Bu dəfəki müsahibimiz Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərən “Lilac Medical Center” klinikasının Biznes Departamentinin direktoru cənab Asif Asgarovdur.
– Cənab Asgərov, Azərbaycana səfərinizin əsas məqsədi nədir?
– Səfərimin əsas məqsədi Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulmasıdır.
– Bu əməkdaşlıq hansı istiqamətləri əhatə edəcək?
– Müasir dünyanın inkişafı elm və texnologiyanın nailiyyətləri ilə sıx bağlıdır. Xüsusilə tibb sahəsində innovativ texnologiyaların tətbiqi insanların sağlamlığının qorunmasında mühüm rol oynayır. Azərbaycana səfərimin əsas məqsədi stomatologiya və digər tibbi istiqamətlər üzrə əməkdaşlıq imkanlarını araşdırmaq, “Lilac Medical Center”in müasir tibbi avadanlıq və texnologiyalarını Azərbaycan səhiyyəsinin xidmətinə təqdim etməkdir.
– Əməkdaşlıq hansı formada həyata keçiriləcək?
– Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən inkişaf etmiş iqtisadi və texnoloji mərkəzlərindən biridir. Burada tibbi avadanlıqlar və innovativ texnologiyalar sahəsində geniş imkanlar mövcuddur. Əməkdaşlığımız Azərbaycan klinikaları ilə qarşılıqlı müqavilələr və tərəfdaşlıq proqramları əsasında qurulacaq. Məqsədimiz diaqnostika və müalicə proseslərinin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.
– Bakıdakı klinikalarla görüşləriniz olubmu?
– Bəli, Bakıda fəaliyyət göstərən bir sıra stomatoloji klinikalarla görüşlər keçirmişəm. Yaxın günlərdə regionlara da səfərlər planlaşdırılır. Məqsədimiz mövcud vəziyyəti öyrənmək, ehtiyacları müəyyənləşdirmək və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.
– Təmsil etdiyiniz “Lilac Medical Center” haqqında nə deyə bilərsiniz?
– “Lilac Medical Center” Birləşmiş Ərəb Əmirliklərinin aparıcı və müasir tibb müəssisələrindən biridir. Klinikamız ən son texnologiyalar əsasında qurulmuş avadanlıqlarla təchiz edilib. Pasiyentlərə göstərilən xidmət yüksək beynəlxalq standartlara cavab verir. Eyni zamanda, müxtəlif tibb sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrimiz mövcuddur.
– Bakı və Azərbaycan haqqında təəssüratlarınız necədir?
– Bu, Azərbaycana ilk səfərim deyil. Azərbaycanı Şərqlə Qərbi birləşdirən mühüm körpü kimi qiymətləndirirəm. Bakı müasirliyi və tarixi dəyərləri özündə birləşdirən gözəl şəhərdir. İnsanların qonaqpərvərliyi və səmimiyyəti məndə çox xoş təəssürat yaradıb. Gələcək səfərlərimdə Şuşa, Füzuli və Laçın şəhərlərini də ziyarət etməyi planlaşdırıram.
– Gələcək əməkdaşlıq hansı nəticələr verə bilər?
– İlk mərhələdə klinikamız Azərbaycandan olan pasiyentlərin qəbulunu həyata keçirəcək. Növbəti mərhələdə isə həkim mübadiləsi, peşəkar təlim proqramları və ortaq layihələrin reallaşdırılması nəzərdə tutulur. İnanıram ki, bu əməkdaşlıq hər iki ölkənin səhiyyə sisteminə və insanların sağlamlığının qorunmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, 1–11 iyun tarixlərində cənab Asif Asgarov Bakıda fəaliyyət göstərən bir sıra dental klinikalarla görüşlər keçirmişdir. Səfər çərçivəsində “Lilac Medical Center” ilə Azərbaycanın müxtəlif tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanmış, gələcək birgə fəaliyyət istiqamətləri müəyyən edilmişdir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında səhiyyə sahəsində qurulan bu əməkdaşlığın hər iki ölkənin tibb sektorunun inkişafına mühüm töhfə verəcəyinə inanırıq.
Uğurlar arzulayırıq!
Hazırladı: Hüseyn Rizvanoğlu
