Sizin reklam burada
Sizin reklam burada
  • Masallı "İsti-Su" sanatoriyası; Yüksək inkişaf, nümunəvi xidmət, ciddi nəzarət,

    Adətən, yaz-yay aylarında, havalar istiləşəndə insanlar bir qədər sərin guşələrə, təbiət qoynuna, dağlara çəkilir, istirahət yerlərinə, sanatoriyalara üz tutur. Bu baxımdan dağ sanatoriyalarına daha cox axın olur.
    Azərbaycanda mövcud olan dağ sanatoriyalarından biri və müalicəvi xüsusiyyətlərinə görə öndə olanı Masallı İsti-Su sanatoriyasıdır. Bu kurort-sanatoriyanın faydaları və özəllikləri barədə hər il gəlib burada dincələn  insanlardan biri kimi dəfələrlə maraqlı qeydlər aparmış, ana körpəsini bağrına basan kimi, sanatoriyanı dörd bir yandan ağuşuna alan, buz bulaqları, yamyaşıl meşələri ilə göz oxşayan dağların füsukar gözəlliyindən silsilə yazılarımda söz açmışam.  Və diqqət çəkən əsas məqamlardan biri də odur ki, burada ilbəil həyata keçirilən müasirləşmə, quruculuq, abadlıq işləri, sanitar təmizlik, səliqə-səhman ziyarətçilərin  bir qədər də səmərəli-əyləncəli dincəlmələrinə səbəb olur.
    Lakin təəssüflə qeyd etmək istərdim ki, bəzi həmkarlarımız görülən işlərlə, aparılan abadlıq işlərinə, yaradılan ekzotik və estetik gözəlliklərə (əkilən növbənöv gül-çıçəklərə) dəyər verməkdənsə, şantaj xarakterli yazı və çıxışlarla kölgə salmağa çalışırlar. Hələ burada neçə ailə başçılarının bacarığına uyğun müvafiq işlə təmin olunaraq evinə-ailəsinə çörək pulu aparmasını, neçə-neçə əlsiz-ayaqsız, imkansız, aztəminatlı ailələrə olunan maddi-mənəvi köməklikləri, şəhid ailələri və qazilərə maddi-mənəvi dəstəklə yanaşı, onların ödənişsiz müalicəsinin təşkilini və sair kimi həssas məsələləri dilə gətirmirəm. Hərçənd necə deyərlər, "görünən dağa nə bələdçi?" İndi heç nəyi nə dövlətdən, nə vətəndaşdan, nə aidiyyatı şəxslərdən gizlətmək mümkün deyil və burada nə baş verirsə, nə qurulub yaradılırsa, bu yalnız ilk növbədə turizmin əhəmiyyətli dərəcədə inkişafı naminə insan axınını artırmaq, qəbul olunan müalicənin və istirahətin mənalı-səmərəli təşkilinə xidmət edir.

    Sahibkarlığın inkişafı dövlət maraqlarının əsas istiqamətlərindəndir

    Bir də nəzərə almaq lazımdır ki, ölkəmizdə sahibkarılığın və turizmin inkişafına dəstək məqsədilə xüsusi dövlət proqramı işlənib hazırlanıb. Dövlət başçısı dəfələrlə öz çıxışlarında sahibkarlara geniş meydan verilməsini, onların fəaliyyətinə kölgə salan maneələrin aradan qaldırılmasını, əsassız yoxlamaların dayandırılmasını, digər bu kimi neqativ hallara son qoyulmasını tələb edib. Sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxlərin arxasında dövlət həm də ona görə dayanır ki, bu, işsizliyin azaldılmasına bilavasitə xidmət edir.

    Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda yazılır:
    Bu Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (bundan sonra – qurumlar) ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

    Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.

    Sahibkar Qardaşəli Allahyarovun dediklərindən...

    İndi isə gəlin Masallı "İsti-Su" sanatoriyasındakı sahibkarlardan biri,  "Ailə sevinci sanatoriyası"nın rəhbəri Qardaşəli Allahyarovun "atributinfo.az"a verdiyi açıqlamaya diqqət yetirək:

    "Masallı "İsti-Su" sanatoriyasında hal-hazırda 12-yə yaxın rəsmi olaraq vergi qeydiyyatından keçmiş azad sahibkar fəaliyyət göstərir. Eyni zamanda Qəriblər də daxil olmaqla, ətraf kəndlərin böyük əksəriyyəti burada işləyir.
    Diqqətinizə çatdırmaq istəyirəm ki, sanatoriyamız özəl fəaliyyət göstərir, kommunallarla rəsmi müqaviləmiz var. Onlar vaxtlı-vaxtında gəlib buradan zibil tullantılarını daşıyır, digər xidmət növlərini həyata keçirirlər. Bura kasıbların, imkansız, aztəminatlı ailələrin dolanışıq yeridir. Sanatoriyada şəhid ailələri, qazilər təmənnasız müalicə alır, və ödənişsiz olaraq otaqlarda yerləşdirilirlər. Onlara, hətta burada iş qurub, fəaliyyət göstərmək ücün hər cür şərait və imkan yaradılır.
    Qeyd edim ki, burada Azərbaycanın əksər bölgələrindən işçilər çalışır. Fəaliyyətdə olan nə varsa, sənədli-subutludur və dövlət vergi müfəttişliyi tərəfindən daim nəzarətdədir. "Ailə sevinci sanatoriyası"nın dayanacaq xidmətləri bu sanatoriyaya aiddir və dayanacaq pulu ödəyən hər bir sürücüyə qəbz verilir.

    Burada ağacı kəsmirlər, əkirlər

    "Ailə sevinci" sanatoriyasının rəhbəri Q. Allahyarov açıqlamasinda onu da bildirdi ki:
    "O ki, qaldı kəsilən ağac kötüklərinə, burada bir müddət əvvəl güclü külək nəticəsində ağac aşıb yolu bağlamışdı. Meşə idarəsinin işçilərini dəvət etdik, gəlib həmin ağacı sənədləşdirərək kəsib bizə satdılar. Ağa qara deyən bəzi jurnalistlər isə həmin kötük parçalarını əldə bayraq edib qərəzli mövqe tutaraq bizi şantaj etməyə çalışırlar.
    Hal-hazırda içməli su krantlardan təmənnasız olaraq axır. Ancaq vaxt vardı, burada nə tualet, nə də su yox idi. Bu 10 hektar sahədə gördüyünüz nə varsa, 32 illik fəaliyyətimiz ərzində biz onları yeddi qardaşa tikib, qurub, yaratmışıq. Buralar çılpaq ərazi idi, ağaclar yox idi. Ötən müddət ərzində təkcə 600-dən çox meyvə ağacları əkmişik ki, onların içərisində gilas, armud, alma, cənnət alması və s. də var. Bundan əlavə meşə ağaclarının ting və toxumlarını xüsusi kalon qazaraq töküb, şəxsən əkmişəm. Hətta, sitrus meyvələrindən limon, mandarin də əkmişəm. Burda ağacı kəsmirlər, əkirlər. Ancaq, restoranda oturub yeyib-içib, maşını pullu dayanacaqda saxlayıb pul verməyən kimsə bu gün gəlib bizi şantaj edib, pul almaq istəyirsə, o heç nəyə nail ola bilməz, buna heç Allah da yol verməz. Mən imkansız, aztəminatlı ailələrə verdiyim təmənnasız otaqdan və etdiyim müalicə xidmətlərindən qürur hissi duyuram. Yeri gəlmişkən, diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün qazilər və şahid ailələri də daxil, 120-yə yaxın vətəndaş burada çalışır və ailəsinin dolanışığı üçün çörək pulu qazanır. Hətta, Goranboy rayonundan şəhid ailəsi gəlib burada işləyir, çörək qazanır. Eləcə də Gəncədən qazı ailəsi gəlib burada çalışır.
    Ümumiyyətlə, Masalli "İsti-Su" sanatoriyasına təkcə Azərbaycandan yox, dünyanın bir çox ölkəsindən turistlər axın-axın gəlir, müalicə alır, hovuzda üzür, dincəlir, mükəmməl istirahət edir.
    Bütün bunların fonunda nədən bəzi jurnalistlər görülən işləri görməzdən gələrək, müsbəti mənfiylə əvəzləyərək, ağa qara deməklə təkcə bizi yox, həm də özlərini gözdən salmağa çalışırlar. Axı tərəzinin iki gözü var; biri əyri, biri düz.
    Düzə əyri demək isə..."

    P.S. Necə deyərlər, ağlım söz kəsəndən, dunyaya gözümü açandan bir ayağı burda olan bir insan kimi deyə bilərəm ki, sözügedən sanatoriyanın 80-90-cı illərdən bəri keçdiyi inkişaf yolu imkan verir deməyə ki, istər "İsti-Su"yun direktoru, xeyriyyəçi sahibkar Hacı İldırım Allahyarov, istər onun qardaşı-"Ailə sevinci" sanatoriyasının rəhbəri, sahibkar Qardaşəli Allahyarov, istərsə də digər qardaşları buraların indiki müasir vəziyyətə gətirilməsində sözün əsl mənasında can qoyublar. Sıfırı rəqəmə çevirməyi bacaran bu insanların fədakar əməyi nəticəsində indi Masallı "İsti-Su" sanatoriyası güllü-çicəkli, yarlı-yaraşıqlı, səliqəli-səhmanlı, sanitar-gigyenik qaydalara cavab verən abad, müasir kurort, dağ sanatoriyalarından birinə çevrilib. Burda çalışan hər bir istər həkim, istər masajist, istərsə də aşbaz olsun, ciddi məsuliyyət və yüksək xidmətlə işinin başındadır. Heç kəs və heç nə nəzarətdən kənarda deyil. Bu qədər.

    Hazırladı
    Bəradər Səməndərli
    "Atributinfo.az"
    AYB və AJB üzvü




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ