Solmaz Qəribel Həsənova
Ürəyimdə sənə deyim, ürəyim..
Salam canım, salam mənim əzizim,
Sənə deyiləsi sözüm var bir az
Bəlkə də az deyil, bəlkə də çoxdu,
Bəlkə də bitibdir heç sözü yoxdu
Yox, dinləyib qəlbim, baxanda ona,
Görürəm deməyə sözü çox qalıb
Bəlkə də xəyallar içində yazıq,
Sözün çoxluğundan fikirə dalıb?
Bilməyir başlasın, bitirsin hardan
Yarımçıq taledən, bitməmiş yoldan,
Gah yuxarı baxır, gah da aşağı
Bəlkə soldan deyil, başlasın sağdan?
Salam canım, salam mənim əzizim,
Söylə, sənin mənə sözün yoxdumu?
Bəlkə, sən də mənim kimi susursan,
Öğrun-oğrun bulud kimi yağırsan,
Ürəyinlə beynin qalxıb davaya,
Şimşək olub, yandırırsan, yaxırsan
Yenə yanır köz-köz olur ürəyin
Söz deməyə, bir söz belə tapmırsan,
Salam canım, salam mənim əzizim,
Sözün varsa de, sözünü ürəkdən
Gəl, gözümə baxıb danış, nə olur,
Sakit baxım, danışmadan dinləyim.
Əllərimlə üzümü gizlədim mən,
Gizli-gizli baxışını izləyim
Pıçıldasın dodaqlarım, gözlərim,
Ürəyimdə, sənə deyim, ürəyim....
Məni yorubdur
Burax xəyalları, yorma özünü
Artıq xəyalların məni yorubdur
Bir az böyümüşəm , uşaq deyiləm
Artıq nağılların məni yorubdur
Sinəmdə gül açmır, qışdı ürəyim,
Sal qayadan qopan, daşdı ürəyim.
Doğulandan elə yaşdı ürəyim,
Artıq ağlamağım məni yorubdur.
Səni qorxutmasın, kədərim , qəmim,
Dəryada qərq olan yelkənsiz gəmim
Qorxma,öz dərdimi yazır öz əlim,
Artıq nağılların məni yorubdur....
Olmadı Vallah
Ömrümün yazını vermişəm bada
Qurban eyləmişəm, qohuma -yada
Ah çəkdim, gələn yox, aha, fəryada
Səsimə səs verən, olmadı vallah
Hərə bir fənd ilə baxdı üzümə,
Min yalan satdılar baxıb gözümə
Mən qalxdıqca , hey vurdular dizimə,
Əlimə, əl verən, olmadı vallah.
Sazaq əsir, xəzan olmuş ömrümə
Ölməmişdən, kəfən biçir ,qəddimə
Can deyib, qəlbimdə yanan sözümə
Könlümə dil verən, olmadı vallah
Kimə deyim, işıq salsın yoluma?
Qaranlıqlar yazılıbsa alnıma,
Güvənirdim, inanırdım ,ağlıma
Ona da "bal" verən olmadı vallah...
Ay zalım...
Bu sevgini unut getsin, at getsin,
Sevmək üçün ürək lazım ay zalım.
Hər deyilən sözlər sevgi olamaz
Sevmək üçün ürək lazım ay zalım
Sözlərinə ürək qatıb söylə sən
Yerlə yeri, nə işin var "göydə "sən
Saç sözünlə,ürəklərə "sölə "sən
Saçmaq üçün, ürək lazım ay zalım
Mən Solmazam, sözlərimdə yalan yox,
Dərdlərimə məndən başqa yanan yox...!
Dünya güzgü, baxan keçir ,qalan yox!
Keçmək üçün, ürək lazım ay zalım
Zay oldu getdi...
Gör neçə ömürə nur çilədim mən,
Öz ömrüm "çilədə" zay oldu getdi
Hər kəsin dərdini çəkdim içimə,
Ömrüm bir nadana pay oldu getdi
Bülbülün nəğməsin oxudu qarğa,
Bağlar qan ağladı, zay oldu getdi.
Həyat sürüklədi , tikanlı yolda,
Hər tikan canımdan, pay aldı getdi
Yazdı qismətimə dinsiz zalımı,
Ömrüm boş-boşuna zay oldu getdi
Eşitmədi, yaradanda ahımı,
Bir ömür boşuna , vay oldu getdi..
Gözüm
Nə olub ,günahkar baxırsan yenə,?
Bulud tək dolmusan, yağırsan gözüm
Dünyanın rəsmini çəkib al-əlvan,
Özün boz rəng ilə, baxırsan gözüm
Min məna gizlənib,hər baxışında
Duymaq asan deyil, göz naxışında
Asta bax baxanda, hər baxışında,
Yerlə-göy oynayar, yerindən gözüm.
Sən düzü gördükcə , gözlər əyildi,
Dillər topuq vurdu, sözlər səyridi,
Bəlkə, doğulandan elə əyridi?
Baş-ayaq görürsən, dünyanı gözüm.
