Bunu Milli Məclisin deputatı Razi Nurullayev özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, Suqovuşan ətrafı həm kənd təsərrüfatı, həm su ehtiyatlarının idarə olunması, həm də regionun sosial-iqtisadi inkişafı baxımından mühüm rol oynayır. Bu ərazi uzun illərdir ki, Muğan düzünün həyat damarlarından biri kimi çıxış edir və burada suyun hər damlası insanların gündəlik həyatına, zəhmətinə və rifahına təsir göstərir:
"İnanıram ki, yaxın illərdə bu ərazidə müasir və cəlbedici turizm infrastrukturu formalaşdırılacaq, Suqovuşan təkcə yerli sakinlər üçün deyil, ölkəmizin müxtəlif bölgələrindən və xaricdən gələn turistlər üçün də maraqlı və cəlbedici məkana çevriləcək. Bu potensialın düzgün qiymətləndirilməsi regionun inkişafına əlavə təkan verə bilər.
Səfər zamanı mənə ətraflı məlumat verən, bölgənin xüsusiyyətlərini, tarixini və bu gününü yüksək peşəkarlıqla izah edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyevə xüsusi təşəkkürümü bildirirəm. Onun səmimi yanaşması, bölgəyə olan bağlılığı və məlumatlılığı bu səfəri daha da mənalı və yadda qalan etdi.
Belə məkanların tanıdılması, qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin borcudur. Suqovuşan kimi ərazilər təkcə coğrafi nöqtə deyil, həm də milli sərvətimiz, tariximizin və təbiətimizin canlı şahididir."- Deputat paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
