Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər Səməndərli


    Bəradər Səməndərli

    HƏLƏ NƏ YAŞIN VAR, QƏM EYLƏYİRSƏN?

    Fəlakət törədir çayın daşqını,
    Aldatmaq günahdı qələm qaşlını.
    Sənin gözlərində donan yaşdımı?
    Tutqun səma kimi gözə dəyirsən,
    Hələ nə yaşın var, qəm eyləyirsən?

    Həyatdı, zəhər də bala qatılır,
    İndi çox subaylar dula satılır.
    Məhəbbət bir ovuc pula satılır,
    Saf sevgi, təmiz eşq nəyə deyirsən,
    Hələ nə yaşın var, qəm eyləyirsən?

    Ömrün hər qarışı bir qərinədi,
    Bu sevda sinəmdəm qəm dərir nədi?
    Dünyanın işləri nə qəribədi,
    Bu gün ağlayırsan, sabah gülürsən,
    Hələ nə yaşın var, qəm eyləyirsən?

    Bir dünya işıqdı ulduzdan daman,
    Axan göz yaşıdı ulduz da, güman.
    Tale oyununda uduzan zaman,
    Sanma ki, göylərdən yerə dəyirsən,
    Hələ nə yaşın var, qəm eyləyirsən?

    Gəncliyi lil sular eylədi hədər,
    Çəkdiyin acılar məncə  bəs  edər.
    Dilini dinc saxla, otur Bəradər,
    Bu dünya düzələn deyil görürsən,
    Hələ nə yaşın var, qəm eyləyirsən?

    ANA

    Ana kainatın şah damarıdı,
    O, sudan durudu, aydan arıdı.
    Ana Yaradandı, ana Tanrıdı,
    Dünyaya gətirir canı dünyada,
    Anadan doğulur hamı dünyada.

    Övladı yaşadır ananın südü,
    Sanki, göz yaşıdır ananın südu.
    Südlərin başıdır ananın südü,
    Ayrıdır o südün tamı dünyada,
    Anadan doğulur hamı dünyada.

    Adam var dönükdü, zəmanə kimi,
    Baxır anasına biganə kimi.
    Başına dolanım pərvanə kimi,
    Odur həyatımın şamı dünyada,
    Anadan doğulur hamı dünyada.

    Ölüm imtahandı, ömür sınağdı,
    İnsan bu dünyaya gələn qonağdı.
    Ana hər bir evdə yanan çırağdı,
    Onu əvəz edən varmı dünyada?
    Anadan doğulur hamı dünyada.

    Torpaq da anadır, Vətən də ana,
    Vətən torpağıdır vətəndə ana.
    Can verir övlada bətnində ana,
    Atanın olsa da qanı dünyada,
    Anadan doğulur hamı dünyada.

    Anadır həyatın əsl mənası,
    Bəradər anaya olmadı asi.
    Onun ruhundadı Tanrı duası,
    Ana yer üzünün lamı dünyada,
    Anadan doğulur hamı dünyada.


    SÖZ QABAĞINDA

    Nələr çəkdiyini yaxşı bilirəm,
    Şam kimi yanırsan köz qabağında.
    İndi dələduzluq zamanı gəlib,
    Əyri at oynadır düz qabağında.

    Bu necə cığırdı, bu necə yoldu,
    Bağlı qıfılların açarı puldu.
    Oğrular zəngindi, doğrular quldu,
    Pozulur tarazlıq göz qabağında.

    Vətənim sinəsi dağlı ölkədi,
    Yeyib dağıdana yağlı ölkədi.
    Canavar çobana ağıl öyrədir,
    Kişisən, tülkünün döz qabağında.

    Yolunur, tükənmir tükü yaxşının,
    Çünki, yaxşılıqdı yükü yaxşının.
    Günbəgün kəsilir kökü yaxşının,
    İynə pas bağlayıb "biz" qabağında.

    Üzdə qulluq edən çoxdu Allaha,
    Bizdə şor da yağdan satılır baha.
    Siçan da siçanlıq eyləmir daha,
    Pişiyi oynadır öz qabağında.

    Bəradər söyləmir yalana sözü,
    Gərəkdi, deyəsən qanana sözü.
    Ar olsun qiymətdən salana sözü,
    Polad əriyərdi söz qabağında.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ