Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Sədi Şirazinin Vətəni bombalanır, yerlə yeksan olunur

    İltizam Yusifov
    Vl çağırış MM deputatı
    T.e.ü.f. doktoru
    Əməkdar mühəndis

    Yaxın Şərqdə böyük şavaş gedir. İnsanlar ölür, minilliklə yaradılmış böyük mədəniyyətlər məhv olur. İran ərazisində müxtəlif millətlər yaşayır. Hər birinin özünəməxsus mədəniyyəti var və bu çoxçalarlı mədəniyyətlər əsrlərlə bu arealın ortam mədəniyyətini formalaşdırıb. O ərazini çox vaxt Fars imperiyasının varisi hesab edirlər. Amma əslində o ərazini əsrlər böyu Türklər idarə ediblər. Midiya dövlətini (Assur, Fars, Türk, Ərəb və s. ) nəzərə almasaq Fars İmperiyaları- Əhəmənidlər 220 il , Sasanilər 427 il , cəmi 647 il, Türklərin qurduğu və 1000 ildən cöx idarə etdiyi dövlətlər isə düz 1925 ilə qədər bu əraziləri əhatə etmişdir.

    Azərbaycanın İrana, bütünlükdə qonşularına qarşı münasibəti qonşuluq, reqional inkişaf və təhlükəsizliyə əsaslanan siyasət əsasında qurulub. Azərbaycan, gənc bir dövlət olaraq parlaq Zəfərini qazanaraq öz inkişafını Dövlət və Dövlətçilik prinsiplərinə uyğun olaraq davam etdirir. Siz təsəvvür edin ki, əyər Qarabağ məsələsi həll edilməsəydi, indi bizim vəziyyətimiz nə yerdə olardı? Naxçıvana düşən dron, reqionda, ümumən dünyadakı xaos...

    Zəfərimizin dəyərini bilək!

    ● Bəli böyük bir ərazi odun içində və böyük bir mədəniyyət məhv olur. Aleksandr Makedonskinin yandırdığı möhtəşəm Persepolisin qalıqları, 50*C istidə, səhrada 1000 illərdir təbii kondisioner sistemləri olan Yezd, Kappadokiyanın alternativi, 1000 illərdi təbii oyuqlarda evlər salan Azərbaycan türklərinin yaşadığı Kəndovan(Təbriz) kəndi və s.

    ● Müasir dövrdə Xantinqtonun mədəniyyətlərin toqquşması məvhumu elə dövlətlər arası anlamda baş verir. Şərqdə mədəniyyətin dövlətçiliyə təsiri görünmür və onu formalaşdıra bilmir. Şərq təfəkkürü Müsəlmançılığın içərisində əriyib. Düzdür bunun əsil İslama heç bir aidiyyatı yoxdur. Atatürkün Mardinə(Savur) gəlişində ondan Məscid və ya Okul tikmək dilemması qarşısında qalan insanlar içindən birisi, Okul tikdirməyi xahiş edən bir babanın nəvəsi, Nobel Mükafatı Laureatı Əziz Səncar deyir ki, Müsəlmanların bu gün dünyada inkişafdan geri qalmasının əsas səbəbi əsil Dindən, İslamdan ayrı düşmələridir. Əziz Səncar deyir ki, aldığım Nobel mükafatını Atatürk və Cümhuriyyətin qazandığına inanıram. Bu səbəbdən Nobel medalı Anıtkabirdədir.

    ● Təssüf olsun ki, Müsəlman cəmiyyətlərində Din də mədəniyyətin bir parçası ola bilmədi. Xristian dünyasıda olduğu kimi Reformalara gedə bilmədi. XVll əsrin əvvəllərində dalana dirənmiş Xristian dünyası reformalara gedərək Dini dövlətdən ayırdı. Gerçəkliyə, elmə, insan əqlinə, insan zəkasına üstünlük verərək, dini dəyərləri reallıqla uyğunlaşdıraraq onu mənəvi dəyərə cevirdi və inkişafı təmin edə bildi. Din dövlətdən ayrı olsa da, Dövlət Dinə, dini dəyərlərə hörmətlə yanaşdı və Din də öz növbəsində Dövlətə qulluq eləmiş oldu. İnkişaf etmiş ölkələrdə bütün dini fətvalar elə həmin ölkələrdə də verilir və dini xütbələr də öz dillərində oxunur. Bəzən Müsəlman dünyası Xristian ölkələrininin haqlı olaraq daha dindar olduğunu deyirlər və bu da elə bu məqamla birbaşa əlaqəlidir.

    ● Millətlərin təşəkkül tapmasında təfəkkür və ədəbiyyatın da önəmli rolu danılmazdı. Şekspir, Höte, Şiller, Kant, Hegel, Jan Jak Russo,Viktor Hüqo, Dante, Makkiaveli, Puşkin, Tolstoy və başqa yazarlar, şairlər və mütəfəkkirlər olmasaydılar ingilis, alman, fransız, italyan, rus millətləri yaranmazdı fikri öz doğruluğunu və aktuallığını daima saxlayır.

    ● Məyər Şərqdə, o cümlədən İranda Mütəfəkkir, Alim, Şair olmayıbmı? Bir Firdovsi bəs edir ki, bu millət təşəkkül tapsın. Olubsa da, amma milləti formalaşdırmağa qulluq etməyib. Edibsə də Dini təfəkkür onu üstələyərək yox edib. Bunu düşünmək və bundan nəticə çıxarmaq lazımdır. Konfutsi Fəlsəfəsinə görə hətta iki nəfərin söhbətindən də nəticə çıxarmaq lazımdır.

    ● Tarixin ən böyük simalarında olan Fars şairi Sədi Şirazidir. Sədi Şirazi həmişə sülh tərəfdarı olaraq ölkələri xarabalığa çevirən müharibələri rədd edirdi. Sədi Şirazinin bəşəriyyəti birlik, həmrəylik və humanizmə çağıran "Bəni-Adəm" (İnsan övladı) şeiri, Nyu-Yorkdakı BMT-nin mərkəzi qərargahının girişində həkk olunmuşdur. Bu misralar sülhün və insan hüquqlarının simvolu kimi qəbul edilir.

    Bir bədən üzvüdür bu bəni-adəm,
    Eyni bir cövhərdən yaranmış aləm.
    Bir üzvü dərdlərə salsa ruzigar,
    Tutmaz başqa üzvü yerində qərar.
    Özgənin dərdinə əgər qalmasan,
    Yaraşmaz adına deyilsin insan.

    Demək Qərb dünyası Şərq mədəniyyətini və o cümlədən İslam dəyərlərini daha yaxşı anladı, yararlandı və inkişaf elədi. Demək haradasa səhvlər buraxılıb...

    Nəticəsi isə göz qabağındadır. Bu gün Sədi Şirazinin Vətəni bombalanır, yerlə yeksan olunur.

    ● Bir məqam da maraqlıdır: Natanyahu və Amerikanın 47-ci Prezidenti İrandakı 47 illik rejimlə qarşı-qarşıyadır. Burada bir məntiq varmı? Bilmirəm. Amma həyat qanunauyğyluqlardan ibarətdir. Rəqəmlər də nə isə deyir. Rəqəmlər möcüzədir, mistikadır. Söz kimi. Məyər hər şey Allahın “ Ol !” deməsindən yaranmayıb? Düşünməyə dəyər...

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ