ADNSU ötənilki QS dünya universitetləri reytinqində 851–900-cü yer aralığında qərarlaşmışdı. Yeni nəticəyə əsasən, universitet qlobal miqyasda təxminən 180 pillə irəliləyərək dünyanın aparıcı ali təhsil müəssisələri sırasında mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Qeyd edək ki, ADNSU bu nəticə ilə Cənubi Qafqazda mühəndislik profilli ali təhsil müəssisələri arasında birinci yerə yüksəlib.
Bu nəticə universitetin son illərdə həyata keçirdiyi sistemli islahatların, təhsil keyfiyyətinin artırılması, elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sənaye ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində aparılan ardıcıl işlərin mühüm göstəricisidir.
Universitetin ən böyük irəliləyişlərindən biri “İşəgötürənlər arasında reputasiya” göstəricisi üzrə qeydə alınıb. Bu istiqamətdə ADNSU 685-ci yerdən 477-ci yerə yüksəlib. Sözügedən göstərici işəgötürənlərin universitet məzunlarının hazırlıq səviyyəsi və əmək bazarına uyğunluğu ilə bağlı qiymətləndirmələrini əks etdirir. Bu nəticə ADNSU məzunlarına sənaye və işəgötürənlər tərəfindən etimadın artdığını, universitetin tədris proqramlarının əmək bazarının real tələblərinə uyğun inkişaf etdiyini nümayiş etdirir.
ADNSU “Məzunların məşğulluq nəticələri” göstəricisi üzrə də mövqeyini yaxşılaşdıraraq 391-ci yerdən 368-ci yerə yüksəlib. Bu göstərici məzunların əmək bazarındakı uğurlarını, karyera qurmaq imkanlarını və cəmiyyətə töhfə vermək potensialını ölçür. Nəticə universitetin yüksəkixtisaslı, rəqabətqabiliyyətli və sənayenin ehtiyaclarına cavab verən kadrlar hazırlamaq istiqamətindəki strateji yanaşmasını təsdiqləyir.
Tədris mühitinin keyfiyyətini əks etdirən “Müəllim-tələbə nisbəti” göstəricisi üzrə də ciddi irəliləyiş əldə olunub. ADNSU bu istiqamətdə 208-ci yerdən 172-ci yerə yüksəlib. Bu göstərici tələbələrə akademik dəstəyin, professor-müəllim heyətinin əlçatanlığının və tədris prosesinin keyfiyyətinin yüksəlməsi ilə bağlıdır.
Beynəlmiləlləşmə istiqamətində də ADNSU-nun mövqeləri güclənib. “Beynəlxalq akademik heyət” göstəricisi üzrə universitet 456-cı yerdən 376-cı yerə, “Əcnəbi tələbələr” göstəricisi üzrə isə 851-ci yerdən 736-cı yerə yüksəlib. Bu nəticələr ADNSU-nun beynəlxalq akademik mühitdə tanınmasının artdığını, xarici tələbə və müəllimlər üçün cəlbediciliyinin gücləndiyini, həmçinin qlobal tərəfdaşlıq və mobillik imkanlarının genişləndiyini göstərir.
Son üç ildə ADNSU QS dünya reytinqində ən sürətli yüksəlişlərdən birini nümayiş etdirib. Universitet 2024-cü ildə 1201–1400-cü yer aralığından 2027-ci ildə 711–720-ci yer aralığına yüksələrək regionda ali təhsil sahəsində dinamik inkişaf nümunəsi ortaya qoyub.
ADNSU-nun rektoru dosent Rüfət Əzizov bildirib ki, bu nəticə universitetin tələbələri, müəllimləri, tədqiqatçıları, əməkdaşları, məzunları və sənaye tərəfdaşlarının birgə əməyinin nəticəsidir: “Bu nailiyyət məzunların məşğulluğu, təhsilin keyfiyyəti və beynəlmiləlləşmə istiqamətlərində əldə etdiyimiz irəliləyişlərin beynəlxalq səviyyədə təsdiqidir. Reytinqlər bizim üçün son məqsəd deyil, lakin universitetin qlobal rəqabət qabiliyyətinin və transformasiya prosesinin mühüm göstəricisidir. Bu nəticə bizi daha güclü tədqiqat universitetinə çevrilmək yolunda yeni hədəflərə ruhlandırır”.
Qeyd edək ki, ADNSU son illərdə elmi-tədqiqat potensialının artırılması, beynəlxalq ikili diplom və tərəfdaşlıq proqramlarının genişləndirilməsi, tələbə və akademik heyət mobilliyinin gücləndirilməsi, müasir laboratoriyaların yaradılması, innovativ akademik proqramların inkişafı və sənaye ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir.
