Sizin reklam burada
Sizin reklam burada
  • Güclü ordu güclü dövlətin dayağıdır

    Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov),
    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

    Hörmətli zabitlər, gizirlər, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları və əsgərlər,
    Sizi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmətinizdə uğurlar və ailələrinizə əmin-amanlıq arzulayıram.

    Silahlı Qüvvələr Günü bizim üçün sadəcə peşə bayramı deyil. Bu gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və milli iradəsinin rəmzidir. Güclü ordu güclü dövlətin dayağıdır. Lakin ordunun gücü yalnız onun malik olduğu silahların müasirliyi və ya texniki imkanları ilə ölçülmür. Ordunun əsl gücü onun mənəvi dayaqlarında, peşəkarlığında, intizamında və xalqın ona olan etimadında təcəssüm edir.

    Bu gün Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş, yerləşdiyi bölgədə söz sahibi olan bir ölkəyə çevrilmişdir. Bütün bunlarla yanaşı, ölkəmiz həm də qloballaşan dünyanın bir hissəsidir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki uğurları, qələbəsi bütün dünyanı valeh etmişdir. Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Bu gün NATO kimi nəhəng hərbi blok, hətta super dövlətlər Azərbaycanın Şuşa əməliyyatının mahiyyətindən danışır və bu dövlətin hərbi nailiyyətini müzakirə edirlər. Azərbaycan özünün hərb tarixinə öz möhürünü vurmuşdur və ən nəhəng dövlətlər içərisində özünün layiq olduğu yeri tutmuşdur.

    Sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror əməliyyatı və onun əsas nəticəsi - Azərbaycanın öz suverenliyini tam bərpa etməsi regionda yeni reallıq yaratdığını nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə xarici və yerli investorların cəlb edilməsi, həmin ərazilərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri regionun gələcək inkişafının başlıca amilləridir.
    Biz yaxşı bilirik ki, hərbçi olmaq təkcə peşə seçimi deyil. Bu, Vətən qarşısında məsuliyyətdir. Bəzən ailədən, doğmalardan uzaqda xidmət etmək, şəxsi rahatlığını dövlətin təhlükəsizliyinə qurban vermək, hər an çətin qərarlar qəbul etməyə hazır olmaq deməkdir. Bu məsuliyyət hər kəsə nəsib olmur. Ona görə də hərbi xidmət cəmiyyətimizdə hər zaman xüsusi hörmətə layiq olmuşdur, gələcəkdə də belə olacağına əminəm.

    Bu gün biz qəhrəmanlıqdan danışarkən onu yalnız döyüş meydanında göstərilən igidliklə məhdudlaşdırmamalıyıq. Qəhrəmanlıq həm də sülh dövründə öz vəzifəsini vicdanla yerinə yetirməkdir, sərhəddə ayıq-sayıq dayanmaqdır, gənc əsgərə nümunə olmaqdır. Silahı daşımaqla yanaşı, dövlətə və xalqa sədaqəti qorumaqdır.

    Tarix göstərir ki, sülh ən böyük dəyərlərdən biridir. Lakin sülh yalnız arzu ilə qorunmur. Sülh güclü dövlət, peşəkar ordu və məsuliyyətli cəmiyyət tələb edir. Məhz buna görə də güclü Silahlı Qüvvələr müharibə istəyinin deyil, sülhə təminat vermək iradəsinin ifadəsidir. Əsl güc qarşıdurma yaratmaqda deyil, qarşıdurmanın qarşısını almağa qadir olmaqda təzahür edir.

    Ordunun gücü yalnız silahında deyil, onun arxasında dayanan xalqın ədalət hissəsində, dövlət institutlarının möhkəmliyində və Vətəni qorumağın təkcə hərbçinin deyil, hər bir vətəndaşın məsuliyyəti olduğuna inamında təcəssüm edir. Çünki Vətən anlayışı yalnız coğrafi məkan deyil; o, bizim tariximiz, dilimiz, şəhidlərimizin əmanəti, övladlarımızın gələcəyi və dövlətçiliyimizin davamlılığıdır.

    Bu gün həm də şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi fədakarlıq milli yaddaşımızın ayrılmaz hissəsidir və gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olaraq yaşayacaqdır.

    Əziz hərbi qulluqçular!
    Siz dövlətin etibar etdiyi ən böyük dəyərlərdən birini - xalqın təhlükəsizliyini qoruyursunuz. Bu etimad böyük şərəf olduğu qədər, böyük məsuliyyətdir. Əminəm ki, Azərbaycan hərbçisi bundan sonra da öz peşəkarlığı, intizamı, Vətənə sədaqəti və yüksək mənəvi keyfiyyətləri ilə xalqımızın qürur mənbəyi olacaqdır.
    Bir daha 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, Azərbaycan Respublikasına sülh, firavanlıq və tərəqqi, Silahlı Qüvvələrimizin şəxsi heyətinə isə möhkəm iradə, uğurlu xidmət və daim uca zirvələr arzulayıram.

    Yaşasın Azərbaycan Respublikası!
    Yaşasın Azərbaycan Silahlı Qüvvələri, onun Ali Baş Komandanı!


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ