Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda Milli Qurtuluş Günü ilə əlaqədar rayon tədbiri keçirilib

    Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun- Milli Qurtuluş Günü ilə əlaqədar rayon tədbiri keçirilib.

    "Atributinfo.az" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Şəhər parkı ərazisində ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.

    Sonra Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və YAP rayon təşkilatının rəhbər şəxslərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələri və qazilərin, ziyalıların, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilib.
    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş etdirilib.
    Konfransda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edərək bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi oldu.

    Müstəqilliyin qazanılması nə qədər mühüm idisə, onun qorunub saxlanılması və inkişaf etdirilməsi də bir o qədər vacib məsələ idi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyimizin məhv olmasının və ölkəmizin parçalanmasının qarşısı alındı. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri yaradıldı. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoydu, müasir dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə etdi. Milli qurtuluş ideologiyası Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynadı.
    Bu baxımdan 15 İyun - Milli Qurtuluş Günü xalqımızın tarixində əlamətdar gün kimi xüsusi yer tutur və 1997-ci ildən etibarən dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunur.

    Ümummilli lider Heydər Əliyev ideyaları sarsılmazdır, dönməzdir və əbədiyaşarlıq qazanıb.
    Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu artan dövlətə çevrilib.

    Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun və şəhidlərimizin qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyuldu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında yox oldu və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Zəfəri ilə başa çatdı. Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş, dünyada söz sahibi olan ölkədir. Dövlətimiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.

    Konfransda Qax Rayon İcra Hakimiyyəti başçısının müavini–Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “15 İyun-Milli Qurtuluş Günüdür” mövzusunda geniş məruzə ilə çıxış edib.
    Çıxış edən digər natiqlər Azərbaycan tarixinin ən şanlı səhifəsi olan “Qurtuluş Günü”nün xalqımıza bəxş etdiyi töhfələrdən, əldə olunan yüksək nailiyyətlərdən danışıblar.

    Sonra tədbir Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin və Qax rayon Uşaq incəsənət məktəbinin təşkil etdiyi geniş konsert proqramı ilə davam edib.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ