Yaşıl ormana səfər necə keçib?
Hər bir uşağın özünəməxsus yaradıcılıq istedadı var. Bu istedad özünü müxtəlif sahələrdə göstərir. Təəssüf ki, bəzən valideynlər, yaxud pedaqoqlarımız onların potensialının üzə çıxarılmasına ya laqeyd yanaşırlar, ya da düzgün istiqamətə yönəltmirlər. Məsələn, bir də görürsən ki, hansısa telekanalda tamaşaçılara “istedadlı” məktəblinin qabiliyyətini nümayiş etdirirlər. Heç demə, “fitri bacarığa malik” bu uşaq sözləri eşidib onu dərhal sizlərə tərsinə deməyi bacarır…
Sual olunur: görəsən bu kimə lazımdır? Bunun mənası və ya əhəmiyyəti nədir? Halbuki həmin uşağın istedadını aşkar edib düzgün istiqamətə yönəltmək daha faydalı olardı. Tutaq ki, o, xarici dillərdən birini yaşıdlarından fərqli olaraq daha tez öyrənərdi və s.
Bu fikirlər bir neçə məktəblinin yazdığı “Qorxulu meşə” fantastik povestini oxuyandan sonra ağlıma gəldi. Qəzetimizin oxucuları artıq ədəbiyyatşünas, Bakı şəhəri, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin direktor müavini Firuzə Abdullayevanı qiyabi olaraq tanıyırlar. Firuzə xanım, onun filoloq həmkarı Aybəniz Quliyeva sözün əsl mənasında çox faydalı bir işə imza atıblar. Məsələ burasındadır ki, onlar sözügedən məktəbin 7a sinfində oxuyan altı şagirdin ədəbi qabiliyyətini nəinki üzə çıxarıblar, hətta bu uşaqların birgə yazdıqları “Qorxulu meşə” povestini çap etdirməyə nail olublar (məsləhətçi Vaqif İsaqoğludur).
Təsəvvür etmək çətin deyil ki, adları çəkilən pedaqoqlarımız bu kitabın ərsəyə gəlməsindən ötrü nə qədər zəhmət çəkiblər, nə qədər vaxt sərf ediblər. Kim bilir, bəlkə də həmin altı şagirddən kimsə gələcəkdə Azərbaycanın (bəlkə də dünyanın) tanınmış yazıçılarından biri olacaq…
Reallıq budur ki, bu uşaqlar həqiqətən istedadlıdırlar və onların potensialı düzgün səmtə yönəldilib. Gərək ki, müəllifləri təqdim etməyin vaxtıdır: Bədirxan Siyavuş oğlu Qocayev, Anara Anar qızı Yusifzadə, Nuray Murad qızı Adışirinli, Fazil Emil oğlu Bayramov, Zəhra Rasim qızı Bayramlı və Nicat Pərviz oğlu Tahirli.
“Ön söz”də oxuyuruq: “Qarşımızda bir qovluq var. 7a sinfində oxuyan altı nəfər şagirdin əlyazmasıdır. Həmin əlyazmada şagirdlər hiss və həyacanlarını, fikir və düşüncələrini mistik bir formada, daha doğrusu fantastik üslubda qələmə almağa çalışmış, buna qismən də olsa nail ola bilmişlər.
Kitab “Qorxulu meşə” adlanır. Altı nəfər şagirdin qələmə aldığı hadisələr, qorxulu, vahiməli anlar öncə evdə, daha sonra meşədə cərəyan edir”.
Təbii ki, burada şedevr bir əsərdən söhbət getmir. Buna baxmayaraq, ideya çox maraqlıdır və şagirdlərin birgə qələmə aldıqları bu povest hətta böyüklər üçün də maraqlıdır.
Kitabın annotasiyasında qeyd olunduğu kimi, maraqlı, həm də macəra dolu hadisələr, eləcə də hər çətinlikdən, sınaqdan uğurla çıxan məktəblilərin şər qüvvələrə qarşı mübarizəsi aydın və dolğun şəkildə oxuculara çatdırılır.
80 səhifədən ibarət olan bu kitabı “Maarif” nəşriyyatı yeni ilin ilk ayında çap edib. Yəqin ki, məktəblilərimiz öz yaşıdlarının bu işinə böyük həvəs göstərəcək və kitabı oxumağa can atacaqlar. Təəssüf ki, “Qorxulu meşə”nin nüsxəsi cəmi 150 ədəddir…
Mahir Nemətoğlu
