Sizin reklam burada
Sizin reklam burada
  • 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü xalqımızın yaddaşında qürur doğuran əlamətdar tarixlərdən biridir


    "27 illik işğaldan sonra, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm hadisələrindən oldu."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib. O, qeyd edib ki, 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial infrastrukturu, tarixi və mədəni abidələri ciddi dağıntılara məruz qalmış, on minlərlə sakin doğma yurdlarından məcburi köçkün düşmüşdü.

    Cəbrayıl uğrunda mübarizənin mühüm səhifələrindən biri 2016-cı ilin Aprel döyüşləri zamanı yazıldı. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi işğaldan azad edildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə Cəbrayılın tam azadlığına aparan yolu açdı. Oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi.

     Mircəlil Qasımlı xüsusi olaraq vurğulayıb ki, Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi həm hərbi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun sonrakı istiqamətlərdə irəliləməsi üçün yeni imkanlar yaratdı.

    Cəbrayıl uğrunda döyüşlərdə iştirak edərək şücaət və qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib və 22 797 hərbi qulluqçu bu medalla təltif olunub:

    "Cəbrayılın azad edilməsindən sonra rayonun həyatında yeni – bərpa və quruculuq mərhələsi başlayıb. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə xalqımız üçün xüsusi rəmzi məna daşıyan tarixi hadisələrdən biri olub.

    Bu gün Cəbrayıl genişmiqyaslı quruculuq işləri ilə yenidən dirçəlir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, elektrik və yol infrastrukturunun qurulması, yeni yaşayış məntəqələrinin layihələndirilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı rayonun gələcək inkişafının əsas istiqamətlərini təşkil edir.

    Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planda şəhərin müasir tələblər əsasında qurulması nəzərdə tutulub. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində yaşayış və sosial infrastrukturun yaradılması istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir. Cəbrayıl yaşayış komplekslərinin inşası isə insanların öz doğma yurdlarında müasir şəraitdə yaşaması üçün yeni imkanlar yaradır."

    Mircəlil Qasımlının sözlərinə görə, Cəbrayılın bugünkü mənzərəsi azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq prosesinin mühüm nümunələrindən biridir. Bir zamanlar dağıntılara məruz qalmış ərazilərdə bu gün yaşayış məhəllələri, yollar, enerji infrastrukturu, məktəblər, sosial obyektlər və yeni iqtisadi imkanlar yaradılır.

    4 Oktyabr həm Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin ehtiramla yad edildiyi, həm də doğma yurda qayıdışın, dirçəlişin və quruculuğun qeyd olunduğu əlamətdar gündür.

    Cəbrayılın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ