Sizin reklam burada
Sizin reklam burada
  • GÖYÇƏNİN QİSASI ALINACAQDIR

    GÖYÇƏNİN QİSASI ALINACAQDIR"Atribut" nəşrə başladığı ilk gündən dövlətçilik prinsiblərini əsas tutaraq ölkəmizin ictimai-siyasi həyatında baş verən maraqlı hadisələri, tədbirləri, yenilikləri işıqlandiraraq geniş ictimaiyyətə çatdırmaqla yanaşı, mutəmadi olaraq ədəbi ictimaiyyətin, bir çox şeir-sənət adamlarının yaradıcılıqlarına öz səhifələrində yer ayırmış və bu ənənəyə bu gün də sadiq qalmaqdadır.
    İstəkli oxucular, bugünku sayımızda sizlərə təqdim etdəcəyimiz şair Əbulhəsən Əliyev özünəməxsus poeziyası ilə diqqəti cəlb edir. Vətən məhəbbəti, haqsızlıga, ədalətsizliyə qarşı mubarizə Ə. Əliyev yaradıcılığının əsas qayəsini təşkil edir. Onun poetik düşüncələrinin məhsulu olan şeirlərindən bir hissəsini tanıtmamıza əlavə edərək ixtiyarinıza buraxırıq və hesab edirik ki, bu tanışlıq şair Əbülhəsən Əliyevə yuksək oxucu məhəbbəti qazandıracaq.

    TANITMA

    Əbülhəsən Qəmət oğlu Əliyev 1957-ci ildə bahar fəslində, ana təbiətin oyandığı bir vaxtda, çərsənbə günlərində mart ayının 10-da kecmiş Ermənistan SSR-Qərbi Azərbaycanın Krasnoselo rayonun Toxluca kəndində müəllim ailəsində dunyaya gəlib. 1963-cü ildə Toxluca kənd orta məktəbinin 1-ci sinfinə daxil olmub və 1973-cü ildə həmin məktəbin 10-cu sinfini bitirib.
    1975-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitunun (indiki Texniki Universitetinin-red.) Texnalogiya fakültəsinin əyani şöbəsinə qəbul olub. 1980-ci ildə ali təhsili başa vuraraq mühəndis texnoloq ixtisasına yiyələnmişdir. Təhsillə paralel olaraq hərbi təlim-tədris kursu keçərək zabit rütbəsi alıb.
    1980-ci ildən 1995-ci ilədək "Bakı Tirkotaj İstehsalat" Birliyində müxtəlif vəzifələrdə çalışmaqla yanaşı, İstehsalatdan ayrılmamaq şərti ilə ali siyasi təhsil alıb.
    1995-1998-ci llərdə "TƏBRİZ ATAM" İKF-nun direktoru;
    1998-1999-cu illərdə "Bakıxanov-tikiş" ATSC-də mühəndis texnoloq;
    1999-2006-cı illərdə "DANİS APPARL MANUFAKTURERS" LTD Amerika Çin birgə müəssisəsində direktor müavini;
    2006-cı ildə isə "RAM Beynəlxalq Nəqliyyat Ticarət LTD" MMC-də sex rəisi vəzifəsində çalışıb.
    Evlidir 3 övladı var.

    Mən öləndə kəfənimi daşdan biçin

    Mən öləndə kəfənimi daşdan biçin,
    Daşa bükün, ayırmayın dərdlərimdən.
    Dərdlərimlə birgə bükün, qoşa bükün.
    Daş məzarda dərdlərimlə qalım qoşa,
    Əllərim çıxmasın boşa.
    Kəfənlikçin daş seçəndə möhkəmini,
    sərtin seçin, bərkin seçin,
    Dərdlərimə tab gətirən, dözə bilə daşı seçin.
    Daş seçəndə yad yerlərin daşını yox,
    Ürəyimə yaxın olan, doğma olan daşı seçin,
    Seçin, seçin Vətən daşı seçin.
    Düyməsini dəmir edin, dəmir seçin.
    Tikin polad sapla tikin,
    Yüz yerindən, min yerindən vurun düyün.
    Qıfıl asın löyün-löyün,
    Dərdlərim deşib qaçmasın,
    Dərdlərim mənsiz qalmasın.
    Kim çəkəcək mənsiz qalan
    dərdlərimi məndən başqa,
    Mənim başqa işimmi var, gücümmü var?
    Daş məzarda dərd çəkməkdən, dərddən başqa
    Kim verəcək öz çiynini, ürəyini dərdin altda, məndən başqa.
    Kim mənimlə baş qoyacaq bir yastığa,
    Dərdləşəcək daş məzarda dərddən başqa?
    Mən öləndə dərd etməyin özünüzə,
    Bir qırıq da heç almayın vecinizə,
    Bir damla da yaş gəlməsin gözünüzə.
    Ağlamayın, sızlamayın için-için,
    Şadlıq edin, kef eləyin, yeyin için.
    Tanrı məndən keçdi isə, siz də keçin.
    Bu dünyanın heç nəyində gözüm yoxdur
    Mən sizin kimi deyiləm,
    könlüm toxdur, gözüm toxdur.
    Bu dünyanın varı-yoxu, hər nəyi var Sizin olsun,
    Ac gözünüz bəlkə doysun.
    Sizdən heç nə istəmirəm,
    bu dünyada daşım yoxdur,
    Yer üzündə daş nə çoxdur.
    Sizdən çox şey istəmirəm, çox demirəm,
    Mən öləndə bu dünyada bir kəfənlik daşdan keçin.
    Biçin, biçin mən öləndə kəfənimi daşdan biçin.

    Yaşamaq olmur

    Bu dünya yamanca qısırlaşıbdır,
    Mərdlər, qəhrəmanlar törəmir, doğmur.
    Dünya gözdən düşüb, hörmətdən düşüb,
    Düşübdür qiymətdən, ucuzlaşıbdır.
    Meydan namərdlərin əlinə keçib,
    Namərdlər yamanca quduzlaşıbdır.

    Şeytan xislətlilər, şeytan kimilər
    Dünyada yamanca artıb, çoxalıb.
    Hesabı itibdir, sayı bilinmir,
    Dünyanı bürüyüb ağzına alıb,
    Dünya şeytanların əlində qalıb.

    Barmaqla sayılan mərdlər, yaxşılar
    Düşüb namərdlərin əlinə girov.
    Şeytanla üz-üzə, göz-gözə qalıb,
    Taa bıçaq sümüyə dirənib tamam.
    Yetişib vaxt-vədə, yetişib zaman,
    Deyəsən dünyanın axırı çatıb.
    Bəlkə də... nə bilim, nə bilim vallah,
    Şeytan qılığına girib Allahın,
    Dünyanı Allahın əlindən alıb,
    Dünyamız Allahsız, tanrısız qalıb.

    Düzü, bu dünyadan baş açmaq olmur,
    Fikir məni alıb, dərd məni alıb.
    Daha dözmək olmur, tablamaq olmur,
    Daha bu dünyada yaşamaq olmur.

    İnsanlar yamanca bicləşibdilər,
    Tamam dəliləşib, gicləşibdilər.
    Allahın yolundan sapınıb, azıb,
    Allahın özüylə öcəşibdilər.

    Sanki dünyamızı dağıtmaq üçün,
    Onlar bir-birilə sözləşibdilər.
    Biri-birilərinə him-cim eləyib,
    Sanki, bir-birilə gözləşibdilər.
    Yaxşılar yaxşıya laqeyid-biganə,
    Yamanlar yamanca birləşibdilər.

    Vallah heç bir kəsi tanımaq olmur,
    Çox vaxt, çox zaman da yaxşını pisdən
    Ayrıd etmək olmur, ayırmaq olmur.
    Vallah heç bir kəsə etibar edib,
    Bel bağlamaq olmur, inanmaq olmur.
    Şeytanlarla üz-üzə qalan dünyada,
    Daha dözmək olmur, yaşamaq olmur.
    Mənə elə gəlir hərdənbir, bəzən,
    Allah əldən düşüb, Allah qocalıb.
    Fürsəti, imkanı verməyib əldən
    Adəmlə Həvvanın bic övladları.
    Dələduz, fırıldaq, gic övladları-
    Allahın özünün yaratdıqları
    Girib şeytanlarla, girib sazişə.
    Dünyanı Allahın əlindən alıb.
    Çox çəkməz, çox keçməz, bir də görəssiz,
    Şeytanlar min cürə hoqqa çıxarıb,
    Dünyanı oxundan vurub çıxarıb,
    Dünyanın özünü yoxa çıxarıb.
    Dünyanı xəlq edən, yaradan Allah,
    Birdə görəcək ki, dünyasız qalıb.
    Dünyanın taleyi, sözün doğrusu
    Bir nazik tükdəncə asılı qalıb.
    Varlığı, yoxluğu sualaltında,
    Başının üstünü təhlükə alıb.

    Bir deyil, beş deyil dünyanın dərdi,
    Elə bu dünyanın özü boydadır,
    Elə bu dünyanın özü qədərdir,
    Nə yerə, nə göyə sığası deyil.

    Dünya başdan-başa dərddir, kədərdir,
    Bu qədər kədəri, bu qədər dərdi
    Vallah çəkmək olmur, daşımaq olmur.
    Daha bu dünyada yaşamaq olmur.
    Yerimiz də yoxdur dünyadan başqa,
    Bu dünyadan qopmaq, qaçmaq da olmur.
    Yoxdur qanadımız, yoxdur qolumuz,
    Yoxdur bizim heç bir çıxış yolumuz
    Quş olub dünyadan uçmaq da olmur.

    Bu bir həqiqətdir, bu bir gerçəkdir;
    Bütün tarix boyu, zamanlar boyu,
    Heyvanlar təlimlə əhilləşiblər.
    İnsanlar isə tamam əksinə,
    Elə bil bir azda vəhşiləşiblər,
    Daha bu dünyada yaşamaq olmur.

    Dünyanın dərdi, yükü özündən ağır,
    Daşıya bilmirəm, çəkə bilmirəm.
    Əyilib qamətim, əyilib qəddim,
    Vallah tab gətirə, dözə bilmirəm.
    Daha bu dünyada yaşamaq olmur.

    Məktub

    Həsrət dəstələnər hey ətək-ətək,
    "Kərəmi" alışar sazda, gələrəm.
    Bir gün boynu bükük bənövşələrtək,
    Sənin görüşünə yazda gələrəm.

    Gözündə hicranın buludu nədir?
    Ayrılıq yağışı yağır yollara.
    Səni ilk görüşün odu göynədir,
    Məni xatirələr çəkirlər dara.

    Dikilib yolların qəribliyinə,
    Baxışın haraya təklənib gedər?
    Gözlə, gəlməsəm də görüş yerinə,
    Bir məktub ümidlə yüklənib gedər.

    Məndən soraq bilməz nə dost, nə tanış,
    Azdım ilk sevginin asimanında
    Məni bir işartı şəfəqdən soruş,
    Qərib gecələrin qaranlığında.

    Həsrət dəstələnər hey ətək-ətək,
    "Kərəmi" alışar sazda, gələrəm.
    Bir gün boynu bükük bənövşələrtək,
    Sənin görüşünə yazda gələrəm

    Qalıb Göycədə

    Hopub torpağına, hopub daşına,
    Hopub torpağının hər qarışına.
    Həkk olubdu qayasına, daşına,
    Pozulmayan izim qalıb Göycədə,
    Könülüm qalıb, gözüm qallb Göycədə.

    Cismim məcbur tərk etsə də Göycəni,
    Gecə-gündüz o yerlərdə dolaşan.
    Ruhum qalıb, canım qalıb Göycədə,
    Şirin laylam, yuxum qalıb Göycədə.

    Qınamasın ellər, obalar məni,
    Yarım gəlib, yarım qalıb Göycədə.
    Düşübdür ürəyim məndən aralı,
    Döyünür Göycədə, vurur Göycədə.

    Dözmək olmur bu həsrətə, bu dərdə,
    Tutur məni bir hönkürtü bu yerdə.
    Toxluca tək cənnət-məkan oylağım,
    Mənim ana yurdum, ata ocağım,
    Müqəddəs məkanım, Məkkəm, Mədinəm
    Qibləgahım, Pirim qalıb Göycədə.

    Göy-Gölümün doğma, əkiz bacısı,
    Ayna gözlü, büllur təki, saf sulu,
    Göycə adlı gölüm qalıb Göycədə.

    Başı qarlı zirvələrim, dağlarım,
    O Azman Kirkitlim, qoca Çal dağım,
    Dərəyurd, Duzyurdum, Əsədolanım,
    Sarıyalım, Dəlməm, Məmşədolanım,
    Ağbulaq, novçalım, duzlu bulağım
    Yüz dərdin çarəsi, min dərdə məlhəm,
    Durna gözlü, bullur buz bulaqlarım,
    Vallah nə bir deyil, nə də beş deyil,
    Adını çəkməklə, sadalamaqla
    Sayı bitən deyil, tükənən deyil
    Adını çəkdiyim, çəkmədiklərim.
    Neçə-neçə ocaq yerim, yurd yerim
    Girov düşüb, əsir qalıb Göycədə.
    Ələsgərim, Alım, Növrəs İmanım,
    Neçə-neçə azman el sənətkarım,
    Şərqilər söyləyən, dastanlar qoşan
    Tuti-şəkər dilim qalıb Göycədə.

    Allah bu nə zülüm, bu nə divandır?
    Susub telli sazım xeyli zamandır.
    "Göycəgülüm" çalınmayır Göycədə.
    Gəl indi bu dərdi kiməsə anlat,
    Gəl indi bu dərdi kiməsə qandır,
    Sazım qalıb, sözüm qalıb Göycədə.

    Göycəsiz açılmır qaşım qabağım,
    Açılmır işıqlı nurlu sabahım.
    Göycəsiz açılmır yazım, baharım,
    Ömrümün baharı qalıb Göycədə.

    Ən gözəl anlarım, xöşbəxt günlərim,
    Uşaqlıq çağlarım, gənclik illərim,
    Acılı şirinli xatirələrim,
    Qalıb, əbədilik qalıb Göycədə.

    Ağzımızın dadı, duzu ləzzəti,
    Halal süfrəmizin bin bərəkəti,
    Ləziz təamları, nazı, neməti,
    Ocağımızın hənirtisi, istisi;
    Burula-burula qalxan tüstüsü,
    Odu qalıb, közü qalıb Göycədə.

    Qəlbimin sönməyən atəşi, odu,
    Ürəyimin özü qalıb Göycədə.
    Ulu Tanrım bir istəyim var səndən,
    Ürəyimin başın ayırma məndən.
    Qoyma ayrı düşəm ulu Göycəmdən,
    Ayrı qala bilməz ruhum bədəndən.

    Üzümü tuturam Allahım sənə,
    Bir ucuz ölümü çox görmə mənə.
    Göycəsiz ömrümü tez al əlimdən,
    Göycəsiz yaşamaq istəmirəm mən.
    Geç olmasa son nəfəsdə, son anda,
    Nəsib eylə mənə, qismət et mənə.
    Başımı qoyub torpağına, daşına
    Əbədilik ölüm qalım Göycədə.

    Həsrət

    Bir həsrət gözümdə gilələnibdir,
    Harayı da özüm, hayı da özüm.
    Mənim səadətim güllələnibdir,
    Ölən də özüməm, gülən də özüm.

    Bütün arzularım çarpılıb daşa,
    Çilik-çilik olub çiliklənibdir.
    Dönüb göz yaşlarım yağan yağışa,
    Üstümə dərd-kədər, qəm ələnibdir.

    Mən elə vurğunam birgəliklərə,
    Bəs, hanı ömrümün birgə çağları?
    Ürəkdən, gülmədim hələ bir kərə
    Bağlandı üzümə Vətən yolları.

    Mən niyə küskünəm, niyə qəmliyəm,
    Bəlkə başqasından umacağım var?
    Yox! Bu gün həsrətin bağlı diliyəm,
    Sabah yumruğumu sıxacağım var.

    Vətən həsrətimi boğub içimdə,
    Arzu istəyimi qoyub gözümdə.
    Hara tələsirsiz illər, ay illər?
    Göycəmin seyrinə dalmaq istərəm.
    Bir həsrət gözümdə gilələnibdir,
    Amanı da özüm, ahı da özüm.
    Mənim səadətim güllələnibdir,
    Ölən də özüməm, gülən də özüm.

    Anam yadıma düşüb

    Yamanca kövrəlmişəm, yamanca dolmuşam mən.
    Məni anasız görüb üstümə yeryib qəm.
    Ay ellər, ay obalar qınamayın siz məni.
    Analı keçirtdiyim günüm, ayım, illərim,
    Analı keçirtdiyim zaman yadıma düşüb.
    Anam yadıma düşüb, yaman yadıma düşüb.

    Məni tənha, kimsəsiz, anamsız qoyan dünya,
    Anama qıyan dünya yaman gözümdən düşüb.
    Məni anamsız qoyan təqvimdəki qara gün,
    Tarix gözümdən düşüb, zaman gözümdən düşüb.

    Gözümün nuru anam, yadıma düşdükcə sən,
    Dara çəkilirəm mən; tüstüm çıxır təpəmdən.
    Gündə yüz yol, min kərə ölüb-dirilirəm mən.
    Özümə gen dünyada yer tapa bilmirəm mən.

    Hər sözünün başında anan ölsün deyənim,
    Dərdimizi çəkməkdən, dərdimizdən ölənim,
    Ömrümdən kəsib mənim ömrümə pay verənim,
    Canından can verənim, qanından pay verənim,
    Gözlərinin nurundan gözümə nur verənim
    Əhvalım pozulanda, bir az nasazlayanda,
    Sənə gələn ay oğul, mənə gəlsin, deyənim
    Əzrayılın özü ilə həttda cəngə girənim;
    Balasının yolunda Allahın özünü də
    Yamanlayıb, söyənim,
    Mənim arxam, köməyim,
    Mənim canım, ciyərim, ona qurban ürəyim-
    Anam yadıma düşüb, yaman yadıma düşüb.

    Anaların anası, sonaların sonası,
    Anama qurban olsun, yetim qoyub getdiyi
    əziz xələf balası.
    Gözlərimin qarası, ürəyimin parçası
    Yaman yadıma düşüb, anam yadıma düşüb.

    Hər günahımdan keçib, məni bağışlayanım,
    Dünyada hər kəsdən çox anlayanım, duyanım,
    Həsass baxışlarıyla hər dərdimi,
    sərimi Gözümdən oxuyanım,
    Dünyada, hamıdan çox mənə canı yananım-
    Anam yadıma düşüb, yaman yadıma düşüb.

    Əlin açıb göylərə, şəhid balam deyərək,
    "Dilqəmi"ylə sızlayan, "Kərəmi"lə göynəyən,
    Gecə gündüz Allahdan ucuz ölüm diləyən,
    Bu puç, fani dünyada, oğlunu əldən alan,
    Qatil cani dünyada
    Ölümünü gözləyən- anam yadıma düşüb,
    yaman yadıma düşüb

    Anasız dünyada mən heç kiməm, heç nəçiyəm.
    Yetimin, köməksizin, kimsəsizin biriyəm.
    Ümidim qibləgahım, mənim Məkkəm, Mədinəm-
    Anam yadıma düşüb, yaman yadıma düşüb.

    Ay ellər, ay obalar qınamayın siz məni
    Analı keçirtdiyim günüm, ayım, illərim,
    Analı keçirtdiyim zaman yadıma düşüb.
    Anam yadıma düşüb, yaman yadıma düşüb.

    Göyçənin qisası alınacaqdır

    Qoy eşitsin Dünya, eşitsin Cahan,
    Açsın kar qulağını, eşitsin düşmən.
    Qorqud əmanəti, Göyçə torpağı
    Düşmən tapdağında yaşaya bilməz.

    Belə həqarəti, belə töhməti
    Bu xalq öz çiynində daşıya bilməz.
    Bu müqəddəs torpaq, müqəddəs məkan
    Murdarlıq götürməz, haram götürməz.

    Bu yurdu özünə Vətən bilənlər,
    Yurda Ana, yurda Vətən deyənlər,
    Nər oğullar, ər igidlər, ərənlər
    Heç vaxt əsarətlə barışa bilməz.

    Qoy eşitsin dünya, eşitsin cahan,
    Hələ bitməyibdir Göyçə davası
    Hələ alınmayıb qanı düşməndən,
    Göyçəmizin intiqamı, qisası.

    Sözün mustafası, sözün qısası,
    Hələ Göyçə dərdi ürəyimizdə.
    Hələ Vətən borcu çiynimizdədir,
    Savaş libasını soyunmamışıq,
    Əsgər kitelimiz əynimizdədir.

    Qoy eşitsin düşmən, arxalı köpək,
    Gec-tez önümüzdə o diz çökəcək.
    Ta, bıçaq sümüyə dirənib tamam,
    Səbrin,dözümün də bir həddi vardır.
    Gec tez öz hökmünü verəcək zaman,
    Zəfər çalacaqdır ədalət-divan.

    Bir gün Dədəm Qorqud Türkün babası,
    Türkün ağsaqqalı, türkün atası
    Dikləşib duraraq soyuq məzardan.
    Götürüb əsasın, qoyub əbasın,
    Qalxacaq Göyçənin şah zirvəsinə.
    Qalxacaq özünün şahlıq taxtına,
    Göyçə-Göyçə deyə, hay vuracaqdır,
    Göyçə-Göyçə deyə, hayqıracaqdır.
    Toplayıb başına nər igidləri,
    O bütün dünyanı, bütün Cahanı,
    O taylı bu taylı Azərbaycanı,
    Bütün Türküstanı, bütün Turanı
    Göyçə davasına qaldıracaqdır.
    Qisas qiyamətə qalan deyildir,
    Göyçənin qisası alınacaqdır.
    Ulu Göyçəmizin şah zirvəsinə
    Qələbə bayrağı sancılacaqdır.
    Yurdun hər yanında, hər tərəfində,
    "Misri", "Göyçəgülü" çalınacaqdır.
    Ulu Göyçəmizin zəfər dastanı
    Hələ bundan sonra yazılacaqdır.
    Əsir torpaqların azadlıq yolu
    Ulu Göyçəmizdən başlayacaqdır.
    Qisas qiyamətə qalan deyildir,
    Göyçənin qisası alınacaqdır!

    Sevirəm səni

    Dağlar dumanı, çəni,
    Bülbül gülü, gülşəni,
    Nərgizi, yasəməni,
    Mən də sevirəm səni.

    Arı balı, pətəyi,
    Ətirli gül-çiçəyi
    Necə, nə cür sevirsə,
    A qızların gözəli,
    A qızların göyçəyi,
    Mən də sevirəm səni.

    Payız qızıl xəzəli,
    Sevir barı, bəhəri.
    Şairlər sevən təki
    Sözü, şeri, qəzəli,
    İşvə, nazlı, qəmzəli,
    Azərbaycan gözəli,
    Mən də sevirəm səni.

    Gözlərinin olmuşam
    Mən əsiri, girovu.
    Salmısan canıma sən
    Sönməz odu, alovu.
    Mənim şair qəlbimin
    Əlindədir cilovu,
    Mən də sevirəm səni.

    Zirvə sevir göyləri,
    Nə qədər can atsa da,
    Çatmır göylərə əli.
    Zirvə bu cürə dəli,
    Məndə bu cürə dəli.
    Sən mənimçün əlçatmaz
    Uca dağdan zirvəsən.
    Mənimsə, əlim sənə,
    Fərqi yox, çatar-çatmaz,
    Zirvə uca göyləri,
    Necə, nə cür sevirsə,
    Mən də sevirəm səni.

    Hərə sevir birini,
    Biri bir özgəsini;
    Cavan öz qönçəsini,
    Qoca öz zövcəsini,
    Hərə öz bircəsini,
    Mən də sevirəm səni.

    Dünyamı dağılacaq
    Qız, tufanmı qopacaq,
    Göydən daşmı yağacaq?
    Qızıl qopub dilindən
    Bircə kəlmə desən sən
    Mən də sevirəm səni.

    Oxuyun ürəyimi

    Poeziya aşiqləri, şeir-sənət sevənlər,
    Məndən könül oxşayan şeirlər istəyənlər,
    Ürəyimin səsini dinləmək istəyənlər,
    Hanı şeir kitabın, jurnallar, dərgilərdə
    Nədən görsənmir adın?
    İmzaların içində yoxdur imzan, soyadın.
    Soruşanlar, deyənlər
    Axı, şeirlərimi, köçürmürəm kağıza;
    Dəftərə-kitablara
    Dəftər, qələm, kağızı atıram bir kənara.
    Ürəyimi sətir-sətir, sözbəsöz yara-yara.
    Ürəyimə al-əlvan naxışlar vura-vura,
    Didib parçalayıram sözbəsöz, misra-misra
    Yazıram, ürəyimin düz başına yazıram.
    Yazmıram şeirlərimi şöhrət üçün, şan üçün.
    Bircə misranı da mən yazmıram ad-san üçün.
    Yazıram anlayanlar, duyub, qananlar üçün.
    Ürəyimin közündən, atəşindən od alıb
    Yalnız yananlar üçün,
    Sözdən mətləb anlayıb, söz çıxaranlar üçün.
    Bülbül nazın çəkən tək,
    hər gülün, hər çiçəyin,
    Dolanıram başına azı min yol, min kərə.
    Öpürəm gözlərindən hər sözün, hər kəlmənin.
    Oynayıram nazıyla hər misranın, hər bəndin.
    Nazını, qəmzəsini çəkə-çəkə yazıram.
    Arı şirə çəkən tək, ətirli gül-çiçəkdən
    Məndə məna çəkirəm
    hər kəlmədən, hər sözdən.
    Ürəyimi qoyuram hər misraya, hər sözə,
    Atıram özümü mən oda, atəşə, közə.
    Hər ağrıya-acıya, əzaba dözə-dözə,
    Alışıb, külə dönüb, yana-yana yazıram.
    Şırım açıb qəlbimə hərif-hərif, sözbəsöz
    Beləcə, dağ çəkirəm ürəyimə, qəlbimə.
    Oğulsansa, gəl, indi bu ağrıya tabla, döz.
    Ürəyimi, qəlbimi param-parça eyləyib.
    Hərif-hərif, sözbəsöz sökə-sökə yazıram,
    Yazdığım hər misranı, hər sözü, hər kəlməni,
    Ürəyimin qanıyla, qəmli göz yaşlarıma
    bükə-bükə yazıram
    Hərdən bulud oluram,
    mən yamanca doluram.
    Şeriyyat göylərində şimşək kimi çaxıram.
    Atəşimlə, odumla heç kimi, heç kəsi yox,
    Yandırıram, son anda özümü yandırıram.
    Dönüb dərd yağışına, qəm-kədər selinə mən,
    Misraların üstünə leysan kimi yağıram.
    Gah da qəmə düşürəm, kədər qonur üstümə.
    Dərdə-qəmə düşürəm, dərd içimi dağıdır.
    Sakit, səssiz, səmirsiz
    Süzülür gözlərimdən yaş, özümdən xəbərsiz.
    Göz yaşımı içimə tökə-tökə yazıram.
    Minib xəyal atına, çıxıram
    dərviş kimi mən söz axtarışına,
    Hara gəldi səyirdir, hara gəldi çapıram.
    Dünyanı dolaşıram, gəzdiyimi gah tapır,
    gah da ki, heç tapmıram.
    Əlim boşa keçəndə, dünyanın özündən də baş götürüb qaçıram.
    Ruhları çağırır, ruhlarla qovuşur, ruhlarla dərdləşir, ruhlarla danışıram.
    Ürəyimi, qəlbimi ruhlara açıram
    Bax, belə, bax belə, minib xəyal atıma, söz dalınca çapıram, söz dalınca qaçıram.
    Bəzəndə sözün düzü, ürəkləri fəth edən,
    ürəyə yatan sözü
    bir kəlməni, bir sözü, axtarıram, tapmıram.
    Yuxum çəkilir ərşə, gecə-gündüz yatmıram.
    Hərdən də sözün düzün axtarıb tapmayanda, ürəkləri oxşayan, könüllərə yol tapan, yerinə düşən sözün
    qoyub sual önünə, həmin sözün yerinə ürəyimi qoyuram.
    Bəzən belə də olur.
    Belə bir deyimdə var, söz özü çəkir sözü.
    Yazanda şeirlərimi kağıza, dəftərə yox,
    Atıram bir kənara mən qələmi, dəftəri.
    Qəlbimə həkk edirəm, ürəyimə yazıram.
    Ürəyim bir kitabdır, ömür, tale kitabım.
    Ürəyimin səsini dinləmək istəyənlər,
    Məndən könül oxşayan şerlər istəyənlər,
    Sözdən söz anlayanlar, sözə qiyməti verənlər,
    Ürəyimi sizlərə verməyə mən hazıram,
    Sizlər üçün yazıram, sizdən ötrü yazıram.
    Oxuyun ürəyimi misra-misra, sözbəsöz.
    Oxuyun sonra isə qaytarın ki, özümə Mən qalmayım ürəksiz.

    Məhəbbət

    Tanrının sevdiyi bəndələrinə
    Ərmağan etdiyi, bəxş elədiyi
    Ən gözəl nemətdi, paydı məhəbbət.
    Sevən ürəklərə işıq, nur saçan
    Parlayan gümüşdü, Aydı məhəbbət.

    Ürəyə məlhəmdi, qəlbə zinətdir
    Xoş məramdı, ünsiyyətdi, ülfətdi,
    Sədaqətdi, düz ilqardı məhəbbət.
    Ruha sığal verən, cilalandıran,
    Sevən ürəklərdə məşəl yandıran,
    Ruha qanad verən pərvazlandıran,
    Ən ülvi duyğudur, hissdir məhəbbət.

    Yaman ərköyündür, dəymədüşərdir,
    Çalış ki, toxunma, dəymə xətrinə.
    Tezcə inciyəndir, tezcə küsəndir,
    Bir də gördün, səndən küsdü məhəbbət.

    Bahar nəfəslidir, gül ətirlidir,
    Həmişə təzə-tər təravətlidir.
    Yaman işvəlidir, lətafətlidir,
    Solmayan çiçəkdir, güldür məhəbbət.

    Təlatümlüdür, qasırğalıdır, tufandır.
    Ürəklərdə od püskürən vulkandır,
    Qəfil çaxan bir şimşəkdir məhəbbət.

    Ram edir ürəyi bir an içində,
    Qəfil çağrılmamış bir qonaq kimi,
    Girir ürəyinə xəlvət, gizlicə.
    Dəvətsiz filansız, səssiz, səmirsiz,
    Bir də görürsən ki, at oynadır o.
    Sənin ürəyində səndən xəbərsiz
    Sehirkardır, sehirbazdır məhəbbət.

    Sevən ürəklərdə payız, qış olmur,
    Həmişə bahardı, yazdı məhəbbət.
    İşvədi, qəmzədi, nazdı məhəbbət.
    Sevən ürəklərdə daim çalınan
    Bir sədəfli, telli sazdı məhəbbət.
    Xoş duyğudur, xoş avazdır məhəbbət.

    Ovunu birbaşa gözündən vuran,
    Ürəyindən vuran, köksündən vuran,
    Sərrast bir nişançı, mahir bir ovçu,
    Can almağa bircə candır məhəbbət,
    Bir həsrətdir, bir hicrandır məhəbbət.

    Göydə uçan quşa qanad saldıran,
    Fərhada qayalar, dağlar çapdıran,
    Mənəm-mənəm deyən nər igidləri
    Yolundan eyləyən, atdan saldıran,
    Açılmayan qapıları açdıran,
    İlahi qüdrətdir, gücdür məhəbbət.

    Sevən ürəklərə daim nur saçan,
    Sönməyən atəşdi, alovdi, oddu
    Çalış ki, alovu, odu sönməsin,
    Çalış onun üzü səndən dönməsin.
    Söndüsə, alovu, döndüsə üzü,
    Borandı, şaxtadı, qışdı məhəbbət.

    Bir zərrə qığılcım qəfildən
    Bir yol tapıb ürəyinə düşdümü,
    Verən deyil o fürsəti əlindən.
    Əsir edib ürəyini, qəlbini,
    İşğal altda salacaqdır məhəbbət.
    Bütün varlığına kəsilib hakim,
    Səni səndən alacaqdır məhəbbət.

    Budur doğru, gerçək, budur həqiqət,
    İşğalçıdır, qəsbkardır məhəbbət.

    Kiminsə qəlbində çatılan ocaq,
    Yolunda işıqlı, nurlu bir çıraq,
    Kiminsə başından yağdırır dərdi,
    Yağdırır batmanla o qucaq-qucaq.

    Kiminin üzündə təbəssüm, sevinc,
    Kiminin üzündə qəm, qüssə, kədər,
    Gözlərində qanlı yaşdı məhəbbət.
    Köksünə vurulan sağalmaz yara,
    Qəlbinə çəkilən dağdı məhəbbət.

    Tanrının sevdiyi bəndələrinə
    Ərmağan etdiyi, bəxş elədiyi,
    Ən ülvi nemətdir, paydı məhəbbət.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ