Bir saat davam edən verilişin aparıcısı layihə rəhbəri, "Zəka işığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Çiçək olub. Verilişdə Əməkdar jurnalist Vəli Vəliyev və şəhidin qardaşı Niyaməddin Cəfərov iştirak edərək Zaur Cəfərovun mənalı ömür yolundan, Vətənə sonsuz sədaqətindən, hərbi xidmətindən, ailə dəyərlərinə bağlılığından və şəhidlik zirvəsinə ucalan qəhrəmanlıq salnaməsindən danışıblar.
Verilişdə vurğulanıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat yolu xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir. Belə layihələr yalnız şəhidlərimizin xatirəsinin yaşadılmasına deyil, həm də gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir. Şəhidlərimizin keçdiyi şərəfli ömür yolu televiziya vasitəsilə geniş ictimaiyyətə çatdırılmaqla onların göstərdikləri misilsiz qəhrəmanlıq gələcək nəsillər üçün örnəyə çevrilir.
Verilişdə bildirilib ki, 1980-ci il martın 4-də Kəlbəcərin Başlıbel kəndində anadan olan Zaur Cəfərov uşaqlıq illərində doğma yurd-yuvasından didərgin düşməyin ağrı-acısını yaşasa da, Vətənə xidmət amalından bir an belə uzaqlaşmayıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq peşəkar zabit kimi formalaşan Zaur Cəfərov uzun illər Azərbaycan Ordusunda müxtəlif məsul vəzifələrdə şərəflə xidmət edib. Aprel döyüşlərində, Tovuz istiqamətində gedən döyüşlərdə və 44 günlük Vətən müharibəsində göstərdiyi peşəkarlıq, qətiyyət və igidlik onun komandirlik keyfiyyətlərinin ən parlaq nümunəsinə çevrilib.
Verilişdə qeyd olunub ki, Zaur Cəfərov sağlığında qüsursuz xidməti və yüksək peşəkarlığına görə müxtəlif orden və medallarla təltif olunub. Şəhidliyindən sonra isə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilərək onun Vətən qarşısındakı xidmətlərinə verilən yüksək dövlət qiyməti bir daha təsdiqlənib.
Layihə rəhbəri Cəmilə Çiçək çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik və ordu quruculuğu siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Məhz Ali Baş Komandanın rəhbərliyi, "Dəmir Yumruq" ətrafında sıx birləşən xalqımızın iradəsi, Zaur Cəfərov kimi qəhrəman şəhidlərimizin, qazilərimizin və Vətən müharibəsi iştirakçılarımızın misilsiz şücaəti sayəsində işğal altında qalmış dədə-baba torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu.
Cəmilə Çiçək qeyd edib ki, "Şəhidlik Zirvəsi" layihəsinin əsas məqsədi şəhidlərimizin zəngin həyat yolunu, onların Vətən sevgisini, milli-mənəvi dəyərlərə sədaqətini və qəhrəmanlıq irsini cəmiyyətə daha dolğun şəkildə çatdırmaq, xüsusilə gənclərdə dövlətə bağlılıq, milli birlik və vətənpərvərlik hisslərini gücləndirməkdir. Bu cür maarifləndirici və təbliğat xarakterli layihələr şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsinə, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsinə mühüm xidmət göstərir.
Verilişin sonunda Zaur Cəfərovun timsalında bütün şəhidlərimizin müqəddəs ruhuna ehtiram ifadə olunaraq bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Onların göstərdikləri fədakarlıq milli qürur mənbəyimiz olmaqla yanaşı, müstəqil Azərbaycanın gələcək inkişafı üçün də əbədi örnəkdir.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
https://youtu.be/sKBum0xDBAg
Səfər Şakiroğlu,
tədqiqatçı-jurnalist
