Sizin reklam burada
Sizin reklam burada
  • Milli və sosial qarşıdurma qızışdırılır, zorakılığa və ya dövlət əleyhinə fəaliyyətə çağırışlar edilir... - Deputat


    Son dövrlər Rusiya mediasında Azərbaycana qarşı təhqir və təhdid xarakterli çıxışların artması, bəzi platformalarda ölkəmizin daxili siyasi proseslərinə müdaxilə çağırışlarının səsləndirilməsi təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan milli maraqlarını və informasiya təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmalı, eyni zamanda hüquqi və beynəlxalq prinsiplərə söykənən mövqeyini davam etdirməlidir.

    Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərindən söz edən A.Nağıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqsədi dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün qorunması və vətəndaşlarımızın rifahının təmin edilməsidir:

    "Azərbaycan müstəqil siyasət yürüdür və bu siyasət hər zaman milli maraqlara söykənir. Təəssüf ki, bəzi xarici dairələr və müəyyən informasiya resursları bu siyasəti qəbul etmək istəmir, müxtəlif vasitələrlə ölkəmizə qarşı təsir göstərməyə çalışırlar. Bu baxımdan informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət daşıyır və dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti tamamilə əsaslıdır".

    Rusiya ilə münasibətlərdə yaşanan gərginlik fonunda informasiya qarşıdurmasının daha da dərinləşəcəyinə gəlincə, A.Nağıyev bildirdi ki, düzdür, son illər müəyyən gərginliklər yaşanıb, lakin Azərbaycan-Rusiya münasibətlərini yalnız qarşıdurma prizmasından təqdim etmək düzgün olmazdı:

    "Dövlətlərarası münasibətlərdə həm fikir ayrılıqları, həm də əməkdaşlıq elementləri mövcuddur. Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edir, eyni zamanda qonşu dövlətlərlə münasibətlərin normallaşmasına və konstruktiv dialoqa üstünlük verir. Prezident İlham Əliyev də münasibətlərin normallaşdırılması istiqamətində mövqeyini açıq şəkildə ifadə edib. Buna görə də emosional yanaşmadan deyil, real siyasi və hüquqi faktlardan çıxış etmək vacibdir".

    "Xarici təsir cəhdləri ilə fərqli siyasi mövqelərin ifadəsi arasında sərhəd necə müəyyənləşdirilməlidir" -sualına isə deputat cavab olaraq bildirdi ki, burada çox mühüm fərq var:

    "Hər hansı vətəndaşın və ya ekspertin hakimiyyətin fəaliyyətini tənqid etməsi onun xarici təsir agenti olması anlamına gəlmir. Təhlükəsizlik məsələsi o zaman yaranır ki, xarici dövlətlərin koordinasiyası ilə dezinformasiya kampaniyaları aparılır, milli və sosial qarşıdurma qızışdırılır, zorakılığa və ya dövlət əleyhinə fəaliyyətə çağırışlar edilir. Dövlət qurumlarının vəzifəsi məhz bu sərhədi dəqiq müəyyənləşdirməkdir. Güclü təhlükəsizlik sistemi tənqidi susdurmaqla deyil, xarici manipulyasiyanı legitim siyasi müzakirədən ayırmaqla özünü göstərir. Azərbaycan da bu istiqamətdə hüquqi əsaslara söykənərək fəaliyyət göstərir".


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ