
Pərvin Hüseynova
Gedirəm
Nə etsəm qiymətim bilinməz oldu
Ardıma dönmədən çıxıb, gedirəm
Divardan asılmış rəsimlərinə
Son dəfə boylanıb, baxıb gedirəm
Evin dört yanını, hər tərəfini
Bir küncdə tozlanan kitab rəfini
Üstümə başıma çökən ətrini
Üzümə gözümə yaxıb gedirəm
Sıraya düzülmüş aylar, illləri,
Saçından tökülmüş qara telləri
Güldanda qurumuş, sarı gülləri
Büküb ovucuma sıxıb gedirəm
Sən özün özünü eylədin viran,
Qərib baxışındı qəsdimə duran
Məni bu sevgidə bu eşqə yoran
Kədəri qəlbimə taxıb gedirəm...
Bürünüb çarəsiz səssizliyimə
Alışıb bu gündən sənsizliyimə
Dönüb öz ruhuma öz kimliyimə
Sellər, sular kimi axıb, gedirəm
Kəsib yollarından ayağlarımı
Keçilməz sədləri yıxıb gedirəm
Qəlbimdə silinməz izlərinidə
Daşa divarlara çaxıb gedirəm
