Sizin reklam burada
Sizin reklam burada
  • “Zəfərə atılan ilk addım - Aprel Zəfəri" mövzusunda konfrans keçirilmişdir

    Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinə həsr olunmuş “Zəfərə atılan ilk addım-Aprel Zəfəri" mövzusunda Konfrans keçirilmişdir.

    "Atributinfo.az" xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Elmi-praktiki konfransı giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-idarəetmə və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, bu gün biz Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 2016-cı il Aprel döyüşlərinin 10-cu ildönümünü böyük qürur hissi ilə qeyd edirik.

    Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, xalqımızın yenilməz ruhunun və dövlətimizin qətiyyətinin bütün dünyaya nümayiş olunduğu mühüm tarixi hadisədir. Bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Müzəffər Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad edilməsinə tam hazır olduğunu sübut etdi.

    Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu sonrakı dövrlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlara, ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaratdı. Azərbaycan Ordusu ən müasir silahlar və texnika ilə təchiz olundu.
    2016-cı il aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

    Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.
    Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu və xalq birliyinin təcəssümü olmaqla yanaşı, dünya ictimaiyyətinə də bir mesaj idi. Ən əsası isə bu döyüşlər gələcək böyük zəfərin — 44 günlük Vətən müharibəsinin təməlini qoydu. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarının nəticəsi olaraq Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi.

    Həmçinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.
    Tədbirdə digər çıxış edənlər Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq nümunələrindən, qələbəmizdən və zəfər tariximizdən geniş bəhs ediblər.
    Sonda “Aprel döyüşləri”nə həsr olunmuş videolent nümayiş etdirilmişdir.

    Bəradər
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ