"Atributinfo.az" xəbər verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Saatlı rayon şöbəsinin rəisi və Polis şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Saatlı rayonunda ucaldılmış abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir Saatlı Rayon Polis Şöbəsinin inzibati binasında davam etdirilib. Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan polisinin müasir inkişafı Ümummilli Lider Heydər Əliyevin hüquq-mühafizə orqanlarının gücləndirilməsinə və peşəkar polis sisteminin formalaşdırılmasına yönəlmiş məqsədyönlü siyasətinin nəticəsi olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatların bu gün də uğurla davam etdirildiyini, dövlət başçısının diqqət və qayğısı nəticəsində polis orqanlarının maddi-texniki təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdığını və əməkdaşların sosial rifahının yüksəldilməsi, peşə hazırlığının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Çıxışının sonunda Elmir Bağırov polis əməkdaşlarını “2 İyul – Azərbaycan Polisi Günü” münasibətilə təbrik edərək, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Vəliyev, rayon prokuroru Elnur Rüstəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Aydın Əliyev, SHXÇDX-nin Saatlı rayon şöbəsinin rəisi, polkovnik- leytenant Ceyhun Həsənov Azərbaycan polisinin dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin olunması, qanunun aliliyinin qorunması və ictimai asayişin təmin edilməsində mühüm rolundan danışıblar. Natiqlər polis əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirərək onları peşə bayramı münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiklərinə, rayonda ictimai asayişin qorunmasına və kütləvi tədbirlərin təhlükəsizliyinin təmin edilməsinə verdikləri töhfəyə görə bir qrup polis əməkdaşı Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olunub.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
