Berader SəməndərliDe, sənin nəyinə könül bağlayım?-
Yolumuz, izimiz başqa-başqadı.
Sən dünya malına susayan biri,
Mənsə, eşq əhliyəm, can təlaşdadı
Eşqin bir adı var; İlahiyyatdı,
Görmədən, duymadan sevmirəm axı.
Yalan vədlər ilə başımı qatma,
Mən səndə Tanrını görmürəm axı.
Sevib-sevilmədik, deyib-gülmədik,
Məhəbbət bağının barı olmadıq.
Dünyaya tən gəldik, bütövləşmədik,
Nədən bir-birimizin yarı olmadıq?
Nə qəlbin açılır, nə üzün gülür,
Mənim həyatıma gələndən sənin.
Bir ömür adlayıb keçdik, təəssüf,
Nə sən mənim oldun, nə də mən sənin.
Gənclik illərimiz arxada qaldı,
Qayıdıb geriyə dönən deyilik.
Günümüz keçmədi qəmsiz, kədərsiz,
Bir daha dünyaya gələn deyilik.
Ömür də su kimi axıb gedirsə,
Dərdini dəryaya danışıb, yaşa.
Bəradər, özünü üzmə bu qədər,
Acı taleyinə barışıb, yaşa,
Acı taleyinə barışıb, yaşa!
28.11.2020
