Sizin reklam burada
Sizin reklam burada
  • "Seçicilərlə birbaşa təmasda olmaq mənim üçün hər zaman çox önəmlidir"- Razi Nurullayev

    "İmişli rayonuna növbəti səfərim çərçivəsində şəhərdə və kəndlərdə seçicilərlə görüşlər keçirdim, vətəndaşların gündəlik problemlərini və narahatlıqlarını birbaşa dinlədim. Görüşlər zamanı müxtəlif təbəqələrdən olan insanlarla söhbət etdim, onların qaldırdığı məsələləri diqqətlə qeyd etdim."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, əlavə edib ki, səfər zamanı bir neçə yas məclisində iştirak etdim, ailələri ziyarət etdim, insanların dərdinə şərik oldum. Həmçinin bir sıra evlərdə oldum, vətəndaşların yaşayış şəraiti ilə yaxından tanış oldum və gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri yerində gördüm.

    Bununla yanaşı rayonun bir neçə kəndində də oldum, kənd təsərrüfatı ilə məşğul olan insanlarla görüşdüm, əkin sahələrinə və təsərrüfatlara baxış keçirdim:

    "Fermerlər əsasən suvarma suyu çatışmazlığı, texnika təminatı, məhsulun satışında çətinliklər, yanacaq və gübrə qiymətləri, eləcə də kənd yerlərində infrastruktur problemləri ilə bağlı narahatlıqlarını ifadə etdilər.

    Açıq demək lazımdır ki, İmişlidə problemlər kifayət qədər çoxdur və vətəndaşların qaldırdığı məsələlərin böyük hissəsi sosial və iqtisadi xarakter daşıyır. İnsanlar iş yerlərinin artırılmasını, kənd təsərrüfatına daha çox dəstək verilməsini, yolların, suvarma sistemlərinin və digər kommunal xidmətlərin yaxşılaşdırılmasını istəyirlər.

    Seçicilərlə birbaşa təmasda olmaq mənim üçün hər zaman çox önəmlidir. Çünki insanların problemlərini yerində görmək və onları birbaşa öz dilindən eşitmək vəziyyəti daha aydın anlamağa imkan verir. Bu səfər bir daha göstərdi ki, regionlarda mövcud problemlərin həlli üçün daha sistemli və operativ addımlar atılmasına ehtiyac var.

    Qaldırılan bütün məsələləri qeyd etdim və onların həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldıracağam. İnsanların səmimi münasibəti və ümidləri mənim üçün böyük məsuliyyətdir. Vətəndaşın yanında olmaq, onu dinləmək və problemlərinin həlli üçün çalışmaq fəaliyyətimin əsas istiqamətlərindən biri olaraq qalacaq.

    İmişli sakinlərinə göstərdikləri qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkür edirəm."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ