşmədi.
    Ananla görüşün, atanla barışığın, yeni yataqxanan mübarək, köhnə dost!

    İttifaq MİRZƏBƏYLİ
    Əməkdar jurnalist
    Şəkildə: İttifaq Mirzəbəyli və Valeh Məhərrəmli 1977-ci ildə

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ