Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

    Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub.

    "Atributinfo.az" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhər parkı ərazisində ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Sonra Heydər Əliyev Mərkəzində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının və YAP rayon təşkilatının rəhbər şəxsləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev Müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilib.
    Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş etdirilib.
    Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qeyd etmişdir ki, müasir və güclü Azərbaycanın qurulmasında, Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Ulu Öndər uğurlu siyasi fəaliyyəti, nümayiş etdirdiyi qətiyyəti ilə, göstərdiyi prinsipiallıq və məqsədyönlülük nəticəsində Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən dayanıqlı siyasi kursun müəllifinə çevrilib. Ölkəmizin yüksəlişinə verdiyi böyük töhfələr zəmanəsinin fövqündə dayanan bu unikal insanın adını dünya siyasi liderləri arasında xüsusi mövqeyə yüksəldib. E.Paşayev Azərbaycana rəhbərliyinin tarixi xronologiyası üzrə danışaraq, çətin ideoloji mühitdə respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə əldə etdiyi uğurları önə çəkib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyi dövrü milli intibah dövrü kimi səciyyələndirilir. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ - 1969-1982-ci və 1993-2003-cü illər ilə xarakterizə olunsa da, əslində, Ulu Öndərin Vətənə fədakar xidməti və hakimiyyətinin hər iki mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması baxımından çox oxşardır. Başqa sözlə, eyni missiyanın, sadəcə, iki mərhələsidir.
    Diqqətə çatdırılıb ki, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail olub. Xalqın israrlı tələb və xahişindən sonra Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi (1993-2003-cü illər) başlanıb. Xaos, vətəndaş qarşıdurması aradan qaldırılıb, sabitlik bərqərar olub, mühüm strateji qərarlar verilib. Ermənistan-Azərbaycan arasında atəşkəsə nail olunub, “Əsrin müqaviləsi” sazişinin imzalanması nəticəsində iqtisadi yüksəlişə zəmin yaradılıb və ölkənin beynəlxalq nüfuzu artıb. Bu siyasətin nəticəsi olaraq dövlət müstəqilliyi möhkəmləndirilib, ordu quruculuğu gücləndirilib və bütün sahələrdə dinamik inkişaf təmin olunub. Eyni zamanda vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu siyasi kursun Müzəffər Ali Baş Komandan, Cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük hərbi Zəfərə imza atıb. Regionda yeni reallıqlar formalaşdırıb və ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənib.
    Konfransda rayon İcra Hakimiyyəti başçısının müavin–Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Ulu Öndər Heydər Əliyev Müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda geniş məruzə ilə çıxış edib.
    Digər çıxışlarda vurğulanıb ki, xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə və siyasi irsinə duyduğu ehtiyac zaman keçdikcə daha aydın hiss olunur. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs edən natiqlər qeyd ediblər ki, Azərbaycanın bu gün əldə etdiyi bütün mühüm nailiyyətlərin əsasında məhz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Dahi şəxsiyyətlər öz əməlləri, ideyaları ilə yaşayırlar, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında, milli düşüncəsində və tarixində daim var olacaqdır.
    Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü” münasibəti ilə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında səmərəli və fəal iştirak edən bir qrup şəxs Qax Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, həmçinin Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
    Bayram tədbiri “İçəribazar” Tarix və Mədəniyyət Mərkəzində bədii-musiqili konsert proqramı ilə davam etdirilib.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"



















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ