Sizin reklam burada
Sizin reklam burada
  • Meşələrdə narkotik plantasiyaları – polis əməliyyatı nəticəsində kiloqramlarla marixuana aşkarlandı



    Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən əməliyyatlar zamanı külli miqdarda narkotik vasitələr və çətənə kolları aşkarlanıb. İsmayıllı və Ağcabədi rayonlarında polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində bir neçə şəxs saxlanılıb, onların barəsində həbs qətimkan tədbiri seçilib.

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Onun üzərinə və gizlətdiyi yerlərə baxış zamanı ümumilikdə 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlədib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, narkotik vasitələrin sonradan dövriyyəyə buraxılması planlaşdırılıb. İsmayıllıda keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə məşğul olan 36 yaşlı Paşa Usubov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

    Polisin keçirdiyi əməliyyatlar bununla da yekunlaşmayıb. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov da saxlanılıb.
    Onun həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları, eləcə də 7 kiloqramdan artıq marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Hüquq-mühafizə orqanları bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Bu cür faktlar həm narkotik asılılığının yayılmasına, həm də digər ağır cinayətlərin artmasına zəmin yaradır.
    Faktlarla bağlı cinayət işləri başlanıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

    Son illər ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatların sayı artıb. Xüsusilə kənd və meşəlik ərazilərdə gizli şəkildə yaradılan çətənə plantasiyalarının aşkar olunması istiqamətində polis tərəfindən mütəmadi tədbirlər görülür.
    Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, İsmayıllı və Ağcabədidə aşkarlanan faktlar narkotiklərlə mübarizənin yalnız kriminal deyil, həm də milli təhlükəsizlik məsələsi olduğunu bir daha göstərir: “İsmayıllıda meşəlik ərazidə 10 kiloqram marixuananın, Ağcabədidə isə 7 kiloqramdan artıq marixuana və çətənə plantasiyalarının aşkarlanması göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər fəaliyyət üsullarını dəyişsələr də, hüquq-mühafizə orqanlarının nəzarətindən yayına bilmirlər. Bu gün narkotik problemi hüquq pozuntusu məsələsi deyil. Bu, dövlət təhlükəsizliyinə, gənclərin sağlamlığına, sosial sabitliyə və milli genofonda yönəlmiş təhlükədir. Təsadüfi deyil ki, dünya praktikasında narkotik dövriyyəsi terrorçuluğun, qanunsuz silah alverinin, insan alverinin və digər transmilli cinayətlərin əsas maliyyə mənbələrindən biri hesab olunur”.

    Arzu Nağıyev deyib ki, rəsmi statistikaya baxdıqda problemin miqyası daha aydın görünür: “Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatları əsasında yaydığı hesabatda qeyd olunur ki, 2025-ci ildə ölkədə qeydə alınan 31 min 852 cinayətin 7 min 763-ü, yəni 24,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Bu o deməkdir ki, ölkədə qeydə alınan hər dörd cinayətdən biri narkotiklərlə əlaqəlidir. Diqqətçəkən məqamlardan biri də narkotik tərkibli bitkilərin kultivasiyası ilə bağlı cinayətlərin davam etməsidir. Statistikaya görə, narkotik cinayətlərinin 2,4 faizi məhz çətənə və digər narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə bağlıdır. İsmayıllı və Ağcabədidə aşkar edilən son faktlar da həmin tendensiyanın davam etdiyini göstərir. 2025-ci ilin ilk altı ayında isə ölkədə qeydə alınmış 17 min 49 cinayətin 4 min 667-si narkotiklərlə bağlı olub. Bu da ümumi cinayətlərin 27,4 faizinə bərabərdir. Həmin dövrdə kultivasiya ilə bağlı cinayətlər bütün narkotik cinayətlərinin 2,1 faizini təşkil edib. Rəsmi məlumatlara əsasən, 2025-ci ildə narkotiklərlə bağlı cinayətlərə görə 5 min 657 nəfər müəyyən edilib. Onların 35,8 faizi əvvəllər də cinayət törətmiş şəxslər olub. Daha narahatedici məqam isə budur ki, hüquqpozanların 60,9 faizi əmək qabiliyyətli, lakin işləməyən və təhsil almayan şəxslərdir. Bu statistika narkotik biznesinin sosial problemlərdən və işsizliyin yaratdığı risklərdən istifadə etdiyini göstərir”.
    Arzu Nağıyev bildirib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı rəqəmlər də problemin miqyasını ortaya qoyur: “2025-ci ilin ilk 9 ayında hüquq-mühafizə orqanları tərəfindən təxminən 6 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb və onların bazar dəyəri 152 milyon manatdan artıq qiymətləndirilib. Daxili İşlər Nazirliyinin kollegiya iclasında səsləndirilən məlumatlara görə isə 2025-ci ilin ilk yarısında keçirilən əməliyyatlar zamanı 103 kriminal qrup zərərsizləşdirilib, dövriyyədən təxminən 3 tona yaxın narkotik vasitə çıxarılıb, 151 tondan artıq narkotik xassəli bitki məhv edilib. Bütün bunlar göstərir ki, İsmayıllı və Ağcabədidə aşkarlanan faktlar ayrı-ayrı hadisələr deyil, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan genişmiqyaslı mübarizənin tərkib hissəsidir. Bu mübarizədə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti kifayət deyil. Ailə, məktəb, media və vətəndaş cəmiyyəti də prosesə qoşulmalıdır. Çünki narkotiklərlə mübarizə əslində ölkənin gələcəyi uğrunda mübarizədir”.

    Arzu Nağıyev vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi təkcə ayrı-ayrı şəxslərin cinayət fəaliyyəti deyil, eyni zamanda cəmiyyətin sağlamlığına, gənclərin gələcəyinə və dövlətin təhlükəsizliyinə yönəlmiş təhdiddir: “Narkotik vasitələrin becərilməsi, daşınması və satışı ilə məşğul olan şəxslər böyük cinayət şəbəkələrinin bir hissəsi kimi fəaliyyət göstərə və əldə olunan vəsaitlər müxtəlif qanunsuz fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilə bilər. Meşəlik ərazilərdə və yaşayış məntəqələrində gizli şəkildə çətənə plantasiyalarının yaradılması təsadüfi hal deyil. Bu, narkotik biznesinin ölkə daxilində yeni üsullarla fəaliyyət göstərmək cəhdlərinin göstəricisidir. Buna görə də hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar yalnız narkotik vasitələrin dövriyyədən çıxarılması deyil, həm də potensial cinayət şəbəkələrinin ifşası baxımından mühüm əhəmiyyət daşıyır”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ