Qanunvericiliyə dəyişikliklər və əlavələr edilərkən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) mütəxəssislərinin tövsiyələri də nəzərə alınmışdır. Nəticədə milli patent qanunvericiliyində beynəlxalq təcrübədə olduğu kimi iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi, iddia sənədi üzrə bilavasitə təmsiletmə, ilkinlik iddiasında düzəlişlər və ya əlavələr, ilkinlik hüququnun bərpa edilməsi, imtina halında iradların təqdim olunması imkanı, müddətlərin uzadılması, müddətin qəsdən buraxılmadığı müəyyən edildikdə hüquqların bərpasına dair normalar təsbit edilmişdir.
“Patent haqqında” Qanunda aparılmış dəyişikliklər ixtiralar üçün təxirə salınmış sistem üzrə, faydalı modellər və sənaye nümunələri üçün isə yoxlama sistemi üzrə mahiyyətcə ekspertizaya keçidi təmin edir. Mahiyyətcə ekspertizaya keçid patentə dair məlumatların dərci haqqında qərar əsasında deyil, ümumi qəbul edilmiş standartlara uyğun olaraq, Əqli Mülkiyyət Agentliyinin mühafizə sənədinin verilməsi haqqında qərarı əsasında həyata keçiriləcək. İddiaçının vəsatəti əsasında mahiyyətcə ekspertizanın keçirilməsinə dair Qanunda yeni müddəanın verilməsi ekspertizanın sürətli aparılmasını təmin edəcək və patentin verilməsi müddəti azalacaq.
Qanuna edilmiş yeni dəyişikliyə uyğun olaraq ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə müraciət etməklə həyata keçirə biləcəklər. Lakin əvvəlllər Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməli idi. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olurdu.
Patent qanunvericiliyinin təkmilləşdirilməsinin patent göstəriciləri üzrə ölkəmizin beynəlxalq reytinqinin artmasına da müsbət təsirinin olacağı gözlənilir.
İndiyədək pərakəndə şəkildə tənzimlənən, bir sıra hallarda isə ümumiyyətlə, tənzimlənməsi böyük problem olan daha aktual bir məsələ də öz həllini tapacaq: işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi baza formalaşacaq. Yəni ixtiranın müəllifi patentin alınmasına və onunqüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitinazı 50 faizini qonorar kimi ala biləcək.
Qanuna edilən dəyişikliklər ölkəmizin ÜƏMT-nin Patent hüququ Müqaviləsinə və Əqli mülkiyyət, genetik ehtiyatlar və genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklər haqqında Müqaviləsinə qoşulması üçün də böyük əhəmiyyət daşıyır. Dəyişikliklər barədə Qanunun qəbulu ilə bu sahədə yeni mərhələnin başlandığı xüsusi olaraq vurğulanmalıdır.
