Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər Səməndərli - YENI ŞEİRLƏR


    Bəradər Səməndərli

    SATICI QIZ

    "Mən gözəllik aşiqiyəm, gözüm səni yaman tutub",
    Bunu sənə söyləyəndən, sözüm səni yaman tutub.
    Könlümü ram eyləsən də yollarımı duman tutub,
    Ürəyimi açmaq üçün axtarıram ipucu qız,
    Satıcı qız.

    Nəzmə çəkib vəsf etməyə görkəmini, söz acizdi,
    Gün kimi parlaq çöhrəni süzməyə qız, göz acizdi.
    Sən elə od parçasısan, kül neyləsin, köz acizdi,
    Gözəllik nümunəsisən, qalan hər nə varsa, cılız,
    Satıcı qız.

    Baxdıqca gül camalına ruhum olur xumar, get də,
    Sənin üçün yol çəkmisəm sinəm üstdən hamar, get də.
    İcazə ver ürəyimi qoyum gedim, bu marketdə,
    Bundan sonra o sənindi, əmanətdi, tutma ucuz,
    Satıcı qız.

    Gözəl, qeybdən yaranan, Tanrının şah əsərisən,
    Cənnətdə təsvir olunan hüri-mələk bənzərisən.
    Səməndərli baxışından uzaqlaşdır nəzəri sən,
    Götür yandır üzərliyi, bir az hərlə başına duz,
    Satıcı qız.

    İNSAN

    Bu çirkli dünyaya saf doğulsa da,
    Günahla, nöqsanla qayıdır insan.
    Şeytan azdırmasa, nəfsin qorusa,
    Göydə mələklərin tayıdır insan.

    Kasıba, yoxsula kim ki, lağ edir,
    Tanrı həmin qütbə onu tağ edir.
    Torpaqdan yaranan, torpağa gedir,
    Kim deyir, meymunun soyudur insan.

    Məhəbbət qəlb işi, könül yoludur,
    Eşqi dərk edənlər əmr quludur.
    Yaşamaq hər kəsın ömür yoludur,
    Bu yolu şumlayır, zay edir insan.

    Bəradər, əməl var bəhərli bağdı,
    Əməl var çör-çopdü, odun-ocaqdı.
    Bu dünya müddətli sığınacaqdı,
    O biri dünyanın payıdır insan.

    SINDIRIBLAR PƏNCƏRƏSİN DÜNYANIN

    "Bu dünya pəncərədir,
    Hər gələn baxıb gedər."

    Yaşamağın dadı-tamı qaçıbdı,
    Qurd-quş basıb yan-yörəsin dünyanın.
    Gəlib-gedən baxa bilmir doyunca,
    Sındırıblar pəncərəsin dünyanın.

    İndi dost da özün dosta tən demir,
    Dost yolunda cəfa çəkmir, qəm yemir.
    Haqsız ölüm, dava-qirğın səngimir,
    Daraldıblar hövsələsin dünyanın.

    Nə ağsaqqal gözə dəyir, nə pirlər,
    Ayaq qoymağa tapılmır ləpirlər.
    Xəstəliyi toxum kimi səpirlər,
    Məhvərini silkələsin dünyanın.

    Səməndərli, dərd sinədə qövr edir
    Çərxi-fələk indi tərsə dövr edir.
    Qarğaların, quzğunların dövrüdür,
    Dağıdıblar bağ-bərəsin dünyanın.

    MƏNƏ

    Bir zamanlar sənin üçün yar idim,
    Sən pətək idin, mən isə arıydım.
    Aldığın hər nəfəsində var idim,
    Öyrəşərdin uşaq kimi sən mənə.

    Getdiyim yola həsrətlə baxardın,
    Gözlərini yollarıma sıxardın.
    Sevə-sevə qabağıma çıxardın,
    Şirin idin baldan, şəkərdən mənə.

    Qaysaq tutan yaramdadı bu cuna,
    Axar çaylar azlıq edər suçuna.
    Barmaqlarım daraq idi saçına,
    Naz edərdin uşaq tək hərdən mənə.

    Dar günümdə varıb yoxa çıxanlar,
    Ağ örpəyə durub qara yaxanlar;
    İnandığım, güvəndiyim yaxınlar,
    Zədə vurdular yerbəyerdən mənə.

    Səməndərli, açan çiçək solacaq,
    Elə bilmə boşalan yer dolalacaq.
    Aldığın cavab qız, ağır olacaq,
    Zəng edərsən çaşarsan, birdən mənə.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ